BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin operatoru olan BP şirkəti aprelin 16-da “Yeni əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından neft hasilatına başlandığını elan edib. İlk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə olunub.
Xatırladaq ki, ACE platforması Xəzər dənizində nəhəng AÇG yataqlar blokunda quraşdırılmış sayca 7-ci neft hasilatı obyektidir. ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır. Xam neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə, təxminən, 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.
Bu il platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da, ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
XQ