Yeniliklər bu xidmətin kəm-kəsirlərini aradan qaldıracaq
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov 2024-cü il martın 27-də qərar imzalayıb.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanan tələblər müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.
Sənəddə qeyd olunur ki, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. Yeni qərar, həmçinin dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən nəqliyyat vasitələri ilə taksi xidmətinin göstərilməsini qadağan edir.
Qərara əsasən, taksi minik avtomobillərinin daxilində sürücü və daşıyıcı barədə məlumatları əks etdirən lövhə, taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz quraşdırılmalıdır. “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Bununla yanaşı, taksi minik avtomobilləri “ABS” əyləc sistemi, nəqliyyat vasitələrinin salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), eləcə də sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin fərqləndirici nişanının və taksi fənərinin forması da müəyyənləşdirilib. Belə ki, taksilərin üzərində sarı-qara və ağ-qara damalı zolaq, həmçinin qara hərflərlə “Taksi” sözü yazılmış fənər quraşdırılacaq.
Əslində hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günədək də mövcud olub. Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 15 gün müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların quraşdırılması ilə bağlıdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Eyni zamanda, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Yalnız təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edə bilərlər.
Nazirliyin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə hazırda taksi fəaliyyəti sahəsində çalışan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərə qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını tövsiyə edib. Qurumdan onu da bildiriblər ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Bununla yanaşı, buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır.
Təbələrə əsasən, ölkə ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və Çağrı Mərkəzinin nömrəsi olmalıdır. Yeni tələblərdə, həmçinin taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.
Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert
Taksilərlə bağlı tələblər, əslində, bu il yanvarın 1-dən elan olunmalı idi. Görünür, dövlət sosial yönümlü siyasətini davam etdirərək taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara bir qədər möhlət verdi. Nəhayət, Novruz bayramından sonra hökumət “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq etdi.
Düşünürəm ki, bu, çox doğru addımdır. Qeyd etmək istəyirəm ki, hazırda Bakı şəhərində taksi fəaliyyətinə cəlb edilmiş nəqliyyat vasitələrinin sayı olduqca çoxdur. Bu da taksi xidməti sahəsində xaosa, eləcə də yollarda tıxacların yaranmasına, qəza hallarının artmasına gətirib çıxarır. Belə bir vəziyyət çox davam edə bilməzdi. Fikrimcə, taksi fəaliyyəti ilə peşəkarlar məşğul olmalıdır. Taksi fəaliyyətinə əyləncə, eləcə də digər məqsədlər kimi baxılmamalıdır.
Hökumətin yeni qərarı, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər bu sahəyə bir sıra yeniliklər gətirəcək. Hər şeydən əvvəl, taksi xidməti sahəsində peşəkarların fəaliyyət göstərməsinə imkan yaranacaq. Bununla da, Bakıda, eləcə də ölkənin digər şəhərlərində taksi xidməti peşəkarların fəaliyyət sahəsi kimi yenidən dirçəldiləcək. Çünki taksi ictimai nəqliyyatın bir istiqaməti, spesifik sahəsidir. Düşünürəm ki, ictimai nəqliyyatın avtobus seqmentində çalışan sürücülər səliqə-sahmana, sərnişindaşıma ilə bağlı qaydalara əməl etdikləri kimi taksi xidməti ilə məşğul olanlar da eyni tələblər əsasında fəaliyyət göstərməlidirlər.
Mirbağır YAQUBZADƏ
XQ