2023-cü ildə ölkəmizin bank sektorunun mənfəəti 35 faiz artıb
Azərbaycan Mərkəzi Bankı (AMB) mühüm makroiqtisadi siyasət institutu kimi 30 ildən artıq bir fəaliyyəti dövründə müxtəlif iqtisadi sınaqlardan uğurla çıxıb. AMB ölkədə makroiqtisadi və maliyyə sabitliyini qorumaqla maliyyə sisteminin dayanıqlı inkişafını gerçəkləşdirib, müsbət nəticələrlə müşahidə edilən pul siyasəti həyata keçirib. Bununla da respublikamızda makroiqtisadi sabitlik göstəricilərinin yaxşılaşmasına və iqtisadi artımın davamlı olmasına önəmli töhfələr verib. Eyni zamanda, inflyasiyanın hədəf intervalında saxlanılmasına daim diqqət yetirib.
Məhz bu siyasətin nəticəsidir ki, 2023-cü ildə illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək 25 aylıq fasilədən sonra azalıb. Başqa sözlə, valyuta bazarında tarazlığın qorunması, manatın məzənnəsinin möhkəmlənməsi, pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər sayəsində inflyasiya təzyiqləri zəifləyib.
2024-cü ildə də AMB pul siyasətini ölkədə qiymət sabitliyinin təmin olunmasına, yəni inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılmasına yönəltməyi qarşıya mühüm vəzifə kimi qoyub. Sözügedən maliyyə qurumu bu zaman inflyasiyanın “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə elan edilən hədəf intervalında saxlanılmasını nəzərdə tutub. Bununla yanaşı, AMB respublikada qiymət sabitliyini dəstəkləməklə iqtisadiyyatın dayanıqlı artımını şərtləndirməyi də prioritet istiqamətlərdən biri kimi seçib.
Qeyd edək ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsaslanaraq, Nazirlər Kabineti tərəfindən inflyasiya və qiymətlərə daimi nəzarət mexanizmlərinin yaradılmasına başlanılıb. “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” (15 iyul 2023-cü il) sərəncamla inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə geniş tərkibdə İşçi qrup yaradılıb. İşçi qrupun ötən il dekabrın 14-də keçirilən dördüncü iclasında “Qiymət izləmə tətbiqinin əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi” qəbul edilib.
Qiymət izləmə tətbiqi sisteminin yaradılması idxal, topdansatış, pərakəndə, sahə və digər qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə imkan verəcək, müvafiq dövlət qurumlarına vaxtında və çevik müdaxilələr etməyə şərait yaradacaq, inflyasiyanın tənzimlənməsində qurumlararası məlumat mübadiləsini, habelə koordinasiyanı gücləndirəcək, məlumatlar əsasında potensial qiymət dəyişikliyi üzrə proqnozlar hazırlanacaq.
Hesabat ilində mürəkkəb qlobal iqtisadi mühitin ölkə iqtisadiyyatına təsirləri çoxtərəfli olub. Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri 2022-ci illə müqayisədə bir qədər azalsa da, əlverişli olaraq qalıb. Bu da respublikanın tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib.
Yeri gəlmişkən, son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. Bunun nəticəsidir ki, təkcə bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixracı 222 milyon dollar təşkil edib. Bu müddətdə yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 152 milyon dollara bərabər olub.
Son illərdə mürəkkəb qlobal iqtisadi mühitin ölkə iqtisadiyyatına təsirlərinə baxmayaraq respublikada bir sıra mühüm uğurlar qazanılıb. Məsələn, Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri əlverişli olaraq qalıb. Bu da ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi fəallığa müsbət təsir göstərib. Hesabat dövründə tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında profisitlik qorunub. Xarici ticarət balansı əsasında olan ixrac ötən il 29,2 milyard dollar, idxal isə 16,4 milyard dollar təşkil edib.
Xatırladaq ki, hesabat ilində 29,2 milyard dollarlıq ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb. İxracın strukturunda əsas yer tutan xam neft 16,8 milyard dollar təşkil edib. Təbii qaz 8,4 milyard dollar, neft məhsulları isə 0,7 milyard dollar olub.
Yeri gəlmişkən, 2023-cü il ərzində AMB-nin pul siyasəti inflyasiyanın hədəf intervalına qaytarılmasına yönəlib. Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və qiymət sabitliyi üzrə risklər balansı nəzərə alınmaqla tətbiq edilib. Başqa sözlə, hesabat dövründə pul siyasətinin inflyasiyaya təsir imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib.
Qeyd olunduğu kimi, Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin sonunda 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşıb. 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8 faiz olub. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3 faiz olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib.
Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə cari ildə də zəruri tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
AMB-nin pul siyasətini uğurla həyata keçirməsi, eyni zamanda ölkədə investisiya qoyuluşuna da müsbət təsir göstərib. Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirovun mediaya bildirdiyinə əsasən, ötən il Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard dollar təşkil edib. Ölkədən birbaşa investisiyaların məbləğinə görə, ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (312 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) qərarlaşıb.
Ötən il ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar isə 6,7 milyard dollar səviyyəsinə yüksəlib. S.Nəsirovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında birbaşa investisiyaların həcminə görə, liderlik edən ölkələr sırasında Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar) ilk beşlikdə qərarlaşıb.
Sonda bir məqamı da xatırlatmaq istərdik. Bu, AMB iqlim maliyyəsi üzrə standartlar hazırlaması ilə bağlıdır. Belə ki, AMB aidiyyəti dövlət qurumları ilə birgə iqlim maliyyəsi üzrə minimum standartların (taksanomiya) hazırlanması üzrə iş aparır. AMB sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib ki, taksanomiya dayanıqlı və “yaşıl maliyyə”nin inkişafı üçün vacib şərtlərdən biridir. Taksanomiyada digər iqtisadi sektorlarla yanaşı, kənd təsərüffatı üzrə dayanıqlı və “yaşıl fəaliyyət”lər müəyyən ediləcək. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri ilə yaxın əməkdaşlığa ehtiyac var.
Ümumilikdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı iqlim dəyişmələrindən ən çox təsirlənən sektorlardan biridir. Temperator artımı fonunda su ehtiyyatlarının azalması iqlim dəyişikliyinə dözümlü, dayanıqlı kənd təsərrüfatının yaradılmasını zəruri edir. Bu baxımdan taksanomiyada “ağıllı suvarma” sistemlərinin tətbiqi, iqlim dəyişikliyinə dözümlü məhsul toxumlarının inkişaf etdirilməsi və bu qəbildən olan digər kənd təsrüffatı fəaliyyətləri dayanıqlı və “yaşıl fəaliyyət” növləri kimi təsnifləşdiriləcək.
Vaqif BAYRAMOV
XQ