“Köhnəni ver, yenisini al”

post-img

Azərbaycanda “qoca” avtomobillərin dövranı bitir 

Xəbər verildiyi kimi, fevralın 1-dən ölkə ərazisində avtomobillərin texniki baxışı zamanı utilizasiya haqqının ödənilməsi tələb olunacaq. Daha doğrusu, həmin vaxtdan etibarən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq. 

Bu məsələ Daxili İşlər Nazirliyinin Kol­legiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkə­tinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da et­diyi dəyişiklikdə əksini tapıb. Qeyd olunur ki, nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitə­silə ödənilməsi də təmin olunmalıdır. Av­tomobillərin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcminin müəyyənləşdirilməsi ilə bağ­lı əsas prosedurlar başa çatıb. Hazırda proses son mərhələdədir. Yaxın günlərdə isə Nazirlər Kabineti bununla bağlı qərar qəbul edəcək. 

Xatırladaq ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, avtomobil sahiblərindən utilizasi­ya haqqı iki halda alınacaq. Birinci halda fevralın 1-dən gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin (raritet minik avto­mobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna ol­maqla) gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınacaq. Digər halda isə mütəmadi olaraq dövlət texniki baxışı üzrə utilizasiya haqqı ödəniləcək. Başqa sözlə, qanuna əsasən, avtomobillər isteh­sal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxt­dan on il keçdikdə ildə bir dəfə dövlət tex­niki baxışından keçməlidir. Bu zaman isə hər dəfə utilizasiya haqqının ödənilməsi tələb olunacaq.

Prezident İlham Əliyevin 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiya­sı üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qa­nununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcə­sinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılıb. Prezident sərəncamına əsasən, Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyə­tinə bu sərəncamdan irəli gələn məsələlə­ri həll etmək tapşırılıb. 

Yeri gəlmişkən, köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasir­ləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlı­ğın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istis­mar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70–80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə, hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur. 

Ekspertlər bildirirlər ki, istehsal tarixi ötən əsrin 90-cı illərinə təsadüf edən avto­mobillər belə, nasazlıq ucbatından tez-tez təmir sexlərinə gətirilir. Həmin maşınlar təmir olunsa da, onlar ölkənin nəqliyyat parkının yenilənməsinə əngəl törətməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin art­masına səbəb olur. 

Eldəniz CƏFƏROV, 
avtomobil nəqliyyatı üzrə ekspert

Köhnə nəqliyyat vasitələrinin utili­zasiyası böyük bir sosial proqramdır. Bu layihəni həyata keçirmək o qədər də asan deyil. Bu tip layihələri, əsasən, iqtisadiy­yatı dayanıqlı olan ölkələr reallaşdıra bi­lir. Azərbaycan da utilizasiya layihəsini həyata keçirə bilən ölkələr sırasındadır. Artıq bu məqsədlə ölkəmizdə utilizasiya fondu yaradılıb. Fevral ayının 1-dən Azər­baycana idxal olunan köhnə avtomobillərə görə digər rüsumlarla yanaşı, utilizasiya rüsumu da ödəniləcək. Bununla yanaşı, ölkə ərazisində istismar olunan köhnə avtomobillərin sahibləri texniki baxış za­manı müəyyən məbləğdə utilizasiya haqqı ödəyəcəklər.

Utilizasiya proqramının hazırlanması və onun həyata keçirilməsi ilə bağlı ilkin cizgilər 2018-ci ildə ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Res­publikasında yol hərəkətinin təhlükəsizli­yinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı”nda təsbit olunmuşdur. Artıq həmin proqrama əsasən, bir neçə layihə həyata keçirilib. Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Ko­missiyanın alt qruplarında ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəmizə idxalı və vətəndaşlar tərəfindən ölkə daxilində is­tifadəsini stimullaşdırmaq üçün müxtəlif həvəsləndirici addımlar atılır. Bu baxım­dan hazırlanmış xüsusi yol xəritəsi diqqət çəkir. Belə ki, sözügedən sənədə əsasən, ölkəmizə idxal olunan ekoloji təmiz nəq­liyyat vasitələri rüsumlardan azad edilib. Onların istismarını stimullaşdıran bir sıra digər layihələr də həyata keçirilib. Eyni zamanda, ekoloji təmiz nəqliyyat vasitələ­ri sayılan elektromobillərin infrastrukturu yaradılıb. Elektrikdoldurma məntəqələri üçün lazım olan cihazlar ölkəyə idxal olu­nan zaman bütün rüsumlardan azad edilib. 

Bu gün vətəndaşları belə bir sual ma­raqlandırır: utilizasiya proqramının onlar üçün hansı müsbət və mənfi tərəfləri ola­caq? Bu sualın cavabını verməzdən öncə qeyd etməliyəm ki, hazırda ölkəmizdə köhnə, istismara yararsız avtomobillərin sayı həddindən artıq çoxdur. Həmin av­tomobillərin bir qismi müasir texniki təh­lükəsizlik və sərnişindaşıma tələblərinə cavab vermir. Məsələnin ekoloji tərəfinə diqqət yetirəndə aydın olur ki, köhnə avto­mobillər atmosferə həddindən artıq zərərli qazlar buraxır. Eyni zamanda, istismara yararsız bu tip avtomobillər uzun illər bir yerdə dayandığından onların parçalanmış ehtiyat hissələri, köhnə mühərrik yağları süzülərək torpağa hopur. 

Təhlükəsizlik məsələlərinə gəldikdə isə, deməliyəm ki, sovet dövründə istehsal olunmuş avtomobillər bugünkü tələblərə cavab vermir. Ona görə də düşünürəm ki, ilk növbədə, bu tip avtomobillərin utiliza­siyasına başlanılacaq. Sonrakı mərhələdə isə vətəndaşlar köhnə avtomobillərdən xi­las olmağa çalışmalıdırlar. Yeri gəlmişkən, bu proses könüllü həyata keçiriləcək, heç kəsin avtomobili zorla əlindən alınmaya­caq. Vətəndaş özü sərbəst şəkildə avtomo­bilini gətirib utilizasiyaya təhvil verəcək və bunun müqabilində ona müəyyən pul dəyərində vauçer veriləcək. Əgər vətən­daş yeni avtomobil almaq istəyərsə, həmin vauçerlə satış məntəqələrinə müraciət edib oradan müəyyən endirim əldə edəcək. Yeri gəlmişkən, artıq həmin endirimlə bağlı da qaydalar müəyyənləşdirilib. Belə ki, utili­zasiya vauçeri ilə rəsmi dilerə yaxınlaşan vətəndaşa salon sahibi endirim etməlidir. Buna əməl etməyənlərə isə cərimə sanksi­yaları tətbiq olunacaq.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat