Qərbi Zəngəzur – babaların ulu yurdu

post-img

Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan əraziləri 1157-ci ilə qədər Səlcuk imperiyasının tərkibinə daxil olub. Sonra bu ərazi 1194-cü ilə kimi İrak səlcuklarının hakimiyyəti altına keçir. Bundan sonra burada Xarəzmşahların hakimiyyəti bərqərar olur, onlardan sonra bu əraziyə Elxanilər nəzarət edir. Elxanilərin süqutundan sonra, yəni 1334-cü ildən burada Cəlairilə­rin hakimiyyəti başlayır, 1383-cü ildə bu ərazini Əmir Teymur işğal edir. Onun ölümündən sonra Orta əsrlərdə bu ərazidə Qaraqoyunlular, Ağqo­yunlular, Səfəvilər dövlətləri mövcud olur. Nadir şahın ölümündən sonra mərkəzdənqaçma meyilləri güclənir və Azərbaycanda xanlıqlar meydana gəlir. Burada İrəvan xanlığı yaradılır.

Orta əsr mənbələrinin tədqiqi, ələlxü­sus, Matenadaranda (Mətndəran, yəni əlyazması) qorunan və geniş tarixi döv­rü əhatə edən XIV-XVII əsrlərə aid Qa­raqoyunlular, Ağqoyunlular, Səfəvilər hökmdarlarının fərmanlarının təhlili sübut edir ki, Orta əsrlərdə bu ərazidə erməni dövləti olmayıb və ilk erməni dövləti Cə­nubi Qafqazda rus bolşevikləri tərəfindən 1920-ci ildə Azərbaycan torpaqlarında yaradılıb. 

Fərux Sumer yazırdı: “İranlı müəlliflə­rin Çuxur-Səəd adlandırdıqları məntəqə Ərivanın qərb və cənub hissəsində bir nahiyə idi ki, o, osmanlıların mənbələrin­də “Səd Çuxur” kimi qalmışdır. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağında, cənubda isə Araza qədər uzanırdı. Mən­cə, bu kəlmə ilk dəfə “Diyarbekriyyə” ki­tabında işlənib. Çələbinin gündəliyində Yavuz Sultan Səlimin İranla müharibədən qayıdarkən köç saldığı mənzilgahlar ara­sında bu nahiyənin də adı çəkilmişdir”. 

XVII əsrin mənbələrində bu ərazi Çuxur-Səəd adlanır. XVI-XVII-ci əsrlərdə Çuxur-Səəd vilayətini Türkman Rumlu, Ustaclı, Zülqədər, Qacar adlı qızılbaş-türk tayfa əsilzadələri idarə etmişdir.

Osmanlı tarixçisi Katib Çələbi “Gür­cüstan və Qafqaz barəsində məlumatlar” kitabında İrəvan haqqında deyilir: “İrəvan ...Çuxursəəd bəylərbəyliyinin qəsəbə və taxt-tac şəhəridir. Zəngi çayı şəhərin qala barısının qərb tərəfindən axır. Qala bu sözügedən çayın qırağında, düz ərazidə salınıb. Cənub qapısını “Təbriz qapısı” şimal qapısını isə “Şirvan qapısı” adlandı­rırlar. Onun ətraflarında bağlar və üzüm­lüklər var. Bol, bəhrəli yerdir. Bu sözüge­dən qala barısının içində bazar, məscid və çay kənarında ucaldılmış qala var”.

Mənbələrin verdiyi məlumata görə, 1604-cü il Osmanlı–Səfəvi müharibəsi getdiyi zaman Çuxur-Səədin ərazisi dəh­şətli dağıntılara məruz qalır. I Şah Abbas İrəvanın idarəolunmasını Əmirgünə xan Qacara həvalə edir. I Şah Abbasın saray tarixçisi İsgəndər Münşi yazırdı: “Əmir­günə xan həyatın, rahatlığın izi-tozu qal­mayan bir yerə (İrəvan qalasına) getdi ki, orada bu dağıdılmış, ins-cins olmayan yerdə məskunlaşsın... Azərbaycanda olan bir çox el, ulus, tərəkəmə adamları­nı inandırıb İrəvana gətirdi. Araqdan (fars İraqı belə adlandırır) ona qulluq etməyə gələn Ağca-Qoyunlu oymağına və Musa oğlu Bayat Qacar elinə İrəvanın və Şəru­run ən yaxşı yerlərində yurd və qışlaqlar verdi”. I Şah Abbasın fərmanlarında Əmir­günə xan “hörmətli, xoşbəxt və yüksək rütbəli hakim, Çuxur-Səədin bəylərbəyi” adlanır.

I Şah Abbasın 1620-ci ildə verdiyi fər­manda deyilir: “ Məlik Aykaz qanuni şəkil­də Azərbaycana tabe olan Qafan və Quş­tasif vilayətlərində müəyyən mülklərin bir qisminə sahib ola bilər və hər hansı bir şikayətini Şeyxülİslam və qazi vasitəsilə həll edə bilər”. Beləliklə, tam əminliklə demək olar ki, Orta əsrlərdə bu ərazidə mövcud olan dövlətlər Azərbaycan döv­lətləri olub və inzibati idarəetmə strukturu da Azərbaycan hakim dairələrinin əlində olub. Başqa sözlə desək, erməni dövlə­ti Orta əsrlərdə sözü gedən coğrafiyada mövcud olmayıb.

II Şah Abbasın fərmanından məlum olur ki, erməni icmasına Azərbaycan ha­kimlərindən asılı olan kəndxuda başçılıq edirdi və erməni rəiyyəti tikinti və əkin­çilik ilə məşğul olurdu. Fərmanda deyi­lir: “Azərbaycan bəylərbəyi sözügedən ermənilərə yardım etməlidir ki,... bu və digər vilayətlərin amil və hakimləri bunlar­dan heç nə ummasınlar. Ona görə ki, bu icmanın üzvləri cizyə ödəyən rəiyyətlər olduğundan onlara maneəsiz əkinçilik və tikinti ilə məşğul olmağa, sadə həyat tərzi sürmək üçün imkan yaratsınlar”.

Orta əsr mənbələrindən məlum olur ki, Üçkilsədə (sənədlərdə Üçmüəzzin ada da rast gəlinir, yəni indiki Eçmiadzin) yaşayan ermənilər şah Abbas tərəfindən Cənubi Azərbaycandan bu ərazilərə kö­çürülənlərdir. Erməni icmasının rəhbəri Filipposun Şah Abbasa ünvanladığı mək­tubda deyilir: “Bizim vilayətdə yaşayan ermənilərin bir çoxu Sizin sevgi və qay­ğınız nəticəsində hissə-hissə müxtəlif vi­layətlərdən bura köçürülənlərdir. Üçkilsə­də yaşayan və Allaha ibadətdə olan 300 bəndəsi gecə-gündüz dua edirik və yaşa­dığımız üçün, bütövlükdə, Zataliləri Sizin rəhminizə borcluyuq... Bu vilayətdə türk­lər hakim olan ildən bu günə kimi, mən və bütün erməni icması sizin müqəddəs ailənizə sadiq olmuşuq və heç vaxt nə mən, nə də erməni icması tərəfindən sizə qarşı itaətsizlik edilməyib və edilməyə­cək”. Beləliklə, məlum olur ki, Orta əsrlər­də ermənilər bu əraziyə köçürülüb və çox az sayda kilsə icması şəklində yaşayıblar.

Erməni sovet tarixçiləri öz əsərlərin­də etiraf edirdilər ki, XIV-XVII əsrlərdə “Qərbi Azərbaycanın mərkəzi qəzaların­da mülkədarların mülk kəndlərinin böyük əksəriyyəti müsəlman hakim dairələrinin yerli və köçəri nümayəndələrinə məxsus idi...Dövlət və ya “divani” kəndləri, “so­yurqal” vəya “tiul” qismində dövlət mə­murlarının, hərbçilərin və Ali müsəlman ruhanilərinin əlində idi. Sənədlərin bö­yük əksəriyyəti təsdiqləyir ki, böyük tor­paq sahələri müsəlman hakim dairələrin əlində cəmləşirdi. Əmir Səədin varisləri, hakim Səədli tayfasının nümayəndələri çoxsaylı kəndlərə sahiblik edirdilər. Bu kəndlər onilliklər və yüzilliklər ərzində nəsildən–nəsilə keçir və onların istisma­rından əldə olunan gəlir bütün varislərin arasında bölünürdü”.

Çoxsaylı orta əsr sənədlərində bu ərazi Azərbaycan ölkəsinə daxildir və Çuxur-Səəd adlanır. 

Cənubi Qafqazın tarixi konsepsiyası rus-sovet tarixçiləri tərəfindən XX-ci əsrin 40-cı illərində işlənmişdir. I.P.Petruşevski 1949-cu ildə işıq üzü görmüş “XVI-XIX əsrin əvvəllərində Azərbaycan Ermənis­tanda feodal münasibətlərinin oçerki” əsərində Cənubi Qafqazın tarixi konsep­siyasının əsasını qoyur və erməniləri bu regionun “köklü, aboriqen xalqı” kimi təq­dim edir. XX əsrin əvvəlində ermənilərə yaratdıqları dövlətin tarixini yazırlar. Bu tarix təhrif olunmuş Azərbaycan tarixi idi. Azərbaycan tarixçiləri bu konsepsiyadan kənara çıxa bilmirdilər, ideolojı faktor buna yol vermirdi. 

Azərbaycan tarixçilərindən yalnız A.Rəhmani “Azərbaycan XVI əsrin sonu XVII əsrdə” əsərində yazırdı “ XVII əsrdə Azərbaycan müstəqil Səfəvi imperiya­sının bütün simalı-qərb hissəsini tutur­du. Şərqi Gürcustan istisna idi. Burada müstəqil idarəetməni qoruyub saxlayan Baqratidlər sülaləsindən olan padşahlar hakimiyyətdə idilər. Çuxur-Səəd bəylər­bəyliyi adlandırılan və əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edən Şərqi Ermənistan Azərbaycana daxil idi”.

A.Rəhmani Ermənistanın o dövrdə və o ərazidə olmadığını açıq deyə bilmirdi, ona görə ki, bu fikir ümumi qəbul olunmuş elmi konsepsiyaya zidd idi. Lakin bu gün orta əsr mənbələrini tədqiq edərək biz tam əminliklə deyə bilərik ki, Ermənistan Respublikasının bu gün yerləşdiyi ərazi Azərbaycanın tarixi ərazisidir və 1920-ci ilə kimi burada heç bir erməni dövləti mövcud olmayıb.

Orta əsr mənbələrinin verdiyi məlu­mata görə, XVII əsrdə Azərbaycana 4 bəylərbəyi daxil idi – Təbriz, Çuxur-Səəd, Qarabağ, Şirvan.

Çuxur-Səəd bəylərbəyliyinə Naxçı­van, Maku (Arazın sağ sahilində, Ağrı dağının cənub-şərq ətəyində, Naxçıva­nın cənub-qərbində yerləşən ərazi), Pa­şak (Makunun qonşuluğunda yerləşən kiçik bir ərazi və qala) daxil idi. XVI əsr­də Ustaclı Qızılbaşlar tayfasının əmirləri Çuxur-Səədə bəylərbəyi təyin olunurdu­lar. Zəngəzur Qarabağ bəylərbəyliyinə daxil idi.

Orta əsr mənbələrində bu ərazidə çox sayda Azərbaycan-türk toponimlə­rinə rast gəlinir. Bir dənə də olsun erməni yer, kənd, çay, bulaq adı yoxdur. Bu da öz növbəsində bu ərazinin Azərbaycan türklərinə məxsus olduğunu bir daha təsdiqləyir. Toponim, yer adı ən tutarlı tarixi sənəddir. Toponimlər yüzilliklərlə formalaşır və konkret etnosun müəyyən coğrafi məkanda məskunlaşma prosesi­ni göstərən dəqiq mənbədir. Hətta, bütün memarlıq abidələri dağıdılsa belə yer ad­ları ərazinin hansı xalqa məxsus olduğu haqqında şahidlik edə bilər. 

Çoxsaylı Orta əsr sənədlərində də –hökmdarların fərmanları, alqı-satqı çıxa­rışları (kupça) bu ərazidə mövcud olan Azərbaycan yer adları sadalanır: Ayıdərə, Zoğallı dərə, Həmid göl, Beş təpə, Daş xırman, Kölgə qaya, Yaşlı bulaq, Dəmirçi təpə, Çala, Çaxır çəmən, Kor çeşmə, Qı­zıl qaya, Keçi qayası, Qızıl təpə, Dərəçay, Qara göl, Çeşmə başı, Qızıl Teymur arxı və s. 

Alqı-satqı çıxarışlarında Çuxur-Səəd­də yaşayan hakim qızılbaş tayfalarının xırda tayfa birləşmələri nümayəndələ­rinin adı çəkilir. Səədli tayfası ilə yana­şı, digər Azərbaycan–türk tayfaları olan koylaxisarlı, alpout, xnuslu, bayburtlu tayfalarının da adlarına rast gəlinir. Bu tayfa birləşmələri XIV-XVII əsrlərdə Qərbi Azərbaycanın əsas əhalisini təşkil edirdi. Onların adlarının yanında çəkilən “ağa” və “xəlifə” titulları bu insanların varlı, zən­gin, hakim sinfin nümayəndələri olduqları haqqında məlumat verir.

Sovet dövrü erməni tarixçilərinin də yazdığına görə, XIV əsrin sonu XVII əs­rdə bu ərazidə, yəni Çuxur-Səəddə Azər­baycanın zəngin feodal nəsilləri hakimiy­yətdə olmuş və nəsildən-nəsilə keçən iri torpaq sahələrinə sahiblik etmişlər. Sənədlərdə bir dənə də olsun erməni sa­hibkarının adına rast gəlinmir.

Beləliklə, fikirləri yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, Ermənistan Respublikasının yerləşdiyi ərazi Azər­baycanın tarixi ərazisidir. Ermənilər orta əsrlərdə bu əraziyə köçürülüb və kiçik kilsə icması şəklində yaşayıblar. Cənubi Qafqazda ilk erməni dövləti sovet bolşe­vikləri tərəfindən 1920-ci ildə Azərbaycan torpaqlarında yaradılıb.

I Pyotrdan başlayaraq rus siyasəti ermənilərə qarşı isti münasibət bəsləyib. Bunun əvəzində ermənilər hərbi əməliy­yatlar zamanı ruslara fəal qahmar çıxıb­lar. 1722-ci ildə Qarabağda və Zəngə­zurda yaşayan erməni icmaları Kartli çarı VI Vaxtanqla gizli sazişə girərək, Hüseyn şahın əleyhinə üsyan qaldırıblar. Lakin bu üsyan Hüseyn şah tərəfindən yatırılıb. 

Rus imperatoru Kiçik Asiya xristianla­rına təsirini artırmaq məqsədi ilə Türkiyə, İran ermənilərinin Eçmiadzin patriarxının himayəsinə keçməsinə çalışıb. Bununla, o, Rusiyanın cənub dənizlərinə çıxışını təmin etmək istəyirdi. Erməniləri himayə etməklə Rusiya onların simasında özünə sadiq müttəfiq qazanmaq istəyirdi.

Azərbaycanın İrəvan xanlığının işğa­lında da ermənilər Rusiyaya böyük yar­dım etmişdilər. Sisianovun İrəvana yürü­şü zamanı məlik və yüzbaşı Qavriil ona yazırdı: “Biz İrəvandan Qaraklisə Rusiya İmperatorunun himayəsi altına keçdik və özümüzlə 200 ailə xalqımızı gətirdik...Xəbər veririk ki, hal-hazırda İrəvanda çox az sayda ordu var, 3000-nə yaxın əsgər...Zati-aliləri göz yaşları ilə yalvarırıq ki, Siz orada qalan və ağır vəziyyətdə olan ermənilərin xilaskarı olasınız”. Həmin məktubda Qavriil “İrəvan xanının ermə­niləri əvvəl olduğu və tarixi kitablarda de­yildiyi kimi İranın iç ərazilərinə köçürmək niyyətindən söz açır...”. 1803-cü ildə rus çarının Rusiyaya köçmək çağırışına ca­vab olaraq Bəyəzitdə yaşayan ermənilər yazırdılar: “Yalnız İrəvan rus ordusu tərə­findən alınandan sonra bütün ermənilər Rusiyanın himayəsi altına keçməyə və İrəvan vilayətində yaşamağa razıdırlar”.

“Erməni məsələsi” deyilən layihə ilk dəfə olaraq Rus imperiyası tərəfin­dən məqsədli şəkildə qaldırılmışdır ki, Osmanlı imperiyasını sarsıdıb və Qara dəniz, Bosfor, Dardanel boğazlarına sa­hib olsun. Bunu “xristianları Türkiyənin müsəlman zülmündən qurtarmaq” şüarı altında həyata keçirməyə nəzərdə tutur­du. Rusiyanın bu niyyəti İngiltərə, Fransa hakim dairələrinin istəyi ilə üst-üstə dü­şürdü.

(ardı var)

Vəfa QULİYEVA,
tarix elmləri doktoru

Siyasət