Taxıl zəmilərinin 30 faizi biçilib

post-img

Azərbaycanda taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 30 faizində biçin başa çatıb. Mövsümün əvvəlindən indiyə qədər 303 min 549 hektar sahədə biçin aparılıb. Zəmilərdən, ümumilikdə, 920 min 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ötən müddətdə ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin isə 9,2 faizində biçin başa çatıb. Biçin aparılmış sahələrdə arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner olub. Hazırda intensiv biçin prosesi, əsasən, Neftçala, Biləsuvar, Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Salyan, Samux rayonları ərazisində aparılır. Artıq Neftçala, Ucar, Biləsuvar və Salyanda taxıl sahələrinin 50 faizindən çoxu biçilib.  

Operativ qərargahın məlumatına görə, iyunun 20-dək biçin prosesinə 1572 kombayn cəlb olunub. Bunlardan 626-sı “Aqroservis” ASC-nin, 946-sı isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Hazırda “Aqroservis” ­ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Bütövlükdə isə, kütləvi biçin prosesi dövründə zəmilərə 1803 kombaynın buraxılacağı gözlənilir. 

Yeri gəlmişkən, may ayında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi taxıl sahələrinə xeyli ziyan vurub. Aqrar Sığorta Fondunun məlumatına görə, əlverişsiz hava şəraitinin arpa və buğda əkinlərinə vurduğu ziyanla bağlı ölkənin taxılçılıq təsərrüfatlarından quruma çoxsaylı müraciətlər daxil olub. Hazırda aqrar sığorta mütəxəsisləri həmin müraciətlər əsasında təsərrüfatlara baxış keçirir, dəymiş ziyanın həcmini müəyyənləşdirirlər. Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin  verdiyi məlumata görə, ötən ay yağmurlu havaların intensiv şəkildə davam etməsi, həmçinin temperaturun aşağı olması yabanı bitkilərin və alaq otlarının yüksək sürətlə inkişafına münbit şərait yaradır. Əlverişsiz hava şəraitinin mədəni bitkilərin, əsasən də taxılın inkişafını ləngitdiyini vurğulayan mütəxəssis deyib ki, yabanı otların –  vələmirin, pişikquyruğu kimi taxılçılığa böyük ziyan vuran alaq otlarının inkişafına səbəb olur. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün erkən yazda taxıl sahələrində alaq otlarına qarşı herbisidlərlə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir. 

Havaların əlverişsiz keçməsinə baxmayaraq, zəmilərdə məhsul boldur. Bu bolluğun təməli isə əkin mövsümündə qoyulub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də sahələrə kifayət qədər toxum səpilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin məhsulu üçün ölkə üzrə 598,3 min hektar sahədə buğda, 417,1 min hektar sahədə isə arpa əkilib. Yeri gəlmişkən, ən çox buğda bitkisi Cəlilabad (56,6 min hektar), Füzuli (32 min hektar) və Şamaxı (29,3 min hektar) rayonlarının payına düşüb. Bununla yanaşı, Hacıqabul, Şəki, İsmayıllı, Ağcabədi və Xocavənd rayonlarında da kifayət qədər səpin aparılıb. Arpa bitkisinə gəldikdə isə, bu siyahıda ilk üçlükdə  Kürdəmir (34,5 min hektar), Şəki (34,2 min hektar) və Neftçala rayonları qərarlaşıb. Biləsuvar, Ağsu, Goranboy və Qobustan rayonları üzrə də arpa əkini sahələri xeyli genişləndirilib. Bütövlükdə isə, bu il ölkə üzrə arpa sahələri 4,3 faiz artıb. 

Hazırda kənd təsərrüfatı mütəxəssisləri taxıl əkini sahələrini genişləndirməkdənsə, məhsuldarlığın artırılmasına daha çox diqqət yetirilməsinin vacibliyini önə çəkirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də çıxışlarında bu vacib məsələyə dəfələrələ toxunub. Mütəxəssislərin fikrincə, taxıl sahələrinin məhsuldarlığının artırılması üçün  subsidiyaların ayrılması, yüksək keyfiyyətli və məhsuldar toxumların gətirilməsi vacib şərtdir. Bununla yanaşı, becərilmənin yaxşılaşdırılması ilə bağlı tələb olunan zəruri tədbirlər də vaxtında görülməlidir. 

Son illər Azərbaycanda taxılçılığın inkişafına dövlət dəstəyi getdikcə artılır. Bu dəstəyin mühüm istiqamətlərindən sayılan subsidiya mexanizminin işə düşməsi taxılçılığa marağı ildən-ilə artırır. Məlum olduğu kimi, Aqrar Subsidiya Şurasının qərarına əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2024-cü il üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib. 

Yeri gəlmişkən, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair yaradılmış İşçi Qrupunun bugünlərdə 8-ci iclası keçirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sədrlik etdiyi toplantıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları agentliklərinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər. 

İclasda ərzaqlıq buğda proqramının 2022–2023 və 2023–2024 təsərrüfat ili çərçivəsində icra vəziyyəti təhlil edilib, pivot suvarma sistemləri qurmaq üçün yeni müraciət etmiş fermerlərin üzləşdikləri çətinliklər, infrastruktur (suvarma suyu və elektrik enerjisi) təminatı, 2024-cü ilin məhsulu üçün ərzaqlıq buğdanın tədarükünün təşkili və ərzaqlıq buğda proqramının icrası ilə bağlı digər məsələlərin müzakirəsi aparılıb və onların həlli istiqamətində qərarlar qəbul edilib. 

Mirbağır YAQUBZADƏ
XQ

 

İqtisadiyyat