Rumıniya Azərbaycanın Avropa məkanında fəal əməkdaşlıq etdiyi ölkələrdəndir. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Rumıniya olub. İki ölkə arasında diplomatik əlaqələrin əsası isə 1992-ci il iyunun 19-da qoyulub.
Ötən müddətdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunun da nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hazırda Azərbaycan və Rumıniya enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə və mədəniyyət sahələrində uğurla əməkdaşlıq edirlər.
Avropa İttifaqının strateji tərəfdaşı olan Azərbaycan Rumıniyanın Cənubi Qafqaz regionunda mühüm enerji müttəfiqidir. 2022-ci il dekabrın 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair imzalanmış saziş bu baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün baza rolunu oynayan bu mühüm sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdırmaqla yanaşı, təmiz enerjiyə keçidin sürətləndirilməsi üçün də əlverişli imkan yaradır.
Ölkələrimiz arasında iqtisadi münasibətlərin dərinləşməsi ticarət əlaqələrinin də getdikcə genişləndirilməsi üçün əlverişli imkan yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ildə Azərbaycanın dost Rumıniya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatıb. Ticarət dövriyyəsinin böyük hissəsini – 605 milyon ABŞ dollarını Azərbaycandan Rumıniyaya ixrac təşkil edib.
İki ölkə investisiya sahəsində də fəal əməkdaşlıq edir. İndiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb. Bu baxımdan SOCAR-ın Rumıniyadakı fəaliyyəti, bu ölkənin yanacaq bazarında tutduğu əhəmiyyətli yer diqqəti daha çox cəlb edir. Yeri gəlmişkən, SOCAR və Romqaz arasında imzalanmış müqaviləyə əsasən, 2023-cü il yanvarın 1-dən Azərbaycan qazı Rumıniya bazarına çatdırılır.
Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanın ölkəmizə səfəri, eləcə də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, iqtisadi sahədə, xüsusən də enerji sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.
Aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin önəmini vurğulayaraq ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, tədbirin gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd edib. Söhbət zamanı, həmçinin energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycan təbii qazının və Qara Dəniz vasitəsilə “yaşıl enerji”nin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb.
Müştərək Komissiyanın aprelin 1-də keçirilmiş 8-ci iclasında 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaratdığı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. İclasda enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Tədbir zamanı Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolu ilə yanaşı, baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.
Komissiyanın iclasından sonra media nümayəndələri üçün keçirilən brifinqdə komissiyanın azərbaycanlı həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja iclasın yekunları barədə məlumat veriblər. Onlar ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün davamlı işlər aparıldığını, imzalanan yeni sənədlərin də bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağına əminlik ifadə ediblər. Nazir Sahil Babayev bildirib ki, iki ölkə arasında energetika, nəqliyyat sektoru, kənd təsərrüfatı və ticarət sahəsində, səhiyyə sahəsində, özəl sektorun inkişafı, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar mövcuddur. Brifinqdə, həmçinin Azərbaycanla Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunları barədə məlumat verilib.
Yeri gəlmişkən, Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarı Pərviz Şahbazov ilə də görüşüb. Hökumətlərarası Komissiya çərçivəsində baş tutan görüşdə Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlıq əsasında münasibətləri inkişaf etdirən dost ölkələr olduğu vurğulanıb. Görüşdə əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində strateji əhəmiyyətli enerji layihələrinin rolundan bəhs olunub. Eyni zamanda “Xəzər – Qara dəniz – Avropa” yaşıl enerji dəhlizi, “Qara dəniz LNG” layihəsi, “Həmrəylik Halqası”, SOCAR və “Romgaz S.A.” arasında qaz tədarükü, həmçinin, “Transgaz” ilə qaz nəqli üzrə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair müzakirələr aparılıb. Neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.
Söhbət zamanı enerji məsələlərinin tənzimlənməsi sahəsində hər iki ölkənin müvafiq qurumları arasında intensiv əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi razılaşdırılıb.
Mirbağır YAQUBZADƏ
XQ