Azərbaycan tarixində İlham Əliyev epoxası

post-img

(əvvəli XQ-nin 1, 3, 5 mart 2024-cü il tarixli saylarında)

VI. Lokal antiterror əməliyyatı 

Xankəndidə parad 

19–20 sentyabr 2023-cü il tarixlə­rində cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı nəticəsində Xankəndi və ətrafındakı Ermənistan ordusunun hissələrinin müqavimə­ti qırıldı və ölkə ərazisini tərk etməyə məcbur edildi. Bu, Ermənistanın Azər­baycan qarşısında ikinci kapitulyasiya­sı idi. Birinci kapitulyasiya 10 dekabr 2020-ci il paradı ilə qeyd edilmişdisə, ikinci kapitulyasiya 8 noyabr 2023-cü ildə Xankəndi paradı ilə qeyd edildi. 

Yevlax görüşləri 

Ermənilər yeni yaranmış situasiyanı nəzərə alaraq erməni icmasının ehti­yaclarına dair Azərbaycan tərəfindən müəyyən edilmiş nümayəndə heyəti ilə əvvəllər imtina etdikləri danışıqlar aparılmasına məcbur oldu. 21 sent­yabr 2023-cü ildə ilk dəfə Yevlaxda və 25 sentyabrda isə Xocalıda görüşlər keçirildi. 

2023-cü il sentyabrın 28-də “DQR”-in oyuncaq prezidenti 2024-cü il yanvarın 1-dən onun buraxılmasını elan etdi. 29 sentyabrda Azərbaycan və erməni icmasının nümayəndələ­ri arasında ikinci Yevlax görüşü oldu. Azərbaycan erməni vətəndaşlarının ərzaq və həyati təhlükəsizliyini tam şə­kildə təmin etməyə hazır olduğunu bil­dirdi. Buna baxmayaraq, Azərbaycan vətəndaşlığının qəbul edilməsi haqqın­da təklifləri qəbul etməyən ermənilər ölkəni tərk etməli oldu. Beləliklə, Azər­baycan ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.

Separatçı “liderlər”in həbsləri 

19-20 sentyabr 2023-cü il tarixli lo­kal antiterror əməliyyatının qələbəsinin ən mühüm nəticələrindən biri də Azər­baycan torpaqlarında hakimiyyət iddi­asında olan separatçı “liderlərin” həbs edilməsi oldu. İlk belə tədbirlərdən biri 29 iyul 2023-cü ildə keçirilmiş, Xocalı­da soyqırımının həyata keçirilməsindən fəal iştirakçılarından olan Vaqif Xaçatr­yan tutulmuşdur. Sentyabrın sonu – dekabrın əvvəllərində isə Ruben Var­danyan, Lyova Mnatsakanyan, David Babayan, Bako Saakyan, “prezident” Araik Arutyunyan, Arkadi Qukasyan və digərləri həbs edilərək, Bakıya gətirildi.

Azərbaycan bayrağı Xankəndidə və Xocalıda 

Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə əvvəlcə Xocalıda, sonra isə Xankəndidə Azərbaycan bayrağı­nı ucaltdı. Noyabrın 8-də Xankəndidə qələbə paradı keçirildi. Prezident İlham Əliyev paradda çıxışında demişdir: “biz tarixi ədaləti bərpa etdik. 20 sent­yabr 2023-cü il bizim tariximizdə qala­caq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün son­ra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nə­zarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bunun­la separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olma­yacaq”. 

Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpası həmin ərazilə­rin Ümumazərbaycan iqtisadiyyatına, sosial-mədəni və siyasi həyatına in­teqrasiyası sahəsində yeni tələblər irəli sürdü. 28 noyabr 2023-cü ildə Xankəndi şəhərində Qarabağ Univer­sitetinin açılması haqqında Prezident sərəncamı verildi. İlham Əliyev dekab­rın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlət və çətinliklər” adlı forumda xarici ekspertlərin suallarını cavablandırdı. 

VII. Növbədənkənar prezident seçkiləri

Qalib liderin qələbəsi

Azərbaycan Respublikasının Prezi­denti yalnız ona məxsus siyasi uzaq­görənlik və iradə ilə bütün dünyaya örnək ola biləcək bir qərar qəbul etdi. Prezident sərəncamına uyğun olaraq 2024-cü il dekabrın 7-də Azərbaycan Respublikasında növbədənkənar pre­zident seçkiləri elan edildi. Prezident İlham Əliyev bu qərarını yerli telekanal­lara 10 yanvar 2023-cü il tarixli müsa­hibəsində ətraflı şəkildə təhlil etmişdir. 

Dekabrın 15-də YAP İdarə Heyə­tinin genişləndirilmiş iclasında parti­ya lideri İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə irəli sürüldü. Prezident həmin günlərdə də Azərbay­canın təmin edilmiş ərazi bütövlüyünün möhkəmləndirilməsi sahəsində fəaliy­yətini davam etdirirdi.

Dekabrın 21-də Xankəndi şəhər stadionunda Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı oldu, sonra isə Qarabağ və MOİK komandaları ara­sında Azərbaycan kuboku üzrə futbol oyunu keçirildi. Azərbaycanın bütün ərazisi üzərində suveren hüquqlarını həyata keçirməsi geridönməz xarak­ter aldı. Bunun ən mühüm simvolla­rından biri İlham Əliyev və birinci xa­nım Mehriban Əliyevanın seçki günü məhz Xankəndidə səs verməsi oldu. Prezident İlham Əliyev andiçmə mə­rasimində bu barədə demişdir: “Orada verdiyim səs, o qutuya atdığım bülle­ten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

2024-cü il 7 fevral prezident seç­kiləri böyük ruh yüksəkliyi və davamiy­yət ilə əlamətdar oldu. Çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi seçki demokratik və şəffaf şəraitdə keçirilmişdi. Seçki prosesin­də seçicilərin 92,12 faizi hakim partiya YAP İlham Əliyevə səs verdi. Azərbay­can Respublikasının Konstitusiyasına uyğun olaraq Konstitusiya Məhkəməsi­nin Plenumu seçkinin nəticələrini təs­diq etdi. 

Azərbaycan tarixində yeni mərhələ

2024-cü il fevralın 14-də Milli Məc­lisdə İlham Əliyevin andiçmə məra­simi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində tarixi nitq söylə­di. Prezidentin nitqində həm 2003-cü ildən başlanan tarixi yola yekun vurul­du, həm də ölkənin inkişaf perspektivi müəyyən edildi.

VIII. Prezident Qarabağ və Şərqi Zəngəzurda

İşğaldan azad edilmiş ərazilərin ta­rixində Prezident İlham Əliyevin həmin ərazilərə səfəri böyük tarixi əhəmiyyətə malik idi. Prezident İlham Əliyev 2020-ci ilin oktyabrından 2023-cü ilin no­yabrınadək işğaldan azad edilmiş əra­zilərə doxsan dəfəyədək səfər etmişdir. Bu səfərlər prosesində işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması və Böyük Qaydışın həyata keçirilməsi hazırlanmışdır. 

IX. Böyük Qayıdış

Zəfərdən quruculuğa

Azərbaycanın II Qarabağ müha­ribəsinin gedişi zamanı əldə etdiyi qələbələr və işğaldan azad edilmiş torpaqların ərazisinin genişləndirilməsi bu ərazilərin bərpa və yenidən qurul­masını, həmçinin məcburi köçkünlərin öz yerlərinə qayıtmasını da reallığa çevirdi. Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri azad edildik­cə ictimai fikirdə belə bir təsəvvür var idi ki, məcburi köçkünlər bu prosesin ardınca həmin ərazilərə qayıda bilə­cəkdir. Azərbaycan dövləti isə bu əra­zilərdə baş verən dağıntının miqyasını və minalanmasının səviyyəsini nəzərə alaraq, problemin həllinə konseptual yanaşmağa üstünlük verdi.

Bərpa və inkişaf konsepsiyası

Bununla əlaqədar olaraq, dövlət tərəfindən müvafiq tədbirlər görülmə­sinə başlandı. İlk tədbirlər işğaldan azad edilmiş ərazilərinin idarəsinin təşkili bağlı idi. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev tərəfin­dən müharibənin davam etdiyi dövrdə, 29 oktyabr 2020-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəet­mənin təşkili haqqında” fərmanı imza­landı. 

Fərmana uyğun olaraq, Azərbay­can Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgü­sünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən mü­vəqqəti komendantlıqlar yaradılmağa başlandı. Müharibənin başa çatma­sından sonra, 24 noyabr 2020-ci ildə Prezdent sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlə­rin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahı yaradıl­dı. 

Bu sahədə görülən ən mühüm iş­lərdən biri kimi Azərbaycan Respub­likasının iqtisadi rayonlaşdırılmasının təkmilləşdirilməsi oldu. Prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yeni Qarabağ (Xankəndi, Ağcabədi, Ağ­dam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər) və Şərqi Zəngəzur (Cəb­rayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngi­lan) iqtisadi rayonları yaradıldı.

Azad edilmiş ərazilərdə idarəetmə

İdarəetmənin təşkili ilə birgə, iş­ğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi ciddi vəzifə kimi qarşıda dururdu. Bu məsələ “Azərbaycan Respublikası­nın işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və da­yanıqlı inkişafı Dövlət Proqramı”nda da (26 aprel 2021-ci il) əksini tapmışdır. Dövlət Proqramının 5-ci bölməsində əhalinin repatriasiyasından bəhs olu­nur. Orada qeyd edilir ki, “İşğaldan azad edilmişərazilərə əhalinin re­patriasiyası prosesinin fundamental əsaslarının müəyyən edilməsi üçün, ilk növbədə, məcburi köçkünlər arasında sorğular aparılır və səmimilik prinsipinə əsaslanan bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma sxem­ləri hazırlanır. Əhalinin repatriasiyası prosesi sosial-demoqrafik dinamika nəzərə alınmaqla, könüllülük, sosial ədalətin qorunması, o cümlədən əmlak və mülkiyyət hüquqlarının bərpası kimi prinsiplər əsasında aparılır”. 

Dövlət Proqramında məcburi köç­künlərin doğma torpaqlarına qaytarıl­masının beynəlxalq praktika nəzərə alınmaqla, yerli şəraitə uyğun şəkil­də həyata keçirilməsi nəzərdə tutulur. Əhalinin repatriasiyası kompleks ya­naşmanın tətbiqi və mərhələlik prinsi­pinin gözlənilməsi şərti ilə həyata ke­çirilməlidir. Bu zaman repatriasiya üç fazada reallaşdırılmalıdır. Proqramda qeyd olunan repatriasiya prosesinə uyğun, müvafiq prioritet istiqamətlə­rin həyata keçirilməsinin mərhələliyini və digər zəruri tədbirlərin icrasının isə paralel yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq bu istiqamətdə yerinə yetiriləcək tədbirlərin matrisi də hazır­lanmışdır. 

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında ən mühüm yenilik onun müasir dövrün tələblə­rinə uyğunlaşdırılması olmuşdur. Bu məqsədlə “ağıllı kənd” və “ağıllı şəhər” modeli hazırlanmışdır. Bərpa ediləcək birinci kənd kimi Zəngilanın Ağalı kən­di müəyyən edilmişdir. Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonla­rına 2021-ci il aprelin 26-dakı səfəri zamanı demişdir: “Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox bö­yük önəmi var”.

Qayıdışın xronikası

Prezident İlham Əliyev məcburi köçkünlərin doğma torpaqlarına qayıt­masını Böyük qayıdış kimi müəyyən etmişdir. O, Kəlbəcər və Laçın rayon­larına 2021-ci il avqustun 16-dakı səfə­ri zamanı demişdir: “Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara təd­ricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zən­gilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yer­ləşəcək. Eyni zamanda, Ağdam, Cəb­rayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq” . Azər­baycan dövlətinin işğaldan azad edil­miş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin uğurla həya­ta keçirilməsinə paralel olaraq məcburi köçkünlərin doğma torpaqlarına qay­tarılması da reallığa çevrildi. 

19 iyul 2022-ci ildə Zəngilan rayo­nunun Ağalı kəndinə əhalinin köçürül­məsilə Böyük qayıdışa start verilmişdir. Böyük Qayıdış 2023-cü ildə də davam etdirildi. Martın 16-da 20 köçkün ailəsi Talış kəndinə, mayın 27-də 20 ailə (90 nəfər) Laçın şəhərinə, avqustun 18-də 25 ailə (90 nəfər) Füzuliyə, avqustun 25-də 20 ailə (88 nəfər) Laçının Zabux kəndinə qayıtmışdır.

X. Birinci xanım Prezidentlə çiyin-çiyinə

Birinci xanım Mehriban Əliyeva 1990-cı illərin ortalarından Azərbayca­nın ictimai-siyasi həyatında önəmli rol oynamağa başlamışdır. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiya­sının prezidenti seçilməsilə bu idman sahəsində yeni uğurlar əldə edilməsi­ni təmin etmişdir. Onun Heydər Əliyev Fondunu təsis etməsi və prezidenti kimi fəaliyyəti isə onun ictimai-si­yasi həyatında yeni dövr açmışdır. Mehriban Əliyevanın fəaliyyəti Azər­baycanın hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. İSESKO-nun xoşməramlı səfiri kimi İslam mədə­niyyətinin inkişafına böyük töhfələr vermişdir. 2005-2017-ci illərdə Azər­baycan Milli Məclisinin üzvü kimi par­lamentdə fəaliyyət göstərmiş, nəinki öz seçicilərinin, bütövlükdə Azərbay­can xalqının hörmətini qazanmağa nail olmuşdur. Mehriban Əliyeva məhz bu nüfuzuna görə, 1 fevral 2027-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir. 

Mehriban Əliyevanın dövlət rəh­bərlərindən biri kimi rolu İkinci Qa­rabağ müharibəsi dövründə özünü xüsusilə nümayiş etdirmişdir. O, mü­haribənin ilk günündən etibarən Ali Baş Komandan İlham Əliyev ilə birgə müharibədə qələbənin təmin olunma­sında iştirak etmişdir. Müharibənin gedişində onun sosial şəbəkələrdə­ki paylaşımları Azərbaycan xalqına dəstək olmuşdur. 

Birinci xanım Mehriban Əliyeva müharibənin 3-cü günü, 29 sentyabr 2020-ci ildə İnstaqram səhifəsindən paylaşımında yazırdı: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müda­fiə edərək uğurlu əks-hücum əməliyya­tı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir…Azərbayca­nın bütün əsgərlərinin, zabitlərinin hə­yatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülmə­miş birlik göstəririk. Ulu Tanrı Azərbay­can xalqına onun müqəddəs mübarizə­sində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şə­hidlərimizə rəhmət etsin! Qəbirləri nur­la dolsun!”. 

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə bir yerdə ilk dəfə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında olmuş, real vəziyyət haqqında ilk paylaşımlar et­mişdir. Onun ən böyük xidmətlərindən biri də rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə Böyük Qaydışın hə­yata keçirilməsinə verdiyi töhfəsilə bağlıdır. Heydər Əliyev Fondu işğal edilmiş bütün ərazilərdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı Şu­şada ən möhtəşəm tarix və mədəniy­yət abidələrinin bərpası missiyasını öz üzərinə götürərək, bunu uğurla həyata keçirməkdə davam etməkdədir. 

Nəticə

Prezidentliyə namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb, onun namizədliyini müdafiə edən Ulu öndər Heydər Əliyevin tarixi qərarı öz həyati­liyini təsdiq etdi. İlham Əliyev bir-birinin ardınca Azərbaycan Respublikasının Prezidenti seçilərək xalqın və dövlətin qarşısında duran ən mühüm məqsədə – Ermənistanın işğalı altında olan əra­zilərin müharibə yolu ilə azad edilmə­sinə nail ola bildi. 

Bu möhtəşəm qələbəyə çatmaq üçün Prezident İlham Əliyev dünya hərb tarixində tayı-bərabəri olmayan strategiya və taktika hazırladı və tət­biq etdi. Hakimiyyətinin ilk 17 ili ərzin­də bir tərəfdən Ermənistanın bir-birini əvəz edən dövlət və hökumət başçıları ilə səbr və təmkinlə sülh danışıqlarını davam etdirdi, digər tərəfdən dövlə­tin qarşısında duran prioritetləri dəqiq müəyyən edərək, ardıcıl şəkildə yerinə yetirməyə başladı. 

Modern dövlət quruculuğu təmin edildi, yeni və müasir Azərbaycan Or­dusu yaradıldı, dövlət, xalq və ordu­nun qələbə naminə birliyi təmin edildi. Bunun nəticəsində, 44 gün ərzində Böyük Zəfərə nail olundu, Ermənis­tan kapitulyasiyaya məcbur edildi. Post-müharibə dövründə də qələbə strategiyası davam etdirildi, 2023-cü ilin 19-20 sentyabrında uğurla həyata keçirilən lokal antiterror əməliyyatı nə­ticəsində Azərbaycanın bütün ərazisin­də suveren hüquqları bərpa edildi.

Prezident İlham Əliyev yenilməz siyasi iradə nümayiş etdirərək növbə­dənkənar prezident seçkiləri elan etdi. Bununla da Azərbaycan tarixində yeni dövrün də başlanğıcını qoydu. Azər­baycan tarixinin İlham Əliyev epoxası­nın tarixi təcrübəsi yeni dövrdə də yeni qələbələrdən xəbər verir. 

Kərim ŞÜKÜROV,
AMEA Tarix İnstitutunun baş direktoru, professor

Siyasət