Hazırda 800 mindən çox insan özəl bölmədə fəaliyyət göstərir
Son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev mediaya müsahibəsində bu ilin ilk rübü ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 1065 layihə üçün 43,1 milyon manat güzəştli kredit ayrıldığını bildirib. O, fondun fəaliyyətində özəl bölmə subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də qarşılıqlı inam mühitinin yaradılmasının əsas məqsəd olduğunu vurğulayıb. O.Xaliyev, eyni zamanda, hazırda SİF-in respublikada fəaliyyət göstərən 21 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanması üçün əməkdaşlıq etdiyini də xatırladıb.
SİF İdarə Heyətinin sədri müsahibəsində, həmçinin sahibkarlığın dəstəklənməsinə xidmət edən maliyyə mexanizmlərinin icrasında sözügedən fond və özəl sektor arasında əməkdaşlığın xüsusi yer tutduğunu, qurumun güzəştli kredit, zəmanət və subsidiya, avadanlıq krediti kimi dəstək mexanizmlərinin müvəkkil kredit təşkilatları vasitəsilə icra olunduğunu deyib.
“Güzəştli kreditlərin hər biri 2024-cü il üzrə müəyyənləşdirilən prioritet istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvafiq layihələrinə verilib. Layihələr əvvəlcə müvəkkil kredit təşkilatları, daha sonra isə fond tərəfindən təhlil olunub.
Bu maliyyə qurumu tərəfindən vəsaitin ayrılmasına qərar imzalandığı zaman layihənin ölkə iqtisadiyyatına verəcəyi töhfə, o cümlədən, iqtisadi artıma təsiri nəzərə alınıb. SİF kredit təşkilatlarından əlavə müxtəlif assosiasiyalarla, sahibkar klubları ilə əməkdaşlıq edib, həmin təşkilatların üzvləri ilə mütəmadi görüşlər keçirib”, – deyə O.Xaliyev əlavə edib.
Xatırladaq ki, ötən il SİF tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 43,1 milyon manat dəyərində güzəştli kredit ayrılıb.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ölkədə özəl bölmənin inkişafı təkcə sahibkarlığın kreditləşməsinin diqqət mərkəzində saxlanılması ilə məhdudlaşmır. Bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq hallarının aradan qaldırılması, özəl bölmə subyektlərində dövlət qurumları tərəfindən qanunsuz yoxlamalar aparılması və çoxsaylı əsassız lisenziyaların verilməsi kimi neqativ hallara qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılır, dövlət qurumlarının, həmçinin ayrı-ayrı nazirliklərin fəaliyyətlərində bu problemlərin həllinə xüsusi əhəmiyyət verilir.
Sahibkarlığın inkişafından bəhs edərkən bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə də danışmaq yerinə düşər. Yeri gəlmişkən, ekspertlər tərəfindən inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizədə Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı qeyd edilir. “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi bildirilir.
Ümumiyyətlə, istər Rəqabət Məcəlləsində, istərsə də adıçəkilən Milli Fəaliyyət Proqramı ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.
Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı məsələsinə gəldikdə isə ekspertlərin fikirlərinə əsaslanaraq qeyd edək ki, bu, vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu, həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını artırır.
Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.
Respublikada reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Dövlət-sahibkar münasibətlərinin uğurla gerçəkləşdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi davam etdirilir. Bunlarla bərabər, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində gerçəkləşdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı hazırda 86,5 faiz, məşğulluqda isə 78 faiz təşkil edir.
Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 759 mindən çoxdur.
Vaqif BAYRAMOV
XQ