Son 3 ildə qeyri-neft ixracı 82 faiz artıb

post-img

Ötən il isə 110-dan artıq ölkəyə 3,3 milyard dollarlıq məhsul satılıb

Son 3 ildə Azərbaycanın qeyri-neft ixracında 82 faiz artım qeydə alınıb. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) ixrac potensialı isə 2022-ci illə müqayisədə 9,8 faiz artıb. Bu və digər məsələlər barədə yanvarın 29-da AZPROMO-da keçirilən mətbuat konfransında ətraflı məlumat verilib. 

Qurumun 2023-cü ildəki fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və investisiyaların stimullaşdırıl­ması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər, eləcə də qarşıda du­ran vəzifələr haqqında məlumat verən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, ötən il Azərbaycan­dan dünyanın 110-dan artıq ölkəsinə 3 milyard 348 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da yeni tarixi rekord hesab olunur. Ən çox məhsulun ixrac olunduğu ölkələr Rusiya, Türkiyə və Gürcüstan olub. Belə ki, ötən il ölkəmizdən Rusiyaya 1 milyard 114 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib. Son illər sənaye məhsullarının ixracının getdikcə artdığını bildirən Y.Abdullayev, həmçinin deyib ki, 2024-cü ildə Azərbaycandan xaricə daha çox qeyri-neft məhsullarının göndərilməsi planlaşdırılır ki, bu da ixracın strukturun­da həmin növ malların xüsusi çəkisinin artmasına səbəb olacaq. 

Bununla yanaşı, 2023-cü ildə Azər­baycanda qeyri-neft sektorunun inkişafı, xüsusilə qeyri-neft ixracının artırılması istiqamətində reallaşdırılan tədbirlər, ixra­cyönümlü qeyri-neft məhsullarının isteh­salı, ixracatçılara yaradılan əlverişli şəra­it, “Made in Azerbaijan” brendinin ölkənin hüdudlarından kənarda tanıdılması və xarici investisiyaların təşviqi istiqamə­tində görülən işlər barədə də media nü­mayəndələrinə ətraflı məlumat verilib.

Hazırda Azərbaycanın xarici ölkələr­də 12 ticarət evinin fəaliyyət göstərdiyinə diqqət çəkən AZPROMO rəhbəri bildirib ki, 2023-cü ildə Çinin paytaxtı Pekində və Sian şəhərlərində daha iki Azərbay­can Ticarət Evi fəaliyyətə başlayıb. Qu­rum rəhbəri onu da deyib ki, ötən il Çinə üç növ məhsulun ixracı üzrə 7 müqavilə imzalanıb. İl ərzində AZPROMO-nun Ti­carət Nümayəndəliyi aparatının dəstə­yi ilə bu ölkəyə 2,1 milyon ABŞ dolları dəyərində qida, içki məhsulları və xalça­lar ixrac edilib. Bütövlükdə isə, Azərbay­canın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin fəaliyyəti sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək sə­viyyədə reallaşdırılır.

Mətbuat konfransında AZPRO­MO-nun investisiyaların təşviqi çərçivə­sində gördüyü işlər, o cümlədən “Invest­ment Roadshow” tədbirlərinin keçirilməsi və agentliyin 2023-cü ilin dekabr ayında ard-arda üçüncü dəfə İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının Mərkəzi Asiya üzrə bölgə direktoru statu­sunu qazanması diqqətə çatdırılıb. Bildiri­lib ki, ötən il Azərbaycanın ixrac və inves­tisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici həmkarları ilə işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində silsilə tədbirlər həyata keçi­rilib. Bu baxımdan AZPROMO-nun 2023-cü ildə 23-ü beynəlxalq tədbir olmaqla 42 tədbir təşkil etdiyi və bu tədbirlər çərçivə­sində agentliyin 11 anlaşma memorandu­mu və 1 fəaliyyət planı imzaladığı diqqətə çatdırılıb. 

Məlum olduğu kimi, bu ilin noyabr ayında Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. İki həftə ərzində dünyanın diqqətlə izləyəcə­yi mötəbər beynəlxalq konfrans çərçivə­sində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Agentlik direktorunun sözlərinə görə, COP29 günlərində Bakı­da ilk Azərbaycan İnvestisiya Forumunun reallaşdırılacağı nəzərdə tutulur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru onu da bildirib ki, cari ilin payız aylarında ölkəmizdə Bi­rinci İllik İxrac Forumunun da keçirilməsi nəzərdə tutulur. Forumda Azərbaycanın ixrac potensialının təqdim ediləcəyini vur­ğulayan Y.Abdullayevin sözlərinə görə, 2024-cü ildə əsas hədəflərdən biri də qlo­bal şirkətlərin ölkəmizə gətirilməsidir. Bu baxımdan əcnəbi şirkətlərin diqqətini iş­ğaldan azad olunmuş ərazilərimizə yönəl­dilməsi xüsusi əhəmiyyət daşıyır. Məsələ ilə əlaqədar media nümayəndələrinə mə­lumat verən AZPROMO rəhbəri deyib ki, bu il üçün əsas hədəflərdən biri xarici in­vestorların Qarabağa gətirilməsidir. Qeyd olunub ki, artıq “Made in Azerbaijan” və “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanlarına dair İstifadə Qaydaları layihəsi hazırlanaraq rəy verilməsi üçün müvafiq strukturlara təqdim edilib. 

2024-cü ildə Ağdam Sənaye Parkın­da fəaliyyət göstərən şirkətlərdən birinin ilk ixraca başlayacağını söyləyən Yusif Abdullayevin dediyinə görə, həmin şirkətə “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanı təqdim ediləcək. Ötən il Azərbaycan şirkətlərinin “Made in Azer­baijan” vahid ölkə stendi ilə 5 beynəlxalq sərgidə iştirak etdiklərinin bildirən agent­lik direktoru onu da diqqətə çatdırıb ki, hesabat dövründə “World Food Moscow 2023” və “Anuga 2023” kimi beynəlxalq sərgilərdə meyvə, spirtli içkilər, qənnadı məmulatları, fındıq ləpəsi, nar şirəsi kimi məhsulların ixracına dair 2,6 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb. “Bu ilin yanvarında İraqda “Yaşıl həftə” sərgisində Azərbaycan öz məhsulları ilə təmsil olunub. İl ərzində Yaponiya, Kore­ya və Almaniyada keçiriləcək sərgilərdə də Azərbaycanın iştirakı nəzərdə tutulur”, – deyə o əlavə edib. 

Bu ilin birinci yarısında Azərbaycanın Milli İxrac Strategiyasının təsdiqlənmə­sinin nəzərdə tutulduğunu vurğulayan agentlik rəhbəri deyib ki, il ərzində “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” saytları tam təkmilləşmiş formada istifa­dəyə veriləcək. Həmin saytların xidmə­tindən isə sahibkarlar lazımınca yarar­lana biləcəklər. Bununla yanaşı, hazırda “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ixracatçılara logistika subsidi­yasının verilməsi ilə bağlı proseslər son mərhələdədir. Bu da ixracatçılara dəstək olacaq.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat