VI MƏQALƏ
Nizamı qaranlıq düşməmişdən yaratmaq lazımdır.
Lao Szı
Məlum olduğu kimi, yeni tarixi mərhələdə milli ideyanın nəzəri bazasını tarixi ədalətin bərpası, milli qürurun təmini və beynəlxalq hüququn bərqərar olması təşkil edir. Bu üç faktoru Prezident İlham Əliyev II Qarabağ savaşının nəticəsi olaraq ərazi bütövlüyünün tam bərpasını qiymətləndirərkən ifadə etmişdi.
Qısa antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində təsbiti baxımından və dövlət müstəqilliyinin özünütəsdiqi aspektində əhəmiyyətli olan suverenliyin tam təmini milli ideyanın indiki tarixi mərhələdə məzmununa yeni çalarlar əlavə edir. Bununla müasir müstəqil dövlətçiliyin siyasi meyarları kimi ərazi bütövlüyü ilə suverenliyin sintezi dövlətin ümumi xarakteristikasını müəyyən etməyə ciddi dəstək verir.
Milli ideyanın müəyyənləşdirilməsi baxımından söhbətin hansı dövlətdən getdiyinin siyasi ölçüləri də dəqiq müəyyən edilməlidir. Daha konkret formada dövlətin hansı kateqoriyaya aid olması milli ideyanın düzgün məzmunlaşmasının təməlində durmalıdır. Bir mərhələnin başa çatması ilə Azərbaycan müstəqil dövlət olaraq hansı kateqoriyaya aid edilməlidir?
Güclü dövlətin milli ideyası
Müasir politoloji kriteriyalara görə, ərazi bütövlüyünü öz gücünə bərpa edən və suverenliyinə tam nail olan müstəqil dövlət güclü dövlətdir! Bu dövlətin gücü iqtisadi sistemin inkişafına, cəmiyyətin bütövlüyünə, hərbi-müdafiə qüdrətinin dinamik yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərə, mədəni inkişafın tempinə əsaslanır. Onlar ərazi bütövlüyünün bərpası, millətin qürurunun özünü göstərməsi və fəaliyyətində beynəlxalq hüquqa əsaslanması kimi vacib faktorlarda öz ifadəsini tapmışdır. Deməli, yeni tarixi mərhələdə Azərbaycanın milli ideyası güclü dövlətin inkişafına xidmət edən məzmunda olmalıdır. Bunu necə etmək olar?
Məncə, güclü dövlətin milli ideyası müasir dövrün çağırışlarına önləyici reaksiya verə bilən kriteriyaları özündə ehtiva etməlidir. İndi proseslərin arxasınca getmək dövlətin gücünü azaldır. Dövlət qarşısına qoyduğu milli ideyanı reallaşdırmaq üçün iqtisadi, sosial, mədəni, mənəvi, energetik, informasiya və kommunkasiya sferalarında çevik işləyən sistem qurmalıdır. Bütövlükdə, onlar kompleks halında istənilən çağırışa kreativ (praktiki-tətbiqi aspektdə yaradıcı) reaksiya verməlidirlər. Əlbəttə, bu proses o zaman milli ideya statusunda işləyə bilir ki, konkret olaraq strateji məqsəd milli ideya kimi müəyyən edilsin. Məsələn, öncəki mərhələdə başlıca strateji hədəf ərazi bütövlüyünün təmini idisə, qarşıdakı tarixi mərhələdə nə olmalıdır?
Bu prizmada milli ideyanın önləyici reaksiya verə biləcək kriteriyalarını iki qrupda cəmləşdirmək olar. Birinci qrupda cəmiyyətin sosial, iqtisadi, texniki, texnoloji və informasiya tərəqqisini təmin edən əsas meyarlar yer almalıdır. İkinci qrupda isə dövlətin gücünün cəmiyyətin bütövlüyünün təmini şərti ilə ən inkişaf etmiş ölkələr üçün qoyulan tələblər səviyyəsində dinamik artmasına xidmət edən kriteriyalar – faktorlar cəmləşməlidir.
Hər iki qrup üçün mərkəzi punkt kimi insan faktorunun inkişafı götürülməlidir. Deməli, yeni tarixi mərhələdə milli ideya insan faktoruna əsaslanan dinamik tərəqqini təmin edən başlıca faktorlardan təşkil olunmalıdır. Burada da bir prinsipin tam ödənilməsini vacib şərt sayırıq: Güclü Azərbaycanın milli ideyası hər bir variantda davamlı və dayanıqlı inkişaf paradiqmasına əsaslanmalıdır!
Bunlardan yeni tarixi mərhələdə milli ideyanın başlıca tezisini (həm də strateji hədəfini, məqsədini) belə ifadə edə bilərik: vətəndaşı güclü olan bütöv cəmiyyətlə güclü dövlətin birliyinə doğru! Hansı səbəblərdən milli ideyada məsələnin bu istiqamətdə qoyulmasını daha doğru hesab edirik?
Əgər milli ideya probleminə geniş aspektdə baxsaq, çox sayda faktorları vurğulamaq lazım gəlir. Ancaq problemi bir qədər fokuslaşdırsaq, görərik ki, müasir dövrün tələbləri sırasında artıq müstəqil dövlətlərin həm bütöv cəmiyyət (kollektiv reallıq) həm də dövlətlər qrupunun üzvü kimi fəaliyyəti beynəlxalq miqyasda həlledici mexanizmə çevrilir. Qarşıdakı dövrdə bu prosesin sürətlənəcəyi proqnozlaşdırılır. Yəni, istənilən güclü dövlət üçün, birinci, özünün daxili birliyi şərtdir. Bura ümumi halda vətəndaş-toplum (kollektiv) birliyi, siyasi birlik, mədəni birlik, xalq-lider birliyi daxildir. İkinci, bu birliyə söykənərək regional miqyasda uğurlu fəaliyyət göstərmək və hər iki miqyası eyni uğurla qlobal miqyasa proyeksiya etmək lazım gəlir. Başqa halda dövləti güclü qəbul etmək şübhəli görünür.
Bu, o deməkdir ki, yeni tarixi mərhələdə dövlətin gücü yalnız daxili imkanlarla ölçülməyəcək, yaxud ancaq qlobal miqyasda nüfuzla müəyyən olunmayacaq: real güclü dövlət hər iki səviyyədə gücü bir-birinə uyğunlaşdırmalı, onları ahəngdar tərəqqi müstəvisində daim saxlamalıdır!
Təbii ki, bu, həm mürəkkəb, həm də olduqca çətin prosesdir. Lakin dövr artıq daxili mühitlə xarici mühiti yeni səviyyədə birləşdirirsə, onları hər bir prinsipial məsələlərdə vəhdətdə görürsə, onda güclü olmaq üçün başqa yol qalmır. Əvvəlki mərhələlərdə xarici sayılan faktorlar indi həm də daxili amillər kimi dövlətin funksionallaşmasında rol oynamalıdır.
Onu vurğulayaq ki, burada ziddiyyətlər də az olmaya bilər. Çünki uzun əsrlərdən sonra hər hansı cəmiyyətin və dövlətin “ətraf aləmlə” bu cür inteqrasiyası meydana həlli çətin yeni problemlər çıxaracaq. Güclü olmaq üçün həmin ziddiyyətlər aşılmalıdır. Hər şəraitdə dövlətin vətəndaşı güclü olmalıdır. Vətəndaşın güclü olması hansı anlamı verir?
Güclü insan və fəal vətəndaş
Güclü insan güclü vətəndaş olmaya da bilər. Fərd olaraq özünü inkişaf etdirən insanın konkret dövlətin güclü vətəndaşı olması üçün başqa şərtlər də vacibdir. Məsələn, insan xüsusi bədən tərbiyəsi üsulları ilə fiziki güc qazanar. Psixoloji təmrinlər ilə öz psixoloji vəziyyətini yüksək səviyyəyə çatdırar. Mədəni, mənəvi, əxlaqi və digər krtiteriyalar üzrə də inkişafa nail olar. Eyni məntiqlə intellektini inkişaf etdirər, məsələn Eynşteyn indeksi üzrə birinci olar və s. Belə bir insanı güclü qəbul ediriksə, bu, avtomatik olaraq onun güclü vətəndaş olmasına dəlalət etmir.
Burada dövlətçilik və kollektivçilik baxımından prinsipial bir məqam vardır. Güclü insanın güclü vətəndaş olması üçün onun fərdi maraqları ilə kollektiv maraq arasında münasibəti dövrün tələblərinə uyğun müəyyən etməsi zəruridir. Daha lakonik ifadə etsək, insan kollektiv (milli, dövləti) maraqlara üstünlük verməyi tam legitim və təbii keyfiyyət kimi anlamalıdır!
Bu isə insanın cəmiyyətdə tərbiyəsi məsələsini aktuallaşdırır. Bununla yanaşı, cəmiyyətin insan üçün qayğıkeş, inkişafetdirici, potensialı reallaşdıra biləcəyi mühitin yaratmasını tələb edir. Deməli, yeni tarixi mərhələdə kollektivçilik aparıcı olsa da, bütün fəaliyyətin təməlində fərdlərin güclü olmasının təmini dayanır. Artıq əsas yük dövlət və cəmiyyətin üzərinə düşür. İnsan tərbiyəsi buna görə ilk sıraya çıxır və strateji sərvət statusunu alır. Məhz buna görədir ki, Prezident İlham Əliyev andiçmə mərasimində yeni tarixi dövr üçün əsas olan vəzifələr sırasında gənc nəslin tərbiyəsini ayrıca vurğulamışdır.
Bu aspektdə yeni tarixi mərhələdə milli ideyanın reallaşması kontekstində gənc nəslin tərbiyəsi önə çıxmalıdır. Bura mənəvi, əxlaqi, psixoloji, intellektual inkişafla yanaşı, təhsil almaq və sosiallaşmaq kimi əhəmiyyətli faktorlar da daxildir. Onların qarşılıqlı əlaqəsi prizmasında toplumda gənclərin tərbiyəsini yeniləşdirmək olar.
Bu da tarixi prosesdir və əsas məqamlardan biri ənənə ilə müasirliyin optimal nisbətini müəyyən etməklə bağlıdır. Bizcə, tərbiyədə Azərbaycan ənənəsi mütləq olmalıdır. Onu başqa heç bir tərbiyəvi faktor əvəz edə bilməz. Lakin ənənənin müasirləşmə ilə nisbəti də dinamik dəyişən parametrdir. Onun düzgün müəyyənləşməsi strateji vacib məsələdir. Bu məqamda da Azərbaycanın dövlət və cəmiyyət olaraq qarşısına yeni problemlərin atılması istisna deyildir. Biz ilk növbədə təhlükəsizlik məsələsini nəzərdə tuturuq.
XXI əsrin təcrübəsi göstərir ki, çox müxtəlif istiqamətlərdən və fərqli tərzdə müstəqil dövlətin və cəmiyyətin bütövlüyünü pozmağa istiqamətlənmiş təsirlər getdikcə daha incə, gizli və maskalı üsullarla tətbiq edilir. Bu proses cəmiyyətin, demək olar ki, bütün sferalarını əhatə edir. Ona müxtəlif adlar qoymaq olar: hipermüharibə, intellektual müharibə, informasiya müharibəsi, gizli savaş və s. Lakin, hər bir halda, söhbət fiziki-coğrafi sərhədi olmayan və cəmiyyətin hər bir nöqtəsində fərqli təzahür etdirilən informasiya, psixoloji, fiziloji, fiziki, mənəvi təsirlərdən gedir. İlk baxışdan onlar təhlükəli görünməyə bilər – söz azadlığı, insan haqları, azad inkişaf, intellektual inkişaf etmə, bəşəri olmaq, demokratikləşmək, liberallaşmaq və s. kimi ibarələrlə dövriyyəyə buraxıla bilər. Lakin bu gedişatın toplumsal miqyasda real təsirləri konkret olaraq birliyi, mənəvi-əxlaqi sağlamlığı sökdüyünün şahidi oluruq.
Məsələn, müxtəlif bəhanələrlə müstəqil dövlətdə ailə institutunu zəiflətməyə yönəlmiş addımlar atırlar. Bunun üçün insan haqları, gender bərabərliyi və demokarik həyat tərzi adı altında cinsi pozğunluğu iradə azadlığı kimi təqdim etməyə çalışırlar. Hazırda əsasən Qərbdə vüsət alan eybəcər mənəvi faktorları Azəbaycanda da stimullaşdırmağa cəhdlər edirlər. Nəticəsi nə olur?
Birincisi, cəmiyyət özü-özünü aşağılamağa meyilli hala gəlir.
İkincisi, ailə modeli laxlayır və yenisi yaranmır. Bunun fonunda dağılan gənc ailələrin sayı getdikcə artır.
Üçüncüsü, ailə münasibətlərində ənənəvi olduğu kimi mənəvi, əxlaqi, dini, mədəni faktorlar deyil, utilitar, iqtisadi, “çörək pulu” faktorları yayılır. Meydana həm kriminal xarakterli, həm də ailə strukturunun qorunması ilə bağlı problemlər çıxır.
Bütün bunlar artıq digər müstəqil dövlətlərdə olduğu kimi, Azərbaycan üçün də milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Əgər bu tendensiya qalsa, hansı əsasla biz yeni tarixi mərhələdə davamlı inkişafdan danışa bilərik. Eyni zamanda, vurğulanan şərtlər daxilində yeni milli ideyanı həyata keçirə bilərikmi? Bu suallara cavab üzərində düşünməli və konkret qərarlar qəbul etməliyik.
Həmin suallara cavab axtarışları kontekstində Prezident İlham Əliyevin andiçmə mərasimində vurğuladığı bütün məqamlar çox vacib əhəmiyyət kəsb edir. Onlar milli təhlükəsizliyə ola biləcək təhdidləri tam neytrallaşdırmaq üçün arxivacibdirlər! Həmin bağlılıqda biz gənc nəslin tərbiyəsini Prezidentin xüsusi vurğulamasını qeyd etdik. Deməli, bu məsələ yeni milli ideyanın reallaşmasında başlıca komponentlərdən biri olacaqdır.
Bu istiqamətdə təhlilə davam etsək, Prezidentin ifadə etdiyi fikirlərin yeni mərhələdə milli ideya kontekstində vacibliyini aydın görə bilərik.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru