Beynəlxalq aqrar sərgilər – dünyanın kənd bazarı ekranı

post-img

Son illər ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatında sürətli inkişaf meyilləri müşahidə olunur. Aqrar sektorda baş verən artım dinamikası bu sahədə beynəlxalq əməkdaşlıq üçün də yaxşı imkanlar yaradır. İndi dünyanın qabaqcıl kənd təsərrüfatı dövlətləri Azərbaycanın aqrar sektoruna, xüsusən də ölkəmizdə aqroparkların yaradılmasına sərmayə qoymağa maraq göstərirlər. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı keçirilən ənənəvi sərgilər, beynəlxalq konfranslar isə beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Bu baxımdan artıq ənənəvi xarakter almış “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri xüsusi əhəmiyyət kəsb edir.

Bu il mayın 15-17-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sə­nayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək. Bu barədə sərgilərin təşki­latçısı olan “Caspian Event Organisers” şirkətindən bildirilib. Sayca 17-ci olan budəfəki “Caspian Agro” sərgisi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iş­tirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayən­dələri, həmçinin fermerlər də daxil ol­maqla minlərlə peşəkar ziyarətçi audi­toriyasını bir araya toplayacaq. Sərgi iştirakçıları arasında Azərbaycanla ya­naşı, ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Fe­derasiyası, Serbiya,Türkiyə və şirkətləri də yer alacaq.

Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsər­rüfatı texnikası, kənd təsərrüfatı obyekt­ləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında inno­vasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

Qeyd etdiyimiz kimi, “Caspian Agro” ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Bey­nəlxalq Qida Sənayesi Sərgisi–“Inter­Food Azerbaijan” təşkil ediləcək. Sərgi­də Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türk­mənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunacaq.

Məlumat üçün bildirək ki, “InterFood Azerbaijan” sərgi iştirakçılarının məh­sullarının real satışını həyata keçirdik­ləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları əlverişli fürsət məkanıdır. Vahid platformada dondurul­muş qidalar və yarımfabrikatlar, qənna­dı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulat­ları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıq­lar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərgidə ilk dəfə olaraq “Agro Ha­ckathon” müsabiqəsi də keçiriləcək. Sözügedən müsabiqədə proqram tərti­batçıları, interfeys dizaynerləri və kom­püter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirə­cəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafat­landırılacaqlar.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasi­yaların və müasir texnologiyaların tət­biqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı, həm də aqrar sektorda innovasiyaların tətbiqin­dən birbaşa asılıdır. Aqrar sektorun bütün sahələrində innovasiyalardan is­tifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklər­lə əyani tanış olmağa imkan verir. Bu baxımdan “Caspian Agro” və “InterFo­od Azerbaijan” sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsər­rüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim etmək imkanı qazanacaqlar. Bununla yanaşı, sərgi çərçivəsində kənd təsərrüfatında istifadə olunan texnikalar da nümayiş etdiriləcək. 

Göründüyü kimi, Azərbaycanda bu tip sərgilərin keçirilməsi kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın ge­nişləndirilməsi ilə yanaşı, müasir texni­ka və texnologiyaların, eləcə də qabaq­cıl təcrübənin ölkəmizə gətirilməsinə imkan yaradır.

Yeri gəlmişkən, ölkə iqtisadiyyatının mühüm sahələrindən sayılan aqrar sek­torun inkişafına dövlət dəstəyi ildən-ilə artır. Artıq uzun illərdir ki, bu sahədə fəaliyyət göstərən iş adamlarına strateji məhsulların yetişdirilməsinə üçün sub­sidiyalar verilir, bir sıra vergi güzəştləri tətbiq olunur. Elə Azərbaycan Respub­likasının 2022–2026-cı illərdə sosial-iq­tisadi inkişaf strategiyasında da kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, bu sahədə yeni iş yerlərinin yaradılması prioritet istiqamət kimi müəyyənləşdiri­lib. 

Ölkəmizin kənd təsərrüfatı sahə­sində potensialı isə olduqca yüksəkdir. Hazırda bu sahədə mövcud imkan­ların tam səfərbər edilməsi, eləcə də işğaldan azad edilmiş torpaqlarımızın əkin dövriyyəsinə cəlb olunması, bu ərazilərdə heyvandarlığın dirçəldilməsi istiqamətində görülən işlər müsbət nə­ticələr verir. Bu baxımdan Azərbayca­nın aqrar sektorunda müşahidə olunan inkişaf meyilləri 2023-cü ildə də davam edib. Dövlət Statistika Komitəsinin mə­lumatına görə, bu ilin yanvar ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb. Hesabat dövründə kənd təsərrüfatı məhsulla­rının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 491,2 milyon manat təşkil edib. Bunun da 468,5 milyon ma­natı və ya 95,4 faizi heyvandarlıq, 22,7 milyon manatı və ya 4,6 faizi isə bitkiçi­lik sahələrinin payına düşüb. Bütövlük­də isə, ilin ilk ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 2,9 faiz təşkil edib.

Bununla yanaşı, cari ilin yanvar ayında Azərbaycandan dünya bazarına 70 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Aq­rar Tədqiqatlar Mərkəzininin məluma­tına görə, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 12,1 faiz artıb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat