Laçın rayonu ərazisindən axan Həkəri çayı üzərində tikiləcək “Həkəriçay” su anbarının texniki-iqtisadi əsaslandırılması və layihə-smeta sənədləri hazırlanıb.
Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri Çingiz Abbasovun bu barədə verdiyi məlumatda bildirilir ki, su anbarının həcmi, bəndin hündürlüyü, topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq bəndin Həkəri çay çayı üzərində Laçın rayon mərkəzindən 6 kilometr şimal-qərbində yerləşməsi planlaşdırılıb.
Ç.Abbasovun sözlərinə görə, ümumi su tutumu 100 milyon kubmetr olacaq su anbarı vasitəsilə işğaldan azad olunmuş Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının əraziləri də daxil olmaqla, Bakı şəhəri ilə birlikdə 1,8 milyon nəfərin yüksək keyfiyyətə malik içməli su ilə təmin edilməsi nəzərdə tutulub. “Həkəriçay” su anbarından çıxan magistral boru kəməri üzərində ümumi gücü 19,15 MVt olan 3 ədəd su elektrik stansiyasının tikilməsi də planlaşdırılıb.
Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Bu çay tam olaraq ölkəmizdə formalaşır. Axımı əsasən bulaq sularından ibarətdir.
XQ