COP29: Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçid strategiyası

post-img

Hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınaraq Cənubi Qafqazın lider dövləti kimi çıxış edir, bölgənin siyasi-iqtisadi və humanitar məsələlərinin həllində önəmli rol oynayır. Bu həm də ölkəmizin beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübə əldə etməsi ilə bağlıdır. “Formula 1” Azərbaycan Qran-Prisi, “Eurovision” mahnı müsabiqəsi, I Avropa və IV İslam Həmrəyliyi oyunları, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumları, Qoşulmama Hərəkatının nazirlər görüşü və digər nüfuzlu tədbirlərin ölkəmizdə uğurla reallaşdırılması bunun bariz ifadəsidir. Bu, eyni zamanda Azərbaycanın COP29-a evsahibliyi missiyasını layiqincə gerçəkləşdirəcəyi əminliyini yaradır. 

Yeri gəlmişkən, BMT-nin qaz və alterna­tiv enerji üzrə ekspertlər qrupunun üzvü Ayaz Salmanovun sözlərinə görə, COP29 Azərbay­canın evsahibliyi edəcəyi ilk beynəlxalq eko­tədbir deyil. Bakı buna qədər bir sıra qlobal təşəbbüslərin gerçəkləşdirilməsi məqsədi da­şıyan konfranslara, nəhayət, 2016-cı il BMT-nin 7-ci Enerji Forumuna evsahibliyi edib. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi də təs­diqləyir ki, Azərbaycan digər sahələrdə oldu­ğu kimi, ekotədbirləri və ekolayihələri həyata keçirən beynəlxalq oyunçudur. 2016-cı ildə paytaxtımızda reallaşdırılan 7-ci Beynəlxalq Enerji Forumu bu mənada yaddaqalan, mü­hüm tədbirlərdən biridir. 

A.Salmanov qeyd edir ki, sözügedən tarix­də həyata keçirilən Bakı Forumunda davamlı inkişafın təmin olunması üçün “yaşıl enerji”, alternativ enerji və digər sahələrdə Azərbay­can öz imkanlarını və təcrübəsini dünyaya göstərdi. Məlum oldu ki, dünya ölkələrinin anoloji məsələdə Azərbaycandan öyrənəcəyi çox şey var. Nəzərə alaq ki, 7-ci Foruma həm BMT-nin, həm də dünya ölkələrinin yüksək çinli məmurları və ekologiya sahəsində dün­yaca məşhur ekspertlər iştirak edirdi. Tədbir çərçivəsində iqlim dəyişikliklərinin vacib seq­mentləri – karbon emissiyalarının azaldılması, “yaşıl enerji”yə keçid, “yaşıl enerji”dən istifadə olunmanın təmin edilməsi və digər məsələlər müzakirə edildi. Beləliklə, bu və digər tədbir­lərə evsahibliyi etməklə Azərbaycan sübuta yetirdi ki, “yaşıl iqtisadiyyat”ın formalaşmasın­da çox maraqlıdır. Bu istiqamətdə Azərbaycan hazırda da uğurlu addımlar atır. 

Yerli və beynəlxalq ekspertlər tərəfindən ölkəmizin COP29-a evsahibliyi bu ilin ən mü­hüm tarixi hadisəsi və respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi, eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqi olaraq qiymətləndirilir. 

Azərbaycan COP29-a evsahibliyi missiya­sını üzərinə götürməklə müsbət ekoloji dəyi­şikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qar­şıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiyyatı­nı əməli fəaliyyəti ilə yeni müstəvidə formalaş­dırmaq qərarını qətiləşdirib. Belə ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər is­tixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Yeri gəlmişkən, Azərbaycan dünyada bərpaolunan enerji potensialının zənginliyi ilə diqqət çəkir. Bu, mövcud sahədə aparılan hesablamalardan da aydın görünür. Belə ki, tədqiqatlara əsasən, qeyd edə bilərik ki, ölkə­mizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat­dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək ener­jisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavat, dağ çaylarının potensialı isə 520 meqavatdır. 

Burada ekspertlərin bir məsələyə münasi­bətini də xatırlatmaq istərdik. Bu, tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlıdır. BMT-nin qaz və alternativ enerji üzrə ekspert­lər qrupunun üzvü Ayaz Salmanovun fikrincə, istər neft-qaz, istərsə də digər sahələrdə “0” tullantı prinsipinin təmin olunması iqlim dəyi­şikliyinə təsir edən amillərdən biridir: “Hazırda biz istehsalat prosesində formalaşan hər han­sı bir növ tullantını emal və yaxud utilizasiya etmiriksə və birbaşa təbiətə atırıqsa, bu, bir­başa ətraf mühitin çirklənməsinə və iqlim də­yişməsinə səbəb olur.

Unutmayaq ki, iqlim dəyişikliyi antopegen təsirlərdən qaynaqlanır. Bu gün emal sənayesi qurularkən tullantıların düzgün idarə olunması iqlim dəyişikliyinə çox müsbət təsir edir. Əgər biz tullantıların doğru çeşidlənməsini təmin ediriksə və daha sonra bunu doğru istiqamət­də utilizasiya və emal prosesindən keçiririksə, deməli, iqlim dəyişikliyinə qarşı mübarizədə böyük ölçüdə müsbət töhfə vermiş oluruq”.

A.Salmanov qeyd edir ki, bu gün tullantı­ların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlı trendlər də dəyişib. Hazırda bir sahədə tul­lantı sayılan məhsul digər sahə üçün unikal xammaldır. Bu, o deməkdir ki, tullantılar emal edilməklə əlavə əmtəə yaradılır. Məsələn, SOCAR uzun illərdir ki, çox gözəl və ano­loqsuz bir layihə həyata keçirir. Bu da ondan ibarətdir ki, neft gölməçələrindən toplanan tullantılar əmtəə nefti səviyyəsində bərpa olu­nur. Bu layihənin daha bir uğuru isə özü özünü maliyyələşdirməsidir. Yəni bu işə heç bir əlavə vəsait xərclənmir. Beləliklə, bu tip layihələr həm iqtisadi dəyər yaradır, həm də ekoloji ta­razlığın bərpasına xüsusi töhfə verilir. 

BMT-nin qaz və alternativ enerji üzrə eks­pertlər qrupunun üzvü söhbətində, həmçinin bildirdi ki, bu gün Azərbaycanda ekoloji prob­lemlərdən biri plastik və polietilen qabların səmərəsiz istifadəsidir. Əvvəllər dünyanı qo­rumaq üçün kağızdan imtina etdik və polieti­len materiallardan istifadəyə başladıq. Amma bu gün görürük ki, yeni seçimin fəsadları daha böyükdür. Belə ki, bu gün dənizlərin və oke­anların dibində plastiklər tapılır ki, bu da bü­tünlükdə ekosistemin zəhərlənməsinə gətirib çıxarır. Son vaxtlar Azərbaycanda polietilen qablardan istifadənin azaldılması üçün müəy­yən tədbirlər görülür.

Ötən ilin əvvəllərindən hətta polietilen tor­baların bir qismi pullu oldu. Bu da polietilen torbalardan istifadəni bir qədər azaltdı. Amma problemin tam qarşısını almadı. Bu da ona görədir ki, problemin köklü həlli üçün alterna­tivlər təklif olunmur. Polietilen torbalardan imti­na edək, bəs əşyalarımızı nəylə daşıyaq?! Bu gün marketlərdə polietilen torbalardan başqa alıcılara heç bir alternativ torba təklif olunmur. Halbuki, alternativlər var. Ekotorbalar təklif edilə bilər. Amma edilmir.

Ekspert bildirir ki, ekoloji məsələlər bizi bir vətəndaş olaraq düşündürməlidir. Bunun üçün də ekoloji maarifləndirməyə məktəblər­dən başlamalıyıq. Bəlkə də, bağçalarda biz körpələrin ekoloji savada yiyələnməsinə çalış­malıyıq. Amma biz təbliğatı və qadağanı isteh­lakçılar arasında tətbiq edirik. İstehlakçılar isə əsasən, 18 yaşdan yuxarı insanlardır. Onlarda bu yaşa qədər müəyyən vərdişlər formalaşıb. Formalaşmış stereotipləri isə dağıtmaq çox çətindir.

Müqayisə etsək görərik ki, ekoloji savadlı­lıq baxımından biz bəzi ölkələrdən geri qalırıq. Ona görə də gecikmədən konseptual işlərə başlamalıyıq. Evdə, təhsil müəssisələrində, işdə və hətta istirahət yerlərində məişət tul­lantılarına münasibəti dəyişməliyik. Məsələn, Bakı küçələrində müxtəlif növ məişət tullan­tıları qabları qoyulub. Amma çox zaman zibil atanda o qablara fikir verilmir. İlk rastımıza çıxan qaba zibil atırıq. Bu tip vərdişlərdən qur­tulmasaq, ekoloji fəlakətlərdən də sığortalana bilməyəcəyik.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat