Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxış edən Prezident İlham Əliyev ötən illərdə bu istiqamətdə reallaşan toplantılar zamanı enerji təhlükəsizliyi məsələlərinin müzakirəsinin diqqət mərkəzində olduğunu bildirib. Azərbaycanın mövqeyinin bu məsələdə hər zaman ardıcıl olduğunu – bunun hər bir ölkənin milli təhlükəsizlik məsələsi sayıldığını vuğulayan dövlətimizin başçısı respublikamızın mövqeyində şaxələndirmənin yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməsinin zəruriliyini xatırladıb.
Ölkə rəhbəri qeyd edib ki, hazırda Avrasiyada yaşanan geosiyasi vəziyyət məhz Azərbaycanın gördüyü işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Respublikamıza gəldikdə isə Cənub Qaz Dəhlizi (CQD) tamamilə yeni marşrutdur. Bu gün ona əlavə edilən bir çox marşrutlar – interkonnektorlar Azərbaycan qazının yeni mənbə olduğunun parlaq ifadəsidir. Bu, eyni zamanda, reallaşdırılan layihədə enerjinin şaxələndirilməsi prioritetinə ciddi önəm verildiyini də təsdiq edir.
Dövlətimizin başçısı CQD Məşvərət Şurası çərçivəsində keçirilən iclasdakı nitqində ötən il baş verən önəmli hadisələri də diqqətə çatdırıb:
–Xəzər dənizinin Azərbaycan sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı reallaşıb. Bununla da “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının aşkarlanması gerçəkləşib;
– Azərbaycanın daha iki ölkəyə – Macarıstan və Serbiyaya qaz nəql etməsi təsdiqini tapıb, belə bir hadisə ilə Avropaya qaz təchizatımızın coğrafiyası genişlənib;
–ötən il Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına qərar verilib. Başqa sözlə, şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirməyə nail olunub.
Prezident İlham Əliyev bildirib ki, bütün bu uğurlu layihələr Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.
Dövlətimizin başçısı nitqində Azərbaycanın “yaşıl enerji”yə keçid prosesində fəal iştirak etdiyini, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, 2023-cü ilin oktyabr ayında isə ölkəmizdə ilk böyük Günəş Elektrik Stansiyasının açılışının reallaşdığını da diqqətə çatdırıb. Ölkə rəhbəri imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək Azərbaycanın 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırdığını da fikrinə əlavə edib.
Xatırladaq ki, CQD Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən başlayaraq hər il keçirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi reallaşan CQD-nin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. CQD layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb.
Onu da qeyd edək ki, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq–Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.
Dövlətimizin başçısı Bakıda CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı nitqində də sözügedən dəhlizin fəaliyyətini yüksək dəyərləndirərək onun artıq üç ildir ki, fəaliyyət göstərdiyini bildirib: “Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir”.
CQD-nin, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı.
Artıq onuncu dəfə təşkil olunan CQD Məşvərət Şurası çərçivəsində nazirlərin iclasınin keçirilməsi bir daha göstərir ki, Azərbaycan Avropanın enerji təminatında önəmli rol oynayır. İqtisadi inkişafı sürətlə inkişaf edən, bu sahədə uğulu şaxələndirmə siyasəti gerçəkləşdirən ölkəmiz bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da reallaşdırmaqda əhəmiyyətli addımlar atır.
Qeyd edək ki, sözügedən məsələnin prioritet xarakter daşımasını Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasəti şərtləndirir. Bu istiqamətdə 2022-ci il iyulun 18-də Avropa Komissiyasının (AK) Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı və AK-nin rəhbəri tərəfindən imzalanan “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” artıq uğurla icra edilir.
Xatırladaq ki, Azərbaycan bu gün özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün zəngin enerji resursları üçün isə etibarlı bazara ehtiyacı var.
Prezident İlham Əliyevin yeni enerji siyasətinin digər mühüm komponenti isə Avropaya digər enerji körpüsünü də salmaqdır. Azərbaycan elə bu məqsədlə də qarşıya Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməsini prioritet istiqamət kimi qoyur.
Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı respublikamızın bu sahədə də həlledici rol oynamasına imkan verir. Ölkəmizin quruda külək və günəş enerjisinin həcminin 27 qiqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etməsi də bunun bariz ifadəsidir. Yeri gəlmişkən, respublikamızın 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırması, bunun 80 faizinin ixraca yönəldilməsinin nəzərdə tutulması, eyni zamanda, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin qarşıya önəmli vəzifə kimi qoyulması da Azərbaycanın bu prioritet istiqamətə ciddi yanaşmasından xəbər verir.
Göründüyü kimi, respublikamızın Aİ ilə enerji dialoqunda yeni mövzular olan “yaşıl enerji” və “yaşıl hidrogen” böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcəyi gözlənilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin də bərpaolunan enerji potensialından istifadə olunması istiqamətində hazırda ciddi addımlar atılır.
BP-nin Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyasının qurulması azad edilmiş ərazilərdə bir ilk olaraq mühüm tarixi hadisədir. Xatırladaq ki, “yaşıl enerji” zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır.
Azərbaycanın bərpaolunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Digər enerji şirkətləri tərəfindən də BP kimi addım atılacağına və zəngin külək potensialına malik Kəlbəcərə, Laçına və ölkəmizin ən günəşli yeri olan Cəbrayıla diqqət yetiriləcəyinə böyük ümid bəslənilir.
Hesablamalara əsasən, Azərbaycanda reallaşan investisiya layihələrinin (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox “yaşıl enerji” verəcəyi proqnozlaşdırılır. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanan niyyət protokolları əsasında respublikamızda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Beləliklə, Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə başlanan yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün və ən müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir.
V.BAYRAMOV
XQ