Milli Müdafiə Universitetində respublika elmi-praktik konfransı keçirilib

post-img

Milli Müdafiə Universitetində “Müasir radiotexniki silahlar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransda Müdafiə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, Milli Müdafiə Universitetinin zabit, professor-müəllim heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov iştirakçıları salamlayaraq respublika elmi-praktik konfransın işində uğurlar arzulayıb.

General-mayor A.Həsənov qeyd edib ki, radiodalğalar üzərindən idarəolunan hərbi texnika döyüş meydanında yalnız effektivliyi ilə fərqlənmir, həm də dünya hərb sənətinə yeniliklər gətirir. İstər Vətən müharibəsi və ondan sonraki digər uğurlu əməliyyatlar, istərsə də dünyada baş verən hərbi qarşıdurmaların təhlili onu göstərir ki, radiotexnika üzərindən idarəolunan hərbi texnologiya müharibənin aparılmasının əsas silahlarından biridir.

Konfransda vurğulanıb ki, bu istiqamətdə aparılan birgə araşdırmalar hərbi potensialımızın daha da güclənməsinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin etibarlı müdafiəsinin təşkili ilə bağlı müəyyənləşdirdiyi vəzifələrin, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qarşıya qoyulan tapşırıqların əhatəli şəkildə icra olunmasına lazımi zəmin yaradır.  

Plenar iclasda müasir radiotexniki silahlara dair videomaterial nümayiş olunduqdan sonra konfrans üç bölmə üzrə işini davam etdirib, elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.











Ordu