Ölkəmiz beynəlxalq daşımalar məkanıdır

post-img

Son illər regionun qlobal nəqliyyat-logistika mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq arenada nüfuzu getdikcə artır. Hazırda bütün regionun sabitlik məkanı kimi tanınan, əlverişli geosiyasi mövqedə və beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz, həm də tranzit yükdaşımalar sahəsində ən etibarlı tərəfdaş kimi qəbul edilir. Belə ki, Azərbaycanın ərazisindən keçən Şərq–Qərb, Şimal–Cənub dəhlizlərindən və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) digər çoxsaylı ölkələr də faydalanır. 

Ötən müddətdə Azərbaycan özünün yol-nəqliyyat infrastrukturunu dünya standartlarına uyğunlaşdırmaq üçün milyardlarla dollar vəsait xərcləyib. Artıq ölkəmizin ərazisindən keçən bütün yollar tamamilə modernləşdirilib. Bunun da nəticəsində Qərbdən Şərqə və  Şimaldan Cənuba istiqamət alan nəqliyyat vasitələrinin mənzil başına daha rahat, tez və təhlükəsiz hərəkəti təmin olunub.. Eyni zamanda, son illər regionun tranzit mərkəzinə çevrilən Azərbaycanda dəniz limanlarının infrastruktur imkanlarının artırılması, xüsusən də beynəlxalq səviyyəli Bakı Dəniz Ticarəti Limanının tikilib istifadəyə verilməsi və onun yükaşırma qabiliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizi bu sahədə də ön mövqelərə çıxarıb. Bunun nəticəsidir ki, son illər Şərq–Qərb, Şimal–Cənub və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihələrinə qoşulan ölkələrin sayı getdikcə artır. 

Təsadüfi deyil ki, fevralın 14-də Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bu vacib məqama toxunaraq deyib: “Biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq”. 

Göründüyü kimi, vaxtilə bütün lazımi infrastruktur layihələrini uğurla icra etməsi ölkəmizə əlavə üstünlük qazandırıb. Dövlət başçısının qeyd etdiyi kimi, həm Xəzər dənizindəki limanlarımız, həm dəmir yolu infrastrukturumuz, həm də avtomobil yollarımız tam gücü ilə fəaliyyət göstərir. Bununla yanaşı, hazırda 8 beynəlxalq aeroportu olan Azərbaycan hava məkanı ilə yükdaşımalara da önəmli töhfələr verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 230 milyon 232 min ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 5,3 faiz çoxdur. İl ərzində Azərbaycanda daşınan ümumi yüklərin 134 milyon 216 min tonu avtomobil nəqliyyatının payına düşüb. Bu isə  2022-ci ilə nisbətən 6,5 faiz artım deməkdir. Hesabat ilində avtomobil nəqliyyatı ilə 1 milyard 828,5 milyon ABŞ dolları dəyərində  2 milyon 27 min ton yük ixrac edilib. Bununla yanaşı, il ərzində magistral avtomobil yolları ilə ölkəmizə 10 milyard 269 milyon dollar dəyərində 3 milyon 398,2 min ton yük idxal olunub. Göründüyü kimi, həm ixrac, həm də idxal yüklərinin həcmində əhəmiyyətli artım qeydə alınıb. 

Ötən il ölkəmizin dəmir yolları ilə 18 milyon 262 min ton yük daşınıb. İl ərzində ölkəmizin polad magistralları ilə daşınan yüklərin 7 milyon tona yaxınını tranzit yüklər təşkil edib. Hesabat ilində dəniz nəqliyyatı ilə 9 milyon 10,8 min ton (artım 19,8 faiz), hava nəqliyyatı ilə 339 min tona yaxın müxtəlif növ yüklər daşınıb.

Samir HEYDƏROV,  
iqtisadçı ekspert

Azərbaycan coğrafi olaraq Qərblə Şərqin, Şimalla Cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Belə əhəmiyyətli coğrafi mövqe imkan verir ki, ölkəmiz tranzit potensialından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirində əhəmiyyətli mövqeyə sahib olsun.

Postpandemiya dönəmində, 2022-ci ilin yanvar-oktyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımalarının həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 27 faiz, mütləq ifadə ilə 42,5 milyon tona yaxın artıb. 2022-ci ildə Şərq–Qərb nəqliyyat dəhlizi vasitəsilə ötürülən tranzit yüklərin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20 faiz, Şimal–Cənub dəhlizi vasitəsilə isə 33 faiz çoxalıb. 2023-cü ilin 8 ayına görə isə 2022-ci ilə nisbətən 37 faiz azalıb.

Yeri gəlmişkən, rəsmi Bakı son iki ildə Avropa ölkələrinə Orta Dəhlizin əhəmiyyətini və iqtisadi səmərəliliyini təşviq etməyə çalışsa da, bu dəhlizə kifayət qədər əhəmiyyət verilməyib. Bu da ondan irəli gəlir ki, Avropa ölkələri tərəfindən yüklərin ənənəvi yollarla ötürülməsinin onlar üçün qənaətbəxş olduğu  hesab edilib. Amma mürəkkəb geosiyasi vəziyyət yüklərin 52 günə mənzil başına çatmasına gətirib çıxarıb. Halbuki rəsmi Bakı region ölkələri ilə aparılan əməkdaşlıq çərçivəsində yüklərin Orta Dəhlizlə çatdrılmasını 22 günə endirib.

Son aylar Qırmızı dənizdə husi yaraqlılarının Avropa və Amerika ticarət gəmilərinə hücumlar təşkil etməsi Orta Dəhlizin aktuallığını daha da artırır. Bu baxımdan ölkəmizin tranzit imkanları da genişlənməkdədir. Bu isə milli iqtisadiyyat üçün əlavə gəlir deməkdir. Azərbaycanın birbaşa açıq dənizə çıxışı olmasa da, ölkəmizə məxsus  coğrafi mövqe və onun beynəlxalq ticarət yollarının kəsişməsində yerləşməsi tranzit imkanlarını daha da artırıb. Təbii ki, burada limanların, terminalların və dəmir yollarının ­yükaşırma, yükqəbuletmə və ­yükötürmə imkanları da artırılıb. 

Artıq Şimal–Cənub dəhlizi üzrə Astara terminalının tikintisi böyük ölçüdə yekunlaşıb. Ötən il bu terminal vasitəsilə 700 min dən çox yük aşırılıb. Tranzit imkanlarının artması isə ölkəmizin daha çox gəlir əldə etməsinə səbəb olub. Belə ki, 2022-ci ilin 9 ayında yükdaşımalardan gəlir 33,2 faiz artaraq 539,6 milyon manat təşkil edib. Tranzit yükdaşımalarından isə 230 milyon manat gəlir əldə edilib.

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham ­Əliyev tərəfindən təsdiq edilmiş “2022-2026-cı illər ölkənin sosial-iqtisadi inkişaf strategiyası”na görə, tranzit imkanlar artırılaraq əldə edilməsi nəzərdə tutulan gəlirin həcmi qarşıdakı 5 il ərzində 450 milyon manata çatdırılacaq.

 

Mirbağır YAQUBZADƏ 
XQ

 



İqtisadiyyat