Bu barədə Qlobal Tranzit İnvestorlar Forumunda qərar qəbul edilib
Brüsseldə keçirilən Avropa İttifaqı–Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən multimodal Orta Dəhlizin (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafına 10 milyard avroluq investisiya qoyulması qərara alınıb. Toplantıda bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistanla ayrı-ayrılıqda, ümumilikdə, 1,47 milyard avro dəyərində, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayıb.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanan marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipinin tətbiqinə başlanılıb.
İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən isə xüsusi önəm daşıyan Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələdir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçası kimi bu marşrut, eyni zamanda, tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu dəhlizin inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır. Belə ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradılması bu yöndə görülən ən mühüm işlərdəndir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycanın səyi ilə son illərdə Orta Dəhlizin inkişafı istiqamətində bir sıra önəmli layihələr həyata keçirilib, ölkəmizin uzunmüddətli strategiyasının nəticəsi olaraq yükdaşımaların həcmi çoxalıb.
Yeri gəlmişkən, Azərbaycan tərəfindən reallaşdırılan layihələrin miqyası barədə aydın təsəvvür yaranması məqsədilə bəzi göstəriciləri diqqətə çatdırmaq istərdik. Belə ki, son 20 ildə respublikamızda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.
Hazırda 2017-ci ildə istifadəyə verilən və Orta Dəhliz vasitəsilə daşımalarda böyük əhəmiyyəti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur işləri aparılır. Bundan əlavə əsas dəmir yolu və avtomobil yolları şəbəkələrinin kəsişməsində yerləşən Bakı Limanının ötürmə qabiliyyətini artıracaq növbəti fazasının tikintisi planlaşdırılır.
Azərbaycanın beynəlxalq ticarət bazarında rolunun gücləndirilməsi məqsədilə Ələt qəsəbəsində Azad İqtisadi Zona yaradılıb. Bundan əsas məqsəd isə yüksək gəlirli istehsal və ixrac fəaliyyətini, habelə innovativ texnologiyalarla investorların cəlb edilməsini reallaşdırmaq, iqtisadiyyatın dayanıqlı inkişafını və yeni iş yerlərinin yaradılmasını sürətləndirmək olub. Şübhəsiz ki, bütün bunlar yükdaşımalara müsbət təsir göstərib, eyni zamanda, Azərbaycanın qlobal nəqliyyat logistikasında mühüm tərəfdaş kimi potensialını gerçəkləşdirmək üçün perspektivli imkanları meydana çıxarıb. Nəticədə, 2023-cü ildə ölkə ərazisindən keçən yüklərin həcmi 2019-cu illə müqayisədə 162 faiz artaraq 5,1 milyon tondan 13,4 milyon tona yüksəlib. Həmçinin hesabat dövründə dəmir yolu ilə tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 76 faiz artaraq 3,8 milyon tondan 6,7 milyon tona, avtomobil nəqliyyatı ilə tranzit daşımalarının həcmi isə 2019-cu illə müqayisədə 391 faiz artaraq 1,3 milyon tondan 6,5 milyon tona yüksəlib.
Qeyd edək ki, belə yüksək göstəricilərin əldə edilməsi təkcə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı deyil. Bu, eyni zamanda, Orta Dəhliz vasitəsilə daşımaların səmərəliliyinin atırılması istiqamətində aparılan davamlı islahatların nəticəsidir. Belə ki, ölkə ərazisindən keçən təhlükəli tranzit yüklərə görə yol vergisi ləğv edilib. Paralel olaraq yük avtomobillərinin çəkisi üzrə minimum vergi güzəşt həddi 38 tondan 41 tona çatdırılıb ki, bu da yükdaşımanın inkişafına təkan verib. Avtomobil nəqliyyatı üçün dövlətlərarası kvotaların və icazələrin liberallaşdırılması da bu sahənin inkişafına müsbət təsir göstərib.
Bütün qeyd edilənlərlə bərabər, beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələrinin sayının artması bu sahədə göstəricilərin davamlı yüksəlməsini şərtləndirib. Məsələn, 2023-cü ildə onların sayı 2021-ci illə müqayisədə 3,7 dəfə çoxalaraq 12,7 min ədədə çatıb. Avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülərinə və çəkisinə dair tələblərin pozulması hallarının qarşısının alınması üçün elektron tərəzilərin tətbiqinə üstünlük verilib. Eyni zamanda, mövcud sərhəd-keçid məntəqələrinin infrastrukturu təkmilləşdirilməklə bərabər, yeni keçid məntəqələrinin açılması da gerçəkləşdirilib.
Sadalananlarla yanaşı, nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması ilə bağlı addımlar atılıb. Bu istiqamətdə nəqliyyat və logistika sahəsində fəaliyyətin şəffaflığını və sadələşdirilməsini təşviq etməklə proqnozlaşdırmanın, o cümlədən “ağıllı yük”lərin idarə edilməsinin səmərəliliyini, operativliyini və keyfiyyətini artıracaq Rəqəmsal Nəqliyyat Logistika İnformasiya Sisteminin hazırlanmasına başlanılıb.
Orta Dəhlizdə artan yük həcmlərini qarşılamaq məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü ilə Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC kimi tranzit operatorlar arasında “Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarə olunmasının prosedur qaydaları” ilə bağlı müəyyənedici sənəd də imzalanıb. Bununla da Bakı Limanında gəmilərin iş vaxtının 60 faiz azaldılmasına nail olunub.
Orta Dəhlizin inkişafı istiqamətində ölkəmizdə bu gün də layihələr uğurla davam etdirilir. Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin layihə hissəsində müvafiq tədbirlər həyata keçirilir. Burada tikinti işləri yekunlaşdıqdan sonra dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da yüksələcəyi gözlənilir. Bundan başqa Orta Dəhlizin tərkib hissəsi olacaq və Azərbaycanı Türkiyə ilə birləşdirəcək Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisi üzrə işlər getdikcə sürətlənir. Türkiyə tərəfi uzunluğu 224 kilometr təşkil edəcək bu dəmir yolu xəttini 5 il ərzində istifadəyə verməyi planlaşdırır.
Horadiz-Ağbənd dəmir və avtomobil yollarının tikintisi üzrə işlər də uğurla davam etdirilir. Bu layihənin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Sözügedən dəmir yolu xəttinin Qars-Naxçıvan (Osmanlı–Horadiz–Ağbənd–Naxçıvan–Qars) dəmir yolu ilə birləşdirilməsi ilə Azərbaycanın tranzit qovşağı yeni inkişaf mərhələsinə daxil olacaq.
Vaqif BAYRAMOV
XQ