Azərbaycan Türkiyənin iki şəhərini qazlaşdırıb

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “SOCAR Türkiyə” törəmə şirkəti qardaş ölkənin Kayseri və Bursa şəhərlərinin qazlaşdırılmasına 4 ildə 170 milyon dollar həcmində investisiya yatırıb.

Türkiyə mətbuatının məlumatına görə, bunu “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, bu investisiyalar 2019–2023-cü illər ərzində “Kayserigaz” və “Bursagaz” şirkətlərinin fəaliyyətinə yatırılıb.

F.İbrahimov daha sonra vurğulayıb ki, həmin dövrdə “Bursagaz” ve Kayse­rigaz” abonentlərinin sayı 1,9 milyona çatdırılıb. Bu abonentlərin 1,2 milyonu “Bursagaz”ın payına düşüb və bununla da şirkət abonent sayına görə, Türkiyə­nin 4-cü ən böyük qazpaylayıcı quru­mu kimi qeydə alınıb. Yeri gəlmişkən, abonent sayının artması nəticəsində Bursa şəhərinin 11 rayonunda şirkətin qaz şəbəkəsinin uzunluğu 7 min 561 kilometrə qədər artırılıb. 

“Kayserigaz” şirkətinin ümumi abo­nentlərinin sayı isə 700 minə çatıb. Nə­ticədə Kayseri şəhərinin qaz şəbəkəsi­nin ümumi uzunluğu 6 min 675 kilometr təşkil edib. Bundan sonrakı yatırımlarla abonentlərin sayının və qaz şəbəkəsi­nin ümumi uzunluğunun daha da ar­tacağı proqnozlaşdırılıb. Başqa sözlə, cari ilin sonuna qədər “Bursagaz” və “Kayserigaz” şirkətləri tərəfindən qaz şəbəkəsinin uzunluğunun 14 min 770 kilometrə çatdırılacağı planlaşdırılıb. 

Qeyd edək ki, Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəs­sisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Ener­vis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri 2019-cu ilin yanvar ayında imzalanıb.

“SOCAR Turkey Enerji A.Ş” Alma­niyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

XQ

İqtisadiyyat