Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və nazirliyin əməkdaşları iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, görüşdə çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. O, fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini irəli sürüb. G.Qənbərova əlavə edib ki, kənd qadınlarının regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək məqsədilə yaradılacaq platforma kollektiv qadın aqro-bizneslərinin inkişafı üçün etibarlı alətdir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini müsbət dəyərləndirib, bu platformanın yaradılması üçün təkliflər verib. Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini, o cümlədən Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb.
Assosiasiya nümayəndələrindən Zaqatalada fəaliyyət göstərən “BƏNÖVŞƏ” Qadın Kooperativinin sədri Elmira Hacıyeva və “ÇİNAR” Qadın Kooperativinin sədri Səadət Dibirova qadın fermerlərin fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələr, icra olunan tədbirlərlə bağlı məlumat veriblər.
Görüşdə ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə fikir mübadiləsi aparılıb, qadın fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.