İnvestisiya təşviqi – sahibkarlığa “yaşıl işıq”

post-img

2024-cü il 1 fevral tarixli “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” haqqında fərmanda neft-qaz, kimya, tikinti materialları və pambıq sahələri, habelə bərpaolunan enerji mənbələrinin istehsalı ilə bağlı layihələr də yer alıb. Sənəddə tullantıların idarə olunması və təkrar emalı, dəniz suyunun duzsuzlaşdırılması, özəl sənaye məhəllələrinin yaradılması, COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqların qarşılanması və digər təşəbbüslərlə əlaqədar layihələrə də investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Baş nazir Əli Əsədov 18 iyul 2023-cü il tarixli qərarla “İnvestisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təs­diqedici sənədin verilməsi nəzərdə tutu­lan mal mövqelərinin siyahısı”nı təsdiq edib. Həmin siyahıda istehsal vasitələri, qızdırıcı sobalar, dəzgahlar üçün məsrəf materialları, mühərriklər, buxar qazanları, sənaye sobaları, avtoyükləyicilər, kənd təsərrüfatı avadanlıqları, generatorlar, qida məhsullarının daşınması üçün avto­mobillər və s. qeyd olunub. 

Göründüyü kimi, investisiya təşviqi sənədi investisiya fəaliyyətinin genişlən­dirilməsi, biznes mühitinin yaxşılaşdı­rılması və yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi məqsə­dilə müvafiq qanunları ilə müəyyənləşdi­rilən güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu sənəd əsasında Vergi Mə­cəlləsi və “Gömrük tarifi haqqında” Qanu­na əsaslanmaqla müəyyənləşdirilən bir sıra güzəştlər nəzərdə tutulur.

Onu da deyək ki, investisiya təşviqi sənədlərinin verilməsi ölkəmizdə indiyə­dək mövcud olmayan yeni avadanlıqların, texnikaların respublikamıza gətirilməsinə, yeni iş yerlərinin yaradılmasına eyni za­manda, müasir istehsal sahələrinin qurul­masına səbəb olub. 

İnvestisiya təşviqi sənədlərinin tətbiqi ilə sənaye zonalarının sürətli inkişafı tə­min edilib. Bu zonalarda buraxılan məh­sullar 50-dən artıq ölkəyə ixrac olunub. Sahibkarların biznes fəaliyyətini stimul­laşdıran, onların vergi və gömrük güzəşt­ləri əldə etməsi üçün əlverişli şərait yara­dan və 2016-cı ildən tətbiqinə başlanan investisiya təşviqi mexanizmi çərçivə­sində 7 ildən artıq müddət ərzində 700-ə yaxın layihə təşviq edilib. Layihələrin icrası nəticəsində iqtisadiyyata 6 milyard manatdan artıq investisiya yatırılması, 40 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulub. 

20 dekabr 2022-ci il tarixli fərmanla əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləş­dirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq əra­zilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyənəş­dirilən istiqamətlər üzrə strateji layihələrə verilməsi nəzərdə tutulub. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı sahəsi əlavə olu­nub, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, tex­noloji avadanlıq və qurğuların əhatə da­irəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiq edilib. 

Qeyd edək ki, Azərbaycan Respubli­kası ərazisində fəaliyyət göstərən hər bir hüquqi şəxs və fərdi sahibkar əvvəlcədən müəyyənləşdirilən tələblərə uyğun inves­tisiya layihələri üzrə investisiya təşviqi sənədi ala bilər. İnvestisiya təşviqi sənədi İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı 3 əsas meyara cavab verən investisiya layihələrinə verilir:

– investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;

– investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;

– investisiya layihəsinin həyata ke­çiriləcəyi inzibati ərazi vahidləri.

Xatırladaq ki, son illərdə respublika­da özəl sektorun dinamik inkişafı diqqət­də saxlanılıb, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam et­dirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması və sahibkarların bu prosesə yaxından cəlb olunmasına xüsusi önəm verilib. Eyni zamanda sahibkarlıq sahə­sində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflı­ğın təmin olunması, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sa­hibkarların xərclərinin azaldılmasına təsir göstərməklə onların büdcəyə vergi ödə­nişlərinin həcmini də artırıb. 

Sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti sub­yektlərinin dövlət qurumları tərəfindən qa­nunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşı­sında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması vacib şərtlərdir. Ona görə də reallaşdırılan layihələr davamlı xarakter daşıyır, dövlət strukturları, ayrı-ayrı na­zirliklər tərəfindən bu məqama mühüm önəm verilir. 

Azərbaycanın dünya miqyasında sa­bit iqtisadiyyata malik dövlət kimi tanın­ması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərt­ləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadə­sini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlı­ğında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq bü­ruzə verib.

Ölkədə davamlı investisiya artımını bir sıra amillər şərtləndirib. Belə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatı struktur və məzmunca xeyli dəyişib, yeni çağırış­lar fonunda yeni tənzimləmələr aktualla­şıb. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azər­baycan iqtisadiyyatının biznes və inves­tisiya mühitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb.

22 iyun 2022-ci il tarixli “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Res­publikasının Qanunu da bu sahənin yeni mərhələyə daxil olmasını şərtləndirib. Qeyd edək ki, ölkədə yerli və xarici inves­tisiyaların cəlb edilməsi baxımından mü­hüm əhəmiyyətə malik adı çəkilən qanun 2021-ci il 2 fevral tarixli sərəncamla təs­diqlənən “Azərbaycan 2030: sosial-iqtisa­di inkişafa dair Milli Prioritetlər”inə uyğun hazırlanıb.

Azərbaycana investisiya qoyuluşunu sürətləndirmək üçün son illər bir sıra la­yihələr gerçəkləşdirilib. Məsələn, investi­siya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları da­vam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elekt­ron satınalma, tikintidə “bir pəncərə”, biz­nesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mü­hüm tədbirlər həyata keçirilib.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat