Əkin subsidiyası bolluğa meydan açır

post-img

Kənd təsərrüfatı sahəsində məhsul bolluğunu təmin etmək üçün payızlıq əkinlər genişləndirilib. Bununla paralel olaraq, mövsümün əvvəllərindən etibarən dövlətin dəstək mexanizmi də işə düşüb. Məlum olduğu kimi, uzun illərdir ki, aqrar sektorda bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu baxımdan əkin sahələrinin subsidiyalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 

Artıq ölkədə fermerlərə payızlıq əkin­lərə görə subsidiyaların ödənişinə baş­lanılıb. Xatırladaq ki, subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kre­dit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İlkin mərhələdə 2023–2024-cü təsərrüfat ili üzrə 536 min 702 əkin bəyanı əsasında 263 min 992 fermerə, ümumilikdə, 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 min 298 hektar sahəni əhatə edir.

Yeri gəlmişkən, ötən il fevralın əvvəl­lərində ölkə üzrə 189 min 946 əkin bəyanı üzrə 93 min 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənil­mişdi. Ümumi ödənişlər isə 258 min 349 hektar əkin sahəsini əhatə etmişdi. Gö­ründüyü kimi, bu il ilkin mərhələdə subsi­diya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı isə 2,8 dəfə artıb. 

Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, subsidiya ödənişlərinin sürətli köçürülməsinə müsbət təsir edən amillər­dən biri də fermerlərin çıxarış sənədlərini əldə etməsidir. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq 2025-ci il yanvarın 1-dən başlayaraq subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın döv­lət reyestrindən çıxarış sənədi əsasın­da verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərə­findən bu sahədə fermerlərin maariflən­dirilməsi, vətəndaşların torpaqdan istifa­də hüququna dair sənədlərində mövcud çatışmazlıqların aradan qaldırılması və pay torpaqları üzərində mülkiyyət hüquq­larının rəsmiləşdirilməsinin başa çatdı­rılması ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti qurumlarla birlikdə mü­vafiq addımlar atılır. Bunun nəticəsində torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib və 2023–2024-cü təsərrüfat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteq­rasiya edilib. 

Qeyd edək ki, Elektron Kənd Təsər­rüfatı İnformasiya Sistemi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi­nin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteq­rasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir. Bu­rada şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məh­sullarının ilkin mərhələsindən son mər­hələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılma­sını özündə ehtiva edir. Sözügedən sis­tem kənd təsərrüfatının zamanla bütün sahələrini əhatə etməklə yanaşı, daxili və xarici sistemləri ilə inteqrasiya im­kanlarının genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı ilə bağlı bütün proses­lərin məntiqi əlaqəliliyinin qurulmasına, proseslərin tamamlanmasına, analizlə­rin aparılmasına, müasir texniki həllərin tətbiqinə, dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır.

Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatında o da bildirilib ki, qurum əkin bəyanlarının monitorinqini başa çatdır­dıqca ödənişləri həyata keçirir. Monito­rinqlərin müddəti və mərhələləri bəyanla­rın uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Torpaq sənədlərinin sistemdə müqayisəli yox­lanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar dövlətin aqrar sahəyə ödədiyi vəsaitin fermerlərə ədalətli çatdı­rılmasını təmin etməyə imkan verir.

Qanunvericiliyə uyğun olaraq fermer­lər karta köçürülmüş vəsaitin 25 faizini nağdlaşdıra, 75 faizini isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, ser­tifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alın­masına və qurulmasına sərf edə bilərlər.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumat­ları və torpaq sənədlərinin monitorinqi davam edir. Əkinləri üzrə monitorinqləri başa çatmış, torpağın aqrokimyəvi ana­lizinin nəticələrini Elektron Kənd Təsər­rüfatı İnformasiya Sisteminə daxil etmiş və sığortaya dair məlumatları sözügedən sistemə inteqrasiya edilmiş fermerlərin siyahısı hazırlanır. Hər həftə həmin si­yahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. 

Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, payızlıq əkinlərə və çoxillik əkmələrə görə subsidiya ödənişlərinin mümkün qısa müddətdə başa çatdırıl­ması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat