Xorvatiya nümayəndə heyəti Səngəçal terminalında olub

post-img

Azərbaycan səfərdə olan Xorvatiya şirkətləri rəhbərləri və digər rəsmi şəxslər, o cümlədən Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç Səngəçal terminalında olub.

AZƏRTAC xəbər verir ki, BP şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qonaqlara neft tarixinin xronologiyası barədə ətraflı məlumat verib və neft sənayesində birinciliklər, eləcə də dünya tarixində Azərbaycanın əldə etdiyi ilkləri onların diqqətinə çatdırıb. Bildirilib ki, dünyada ilk dəfə mexaniki üsul ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb.

Eyni zamanda qeyd olunub ki, XIX əsrin ikinci yarısında xarici ölkələrin məşhur iş adamları, o cümlədən bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

Azərbaycan dünyada ilk dəfə olaraq 1949-cu ildə açıq dənizdən, Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu “Ginnesin Rekordlar Kitabı”na ilk dəniz neft platforması kimi düşüb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalayıb. Bu müqavilə ölkəmizin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Sonra qonaqlar avtobusla Səngəçal terminalının ərazisini gəziblər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.

Q. Rəhimli qeyd edib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağındakı platformalardan hasil olan neft və “Şahdəniz”dən çıxarılan qaz terminala daxil olur və bu gün Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə dünya bazarına ixrac edilir. Dünyanın ən böyük terminallarından sayılan Səngəçal terminalının sahəsi 688 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 81 milyon kubmetr qaz emal etmək gücünə malikdir. Xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. BP şirkətinin əməliyyatçısı olduğu bu obyekt inteqrasiya edilmiş neft-qaz terminalı olduğu üçün unikal xarakter daşıyır.

Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.

Qonaqlara ”Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri çərçivəsində terminalda görülən işlər barədə də ətraflı məlumat verilib. Onlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası ilə də tanış olublar.

Qivami Rəhimli vurğulayıb ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə bugünkü geosiyasi durumda Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirib və Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır.

İqtisadiyyat