İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər heyəti və üzvləri ilə görüş keçirilib.
Dövlət Xidmətindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, görüşdə bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə müzakirələr aparılıb. Müzakirələrdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində biznes subyektləri ilə genişlənən əlaqələrin sosial-iqtisadi artıma töhfə verdiyi vurğulanıb. Özündə inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizənin hüquqi əsaslarını ehtiva edən Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı da qeyd edilib.
Çıxışlarda, həmçinin “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi diqqətə çatdırılıb.
Ümumiyyətlə, istər Rəqabət Məcəlləsində, istərsə də “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”da ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.
Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı məsələsinə gəldikdə isə ekspertlərin fikirlərinə əsaslanaraq qeyd edək ki, bu, vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını artırır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev mediaya müsahibəsində bildirib ki, özəl bölmənin inkişafında bazarda rəqabət problemlərinin həllinə imkan verən işlək, çevik və çəkindirici qanunvericiliyin olması mühüm rol oynayır. Bu baxımdan yeni qəbul edilən Rəqabət Məcəlləsi milli bazarda təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən ən önəmli amildir.
C.Babayevin sözlərinə görə, iqtisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq edilir ki, bu da daha səmərəli tənzimləmə alətlərindən istifadəyə ciddi zərurət yaradır. Bundan irəli gələrək dünyanın bir çox ölkələrində rəqabət qanunvericilikləri inkişaf etdirilir, mövcud rəqabət problemlərinin həllinə istiqamətlənən və təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən qanunvericilik normaları yaradılır.
İqtisadiyyatı davamlı inkişaf edən Azərbaycanda da rəqabət qanunvericiliyinin təsir dairəsinin genişləndirilməsinə və bu sahədə səmərəliliyin artırılmasına mühüm önəm verilir. Eyni zamanda iqtisadi tənzimləmələrin səmərəliliyini şərtləndirən əsas amillərdən biri kimi bazarın təbii ahəngini qoruyub saxlayan, rəqabət mühitinə mənfi təsir göstərən müdaxilələrin qarşısını alan tənzimləyici amillər diqqətdə saxlanılır. Bu məqsədlə bir neçə istiqamət üzrə təkmilləşdirmələrin və yeni konsepsiyaların müəyyənləşdirilməsi də bunun bariz ifadəsidir.
Yeni Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiyyatına, o cümlədən biznes imkanlarının səmərəliliyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensialını daha da gücləndirəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılmasını və bazar payının azaldılmasını şərtləndirəcək. Nəticə etibarilə Rəqabət Məcəlləsi respublikada rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsinə, onun liberallaşmasına əlverişli şərait yaradacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirəcək və süni bahalaşmanın qarşısını alacaq.
Məcəllənin qəbulunun kiçik və orta biznesə də müsbət təsirləri olacaq, onların fəaliyyətinin stimullaşdırılmasına, investisiya yönümünə təsir edəcək, idxal-ixrac əməliyyatları sürətlənəcək və fəaliyyət istiqamətləri genişlənəcək.
Rəqabət Məcəlləsinin tətbiqi yuxarıda qeyd edilənlərlə yanaşı, valyuta gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Kənd təsərrüfatında, həmçinin emal sahəsinin genişləndirilməsində də yeni mərhələ başlanacaq, həm yerli, həm də xarici investisiyaların artmasına əlverişli şərait yaradacaq. Bütün bunlar yeni iş yerlərinin yaranması və məşğulluğun artmasına səbəb olacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavininin fikrincə, özəl sektorun inkişafına dəstək verən amillərdən başlıcası sahibkarlıq subyektlərinin iştirak etdiyi bazarlarda rəqabət mühitinin qorunması və bazarın bütün iştirakçılarının eynişərtli rəqabət imkanları ilə təmin edilməsidir. Sözügedən məcəllənin hüquqi qüvvəyə minməsi ilə özəl sektorun bazara girişinə maneə yaradan inhisarçı davranışlara, rəqabət mühitinə mənfi təsir göstərən təmərküzləşmələrə və digər hökmran mövqedən sui-istifadə hallarına qarşı mübarizə imkanları da genişlənəcək. Bu da, ilk növbədə, bazara giriş maneələrinin aradan qaldırılmasında müsbət nəticələrə gətirib çıxaracaq.
Bir sözlə, məcəllənin qüvvəyə minməsi ilə biznes mühitinin inkişafının qarşısını alan, inhisarçı davranış hesab edilən hallara qarşı mübarizə imkanları genişlənəcək.
Rəqabət Məcəlləsinin tətbiqi ilə mikro, kiçik və orta sahibkarlığın maraqlarının qorunmasına və onların gələcək inkişafının təmin olunmasına böyük ümid bəslənilir. Ən başlıcası isə işğaldan azad edilmiş ərazilərdə yeni coğrafi bazarların yaranması və indiyə qədər mövcud olmayan biznes mühitinin ortaya çıxması gözlənilir. Yeni coğrafi ərazilərdə bazarların formalaşması və inkişafı mərhələsində rəqabət mühitinin yaradılması mühüm önəm daşıyan amil kimi dəyərləndirilir.
Cəfər Babayevin qənaətincə, işğaldan azad olunan ərazilərdə iqtisadi dirçəlişin reallaşması üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rəqabəti təmin edən qanunvericilik çərçivəsinin tətbiqi vacibdir. Ona görə ki, işğaldan azad olunan ərazilərdə yeni formalaşan bazar münasibətlərində bütün bazar iştirakçılarının eyni şərtlərlə rəqabət aparmaq imkanlarının qorunması mütləqdir. Çünki Rəqabət Məcəlləsinin hüquqi əsasları bu ərazilərdə iqtisadi inkişaf prosesində rəqabət intizamının qorunub saxlanılmasına əlverişli şərait yaradır.
Vaqif BAYRAMOV
XQ