Dünya Bankının Azərbaycan nikbinliyi

post-img

ÜDM-in cari artımı 7,5 faiz proqnozlaşdırılır

Azərbaycanın uğurla əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumları sırasında Dünya Bankı (DB) xüsusi yer tutur. Respublikamızda bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələri daim yüksək qiymətləndirilir. Bu gün ölkəmizin DB ilə əlaqələrində özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, bərpaolunan enerji və digər sahələrdə əlaqələrin getdikcə möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilməsi daha qabarıq nəzərə çarpır. 

Respublikamızda gerçəkləşdirilən iqtisadi strategiyanın, eləcə də DB ilə əməkdaşlıqda xüsusi önəm verilən layihələrin uğurlu nəticələri qurumun proqnozlarında, hesabatlarında daim yer alır. Xüsusilə bankın hesabatların­da respublikamızın vergi və gömrük strukturlarında mühüm yeniliklərə imza atılması, reallaşdırılan islahatlarda əsas məqsədin sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının geniş­ləndirilməsi, leqallaşma, rəqəmsallaş­ma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması kimi məsələlər yüksək qiymətləndirilir. 

DB-nin Avropa və Mərkəzi Asiya iq­tisadiyyatlarına dair açıqladığı aprel he­sabatında da bu barədə ətraflı bəhs edi­lib. Sənəddə Azərbaycanın ortamüddətli perspektivdə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 7,5 faizi həcmində proqnozlaşdırıldığı, buna isə əlverişli enerji qiymətlərinin təsiri, eyni zamanda idxal artımının sabitləşdirilməsi ilə nail olunduğu bildirilib. Bankın keçən ilin ok­tyabr ayı proqnozunda həmin rəqəmin 2024-cü ildə ÜDM-in 13,5 faiz, 2025-ci ildə isə ÜDM-in 13 faiz səviyyəsində təş­kil edəcəyi vurğulanıb.

Sözügedən hesabatda bildirilib ki, ölkəmizin güclü xarici mövqeyi Azərbay­can Mərkəzi Bankına valyuta ehtiyatları toplamağa imkan verib, bu, 2023-cü ildə 29 faiz artaraq11 milyard ABŞ dolları təş­kil edib. Hesabat dövründə respublika­mızın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329 milyon ABŞ dollarına yüksəlib və ya ÜDM-in 11,5 faizinə çatıb. 

DB-nin hesabatında ölkəmizin 2027-ci ilə qədər inflyasiya proqnozu da yer alıb. Belə ki, maliyyə qurumu Azərbay­canda 2024-cü ildə illik inflyasiyanı 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 4 faiz təşkil edəcəyini proqnozlaşdırıb. Bunun­la yanaşı, bank ölkəmizdə iqtisadi artım gözləntilərini də diqqətə çatdırıb, bunu 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində proqnoz­laşdırıb.

Yeri gəlmişkən, xatırladaq ki, DB-nin hesabatına əsasən, qeyri-enerji sekto­runda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə, tikinti sektorunun aktiv şəkildə genişlən­dirilməsi ilə bağlıdır. Buna da dövlət sek­torunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır.

Dünya Bankı tərəfindən ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4 faiz civarında olacağı, lakin struktur isla­hatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürət­lənə biləcəyi də proqnozlaşdırılır. Eyni za­manda 2024–2026-cı illərdə kənd təsər­rüfatında 3 faiz (2023-cü ildəki 3,2 faizlik artıma qarşı), sənayedə 0,2 faiz (2023-cü ildəki 0,9 faiz azalmaya qarşı), xidmət sektorunda 2024–2025-ci illərdə 5,3 faiz, 2026-cı ildə 5,2 faiz (2023-cü ildəki 3,8 faiz artıma qarşı) artım gözlənilir.

Ekspertlər bildirirlər ki, indiyədək ÜDM istehsalında yüksək göstəricilərin əldə edilməsini şərtləndirən mühüm amillər sırasında iqtisadiyyatın şaxələndirilməsi mühüm rol oynayıb. Bu istiqamətdə hə­yata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, 2010-cu ildə respublikamızın qey­ri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal edildiyi halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın indiki həssas döv­ründə qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ildə 7 faiz artıb. 

Ardıcıl və sistemli surətdə gerçəkləş­dirilən sənayenin inkişafına dair Dövlət Proqramının uğurlu icrası da qeyri-neft sektorunun şaxələndirməsini sürətləndi­rib. Adıçəkilən önəmli sənəd ənənəvi sə­naye sahələri ilə yanaşı, ölkə iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqa­yırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturu­na malik sənaye zonalarının inkişafına müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycanın ixrac qabiliyyəti davamlı şəkildə güclənib, idxalı əvəz edən məh­sulların istehsalının artımı reallaşıb. 

İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına, habelə ixracına yönələn yeni sənaye və iqtisadi zonaların yaradılması istiqamə­tində həyata keçirilən uğurlu layihələr də ÜDM istehsalının artmasında önəmli rol oynayır. 

Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübə­sindən səmərəli yararlanmaq da böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisa­di sabitlik, investorların hüquqlarının eti­barlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır. 

Azərbaycanın sözügedən beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığında xü­susi önəm verildiyi məsələlərdən biri də iqtisadiyyatın rəqəmsallaşması ilə bağ­lı layihələrin uğurla reallaşdırılmasıdır. Rəqəmsallaşma respublikamızın investi­siya cəlbediciliyinə mühüm təsir göstərən amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzin­də saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödə­niş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılması­na böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.

Xatırladaq ki, DB Azərbaycanla apar­dığı dənizdə külək enerjisinin istehsalına dair Yol Xəritəsi, ölkəmizdə elektrik ener­jisi bazarının inkişafı, enerji səmərəliliyi, uzun müddətli enerji və iqlimlə bağlı plan­ları, həmçinin yeni əməkdaşlıq imkanla­rına dair müzakirələrdə fəal iştirak edir. Bütün bu istiqamətlərin dekarbonizasiya prosesini əhatə etdiyi və ölkənin 2050-ci ilədək karbon emissiyalarının 40 faizə­dək azaldılmasının hədəflədiyi vurğulanır. Eyni zamanda DB-nin həyata keçirilən və planlaşdırılan bərpaolunan enerji la­yihələrinin respublikamızın qlobal enerji keçidi prosesinə milli səviyyədə töhfəsini gerçəkləşdirir. 

Azərbaycanın bərpaolunan ener­ji layihələrinin icrası DB Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən də daim dəstəklənib. Energe­tika Nazirliyi ilə bu korporasiya arasında respublikamızda dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlı­ğa dair 2021-ci il aprelin 14-də Anlaş­ma Memorandumu imzalanıb. Sənəddə ölkəmizdə bərpaolunan enerji mənbələ­rindən istifadənin təşviqi, həmçinin ener­getika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlərin reallaşdırılması nəzərdə tutulub. 

Memoranduma əsasən, IFC ilə əmək­daşlıq Azərbaycanda dənizdə külək enerji­si potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəf­daşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər önə çəkilir. 

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çər­çivəsində yerinə yetirilir. Bu proqram DB Qrupunun təşəbbüsü olan “Enerji Sekto­runun İdarə edilməsində Yardım Proqra­mı”–ESMAP çərçivəsində maliyyələşdiri­lir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat