Bakı–Supsa kəməri: Xəzərdən Qara dənizə “qara qızıl” axını

post-img

Qərb ixrac marşrutunun istismara verilməsindən 25 il ötür

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsas istiqamətlərindən biri də xam neftin dünya bazarına çıxarılması üçün alternativ ixrac sisteminin yaradılmasından ibarət idi. Hələ 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalanarkən Ulu öndər böyük uzaqgörənliklə Azərbaycan neftinin şaxələndirilmiş boru kəmərləri ilə nəqli ideyasını irəli sürmüş və bu təklif müqavilə işrtirakçıları tərəfindən də razılıqla qarşılanmışdı. 

Nəhayət, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbər ko­mitəsi dövlətimizin başçısının bu sahə­də irəli sürdüyü təklifləri nəzərə alaraq 1995-ci il oktyabrın 9-da ilkin neftin ixracı üçün Rusiya ərazisindən Novorossiysk və Gürcüstan ərazisi ilə Supsa limanla­rına iki neft kəmərinin tikilməsi haqqında qərar qəbul edib. Bununla da, sözügedən kəmərlərin çəkilişi ilə bağlı danışıqlar in­tensivləşib. 

1996-cı ilin martın 8-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında il­kin neftin Gürcüstan ərazisindən nəql olunmasına dair hökumətlərarası sa­ziş imzalanıb. Həmin ilin dekabr ayın­da ABƏŞ Bakı–Supsa (Qərb ixrac boru kəməri) kəmərinin inşası üçün müsabiqə elan edib. ABŞ, İtaliya, Avstraliya, Tür­kiyə, Fransa, Böyük Britaniya, Azərbay­can və digər ölkələrin şirkətlərindən daxil olan təklifləri öyrənən ABƏŞ 1997-ci ilin aprelində Bakı–Supsa boru kəmərinin Azərbaycan hissəsini “Tekfen-Azfen” Azərbaycan–Türkiyə birgə müəssisəsinə, Gürcüstan hissəsini isə Avstraliyanın “Makkonnell Douell midl ist” şirkətinə hə­valə edib. Layihəyəyə əsasən, Azərbay­can ərazisində – Səngəçal terminalından Gürcüstan sərhədinədək 421 kilometr uzunluğunda mövcud boru kəməri bərpa olunmalı və 47 kilometr uzunluğunda yeni xətt çəkilməli idi. Gürcüstan ərazisində isə 340 kilometr uzunluğunda boru kəmə­rinin bərpası, 39 kilometr məsafədə isə yeni hissəsinin çəkilişi nəzərdə tutulurdu. 

1998-ci ilin martında başlanan tikinti işləri qrafik əsasında davam etsə də, pod­ratçı şirkətlər tərəfindən kəmərin mövcud hissəsində həyata keçirilən sınaq işləri zamanı vaxtilə çəkilmiş boruların təzyiqə davam gətirmədiyi üzə çıxıb. Buna görə də layihədə edilmiş düzəlişlərə əsasən, əlavə boru xətti çəkilib. Beləliklə, tikinti iş­ləri tamamlandıqdan sonra dekabrın 10-da Bakı–Supsa kəmərinin xam neftlə dol­durulmasına başlanılıb. 1999-cu il martın 11-də neft Qara dəniz sahilində inşa olunmuş Supsa terminalına çatıb. Aprelin 8-də isə Supsa limanında ilk neftin taker­lərə yükənməsinə başlanılıb. Bu münasi­bətlə aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibi­nin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və terminalın rəsmi açılış mərasimi keçirilib. 

Xəzərin Azərbaycan sektorunda ha­sil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirən Bakı–Supsa boru kəməri Səngəçal ter­minalından başlayaraq Gürcüstan sahi­lindəki Supsa terminalına qədər uzanır. Uzunluğu 833 kilometr olan “qara qızıl” marşrutunun 772 kilometrlik hissəsi 530 millimetrlik yeni polad borularla çəkilib, qalan 55 kilometrlik hissəsi isə əsaslı tə­mir edilib. Boru kəməri obyektlərinə 3-ü Azərbaycanda və 3-ü Gürcüstanda ol­maqla 6 nasos stansiyası, 2 təzyiqazalt­ma stansiyası (hər ikisi Gürcüstanda), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. Layihə çərçivəsində, həmçinin Supsada ümumi həcmi 1 milyon barel olan 4 iri neft çəni inşa olunub. Kəmərin illik nəqletmə gücü isə 5,1 milyon ton təş­kil edir. 

İlk vaxtlarda bu kəmərlə Xəzər də­nizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından çıxarılan neft Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına nəql olunub. Xam neft buradan tankerlərə yüklənərək Bosfor boğazından keçmək­lə Avropa bazarlarına yola salınıb. Son illər isə Bakı–Supsa boru kəmərinin fəa­liyyətində ən məhsuldar dövr 2021-ci ilə təsadüf edib. Belə ki, həmin il kəmərlə 4,2 milyon ton neft nəql olunub. 2022-ci ilin may ayında isə Rusiya–Ukrayna mühari­bəsi səbəbindən fəaliyyəti dayandırılmış bu kəmərlə ay ərzində nəql olunan, təqri­bən, 3 milyon barel xam neft Bakı–Tbili­si–Ceyhan boru kəmərinə yönəldilib. 

Bakı–Supsa neft kəməri Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi həyatın­da mühüm rol oynayıb. Belə ki, regionda investisiya qoyuluşunun artmasında, so­sial rifahın yüksəlməsində və siyasi sabit­liyin təmin olunmasında Qərb ixrac mar­şrutu xüsusi əhəmiyyət daşıyıb. Kəmərin inşasında iştirak edən 4 min nəfərdən artıq işçinin 70 faizi Azərbaycan və Gür­cüstan vətəndaşları olub. Eyni zamanda Şimal marşrutu ilə müqayisədə daşınma tariflərinin xeyli aşağı olması Qərb boru kəmərinin rəqabət qabiliyyətini xeyli artı­rıb. Bu baxımdan neft ixracında sözüge­dən kəmərdən istifadə edilməsi həm xarici şirkətlər, həm də Azərbaycan üçün iqtisa­di baxımdan sərfəli olub. Mütəxəssislərin hesablamalarına görə, neftin Qərb boru kəməri ilə ixrac edilməsi o zamankı qiy­mətlərlə Azərbaycana ildə 70-100 milyon dollar qənaət etməyə imkan yaradıb. 

Azərbaycanın neftinin Qərb istiqamə­tinə nəqlini həyata keçirən Bakı–Supsa kəmərinin işində müəyyən fasilələr yaran­sa da, sözügedən ixrac marşrutu bu gün də öz aktaullığını qoruyub saxlayır. Hazır­da ölkəmiz Bakı–Supsa kəməri ilə neft ix­rac etmir. Bununla belə, kəmərin fəaliyyəti tam dondurulmayıb. Neft nəqli üçün tam hazır vəziyyətdə olan bu kəmərdən istə­nilən vaxt istifadə edilə bilər. Elə ötən ilin fevralında 10 aylıq fasilədən sonra kəmə­rin fəaliyyətinin qısa müddətə bərpa edil­məsi də bunu təsdiq edir. Belə ki, fevralın 6-da qardaş Türkiyə Respublikasının əra­zisində baş vermiş zəlzələ səbəbindən bu ölkənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı müvəqqəti olaraq bağlandığın­dan “Azəri-Çıraq-Günəşli” yataqlar blo­kundan çıxarılan neft Qərb ixrac marşrutu ilə Supsa terminalına nəql olunub. Həmin vaxt Supsa limanından Azərbaycan nefti yüklənmiş bir neçə tanker dünya bazarına göndərilib. Yeri gəlmişkən, dəniz qonşu­muz, ölkəmizlə tranzit neft ixracı sahəsin­də fəal əməkdaşlıq edən Qazaxıstan adı çəkilən kəmərlə ildə 3 milyon tonadək neft nəql etməyi planlaşdırır. 

Göründüyü kimi, karbohidrogen eh­tiyatlarının dünya bazarına çıxarılması üçün şaxələndirilmiş boru kəmərləri sis­teminin yaradılması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, bu amil müxtəlif səbəblərdən neft və qazın ixracında baş verə biləcək dayan­maların qarşısını almağa imkan yaradır. Məhz bunun nəticəsidir ki, 1998-ci ilin əvvəllərindən etibarən “Əsrin müqaviləsi” çərçivəsində başlanan neft ixracında ötən müddətdə, bir gün də olsun, fasilə yaran­mayıb. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat