Aqrar sığorta kəndlini itkilərdən qoruyur

post-img

Ötən il ölkəmizdə 380 min 476 hektar əkin sahəsi sığortalanıb ki, bu da əvvəlki ilə nisbətən 43 faiz çoxdur. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb. Fondun 2023-cü ilin yekunları ilə bağlı hesabatına əsasən, il ərzində fermer və təsərrüfatlarla 43 min sığorta müqaviləsi imzalanıb. Sığorta müqavilələrinin hesabına 12,4 milyon manat sığorta haqqı toplanılıb. Bu isə 2022-ci illə müqayisədə 40 faiz artım deməkdir. Fondun bitkiçilik üzrə verdiyi sığorta təminatının dəyəri isə 506 milyon manata yüksəlib. Ötən il ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı olub.

Fondun məlumatına əsasən, 2023-cü ildə bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Ağdam, Şəki və Qobustan olub. İl ərzində buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə sığorta ödənişlərinin məbləği üs­tünlük təşkil edib. Ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr isə fırtına-qasırğa, sel-subasma, dolu, 3-cü şəxslərin hərəkətləri və yanğın olub.

Məlum olduğu kimi, Aqrar Sığor­ta Fondu əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da sığortasını həyata keçirir. Belə ki, aqrar sığorta va­sitəsilə südlük və ətlik inək-camışları, qo­yun və keçi təsərrüfatlarını çoxsaylı risk­lərdən qorumaq mümkündür. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir. 2023-cü ildə Aqrar Sığorta Fondu ölkə üzrə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuz­lu olmaqla, ümumilikdə, 7800 baş kənd təsərrüfatı heyvanını sığortalayıb. Bunun da hesabına 3,9 milyon manat sığorta haqqı yığılıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği isə 36 milyon manat təşkil edib. 

Bütövlükdə, ötən il fondun sığorta ödənişləri 2022-ci illə müqayisədə 80 faiz artaraq 4,4 milyon manata çatıb. Bunun 3,5 milyon manatı bitkiçiliyin, 910 min manatı isə heyvandarlığın payına düşüb. Beləliklə, əvvəlki ilə müqayisədə bitkiçilik və heyvandarlıq üzrə ödənişlər müvafiq olaraq 2 dəfə və 28 faiz artıb.

Bu ildən isə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb. Belə ki, Aqrar Sığorta Fon­du İdarə Heyətinin qəbul etdiyi yeni qə­rara əsasən, heyvanların baza və geniş təminatlı sığorta zərfi üzrə birillik sığorta tarifləri müvafiq olaraq 5,17 faiz və 8,19 faiz müəyyən edilib. Xatırladaq ki, indiyə­dək bu tariflər müvafiq olaraq 6,1 faizvə 9,5 faiz həddində olub.

Ekspertlərin fikrincə, tariflərin aşağı salınması fermer və təsərrüfatlara hey­vanları daha sərfəli şərtlərlə sığortala­mağa imkan verəcək. Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə illik sı­ğortası 30,5–47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26–41 manata başa gələcək. Qiyməti 300 manat olan xırda­buynuzlu heyvanların baza zərfi və geniş təminat üzrə illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8–12,3 manata enib. Eyni zamanda, sığorta müqaviləsi uzun müddətə bağlandıqda illik sığorta haqqı daha da azalır. Görün­düyü kimi, kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır. 

Qeyd edək ki, aqrar sığorta vasitə­silə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələ­rin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fır­tına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldur­luq hallarından sığorta edilir. Artıq ölkə fermerləri heyvanların aqrar sığortasın­dan da faydalana bilirlər. 

Gələcəkdə isə ölkədə quşçuluq təsərrüfatlarının sığortalanmasına baş­lanması nəzərdə tutulur. Hazırda qardaş Türkiyənin, eləcə də Avropa ölkələrinin bu sahədəki qabaqcıl təcrübəsi öyrənilir. Təsadüfi deyil ki, Aqrar Sığorta Fondu və “Azərbaycan Quş Əti, Yumurta İstehsalçı­ları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi arasında keçirilmiş görüşdə də bu məsələ geniş müzakirə olunub. 50-dən artıq quşçuluq təsərrüfatı və müəssisələ­rini özündə birləşdirən “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçı­ları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, hazırda quş­çuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Onun sözlərinə görə, ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə, ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir ki, bunun da bir hissəsi xarici ölkələrə ixrac olunur. Tək­cə onu qeyd etmək kifayətdir ki, ötən il Azərbaycandan xaricə 60 milyon ədəd yumurta ixrac olunub ki, bunun da əksər hissəsi Rusiya və Birləşmiş Ərəb Əmir­liklərinə göndərilib. Bununla yanaşı, bir sıra Avropa ölkələri ilə də yumurta ixracı ilə bağlı razılaşmalar mövcuddur. 2024-cü ildə isə yumurta ixracının 100 milyona çatacağı gözlənilir.

Yeri gəlmişkən, Azərbaycanda aq­rar sığortanın tətbiqi Prezident İlham Əliyevin “Aqrar Sığorta Fondunun yara­dılması barədə” 19 avqust 2019-cu il ta­rixli Fərmanı və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sı­ğortanın hüquqi, iqtisadi və təşkilati əsas­larını müəyyən edir. 

Dövlət başçısının imzaladığı məlum fərmana əsasən, ölkəmizdə aqrar sığor­ta sisteminin təşkilini, inkişafını və daya­nıqlılığını, eləcə də idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs yaradılıb. Aqrar sığorta mexanizmi­nin tətbiqinin əsas məqsədi isə təsərrüfat sahiblərini və fermerləri gözlənilməz tə­biət hadisələrindən müdafiə etmək üçün işlək bir mexanizmin yaradılmasından ibarətdir. 

Göründüyü kimi, Azərbaycanda aqrar sığorta mexanizmi tamamilə yeni sahə olsa da, onun tətbiqi kənd təsərrüfatına bir dinamizm, inkişaf gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hə­yata keçirilən iqtisadi islahatların tərkib hissəsi olan aqrar sığorta ötən müddət­də özünü fermerlərin və fərdi təsərrüfat sahiblərinin əsl dayağı, himayədarı kimi təqdim etməyi bacarıb. Bütövlükdə isə, bu mexanizmin işə düşməsi ötən müd­dətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat