Türk Dövlətləri Təşkilatı – coğrafiya geniş, imkanlar böyükdür

post-img

2024-cü ilin yanvar–mart ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərəbər olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk rübündə Azərbaycan Türkiyə ilə 1 milyard 469,1 milyon dollar, Türkmənistanla 96 milyon 926 min dollar, Qazaxıstanla 70 milyon 829 min dollar, Özbəkistanla 35 milyon 814 min dolar, Qırğızıstanla 23 milyon 382 min dollar, Macarıstanla isə 13 milyon dollar məbləğində idxal-ixrac əməliyyatları həyata keçirib.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min dollar, Qırğızıstana 20 milyon 815 min dollar, Türkmənistana 16 milyon 861 min dollar, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon dollar çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.

Göründüyü kimi, ölkəmizin təşkilata üzv və müşahidəçi dövlətlərlə ticarət dövriyyəsinin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz və ya 316,1 milyon dollar azalma qeydə alınıb. Buna baxmayaraq, Azərbaycanla adı çəkilən ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün potensial olduqca yüksəkdir. Son illər TDT-yə üzv ölkələr nəqliyyat, investisiya, enerji və sənaye kimi mühüm sahələrdə fəal əməkdaşlıq edirlər. Eyni zamanda, ötən müddətdə TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində bir sıra layihələr reallaşdırılıb. Bu baxımdan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən sənəd TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsinin asanlaşdırılmasına imkan yaradıb. Bununla da, təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları və yüklərin həcmi xeyli artıb.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Orta Dəhlizin praktiki əhəmiyyətinə müsbət təsir göstərməklə yanaşı, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində sözügedən marşrutla Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsi reallaşıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış sazişə əsasən 2012-ci il noyabrın 1-də yaradılıb. İlk vaxtlar təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub. 2021-ci ildən isə qurum Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə yaradılmış dövlətlərarası blokdur. Qurumun üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.

Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli inkişaf yolu keçib. Qurum 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Qeyd edək ki, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır, ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir. Hazırda bu dövlətlərdə ümumi daxili məhsulun həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.

Bir məqamı da qeyd edək ki, ötən müddətdə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında TDT-yə üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Heç şübhəsiz, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.

2024-cü il mayın 2-də Bakı şəhərində təşkil olunan Türk Dövlətləri İqtisadi Forumunda səsləndirilən fikirlər də onu deməyə əsas verir ki, son zamanlar hökumətlərlə yanaşı, vətəndaş cəmiyyəti də türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır. Tədbirlə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, forum Azərbaycanın nəinki Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi fəaliyyətinin şaxələndirilməsində maraqlı olduğunu, həmçinin bu gün ölkəmizin Şərqdən Qərbə, Cənubdan Şimala istiqamətlənən logistik imkanlarının artırdığını, Türk dünyası məkanının nəqliyyat təhlükəsizliyinin daha da dayanıqlılığını bir daha nümayiş etdirdi.

 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat