Paytaxtın Baş planı ictimaiyyətə təqdim olunub

post-img

Bakı sənaye şəhərindən yeni yaşayış meqapolisinə çevriləcək

Dünən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planının ictimaiyyət üçün təqdimatı keçirilib. Mərasimdə bir sıra rəsmi şəxslər, şəhərsalma mütəxəssisləri, memarlar, tanınmış ictimai xadimlər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. 

Dövlət Şəhərsalma və Arxitektura Ko­mitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nazirlər Kabinetinin Tikinti, şəhərsal­ma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev çıxış edərək yeni Baş planın mahiyyəti, konsepsiyası və şəhər həyatında ediləcək dəyişikliklər barədə məlumat veriblər. Qeyd olunub ki, Baş plan yaxın illər ərzində Bakı şəhə­rinin strateji inkişaf istiqamətlərini müəy­yən edən əsas ərazi-planlaşdırma sənə­di olmaqla paytaxtın mövcud vəziyyəti və ehtiyaclarının təhlili əsasında müasir şəhərsalma yanaşmaları əsasında tərtib edilib.

Tədbir zamanı, həmçinin Bakı şəhərinin yeni Baş planına dair məlumat xarakterli videoçarx, sənədin üstünlükləri, ən önəmli məqamları və xüsusi maraq doğuran bir sıra məsələləri əhatə edən geniş təqdimat nümayiş olunub.

Xatırladaq ki, 4 mühüm istiqamətə əsas­lanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inki­şaf prioritetlərini özündə əks etdirir. Bura pay­taxtın dayanıqlı inkişafı, şəhər və ətraf mühitin bərpası, memarlıq irsinin qorunması və yeni şəhər iqtisadiyyatının formalaşdırılması kimi vacib məsələlər daxildir. Baş plana uyğun ola­raq vahid mərkəzli aqlomerasiya olan Bakı növ­bəti inkişaf mərhələsində rahat, ekoloji cəhət­dən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. 

Təqdimat mərasimində Bakı şəhərinin yeni Baş planının təsdiq edilməsinin təqdirəlayiq hal olduğu, sənədin paytaxtımızın inkişafı istiqamə­tində mühüm əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda qonaqlar tərəfindən dayanıqlı şəhər mühiti, əsaslı tikinti, nəqliyyat və sosial infrast­ruktur və digər mühüm tədbirlər haqqında ətraflı müzakirələr aparılıb. Bununla yanaşı, nəzərdə turulmuş tədbirlərin vətəndaşların gündəlik hə­yatına təsiri və əhalinin bütün təbəqələri üçün lazımi xidmətlərə əlçatanlığın təmin edilməsi ilə bağlı müxtəlif sual və təkliflər səsləndirilib.

Tədbirdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yerli mediaya bir sıra maraqlı açıqlamalar ve­rib. Onun sözlərinə görə, Bakıda neft səna­yesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq. Bununla yanaşı, paytaxtda su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq. Baş plana əsasən, Bakının sənaye şəhəri deyil, insanyö­nümlü şəhər olmasına doğru addımlar atılaca­ğını vurğulayan komitə sədri deyib ki, paytax­tın inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək. 

Hazırda paytaxtda kifayət qədər qəzalı və­ziyyətə düşmüş binaların olduğunu bildirən A.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, Baş plana əsasən, yaxın illərdə Bakıda mənzil fondunun yenilənəcəyi planlaşdırılır. “Mənzil fondunun yenilənməsi prosesi bu gün də döv­lətin müəyyən dəstəyi ilə və investorların cəlb edilməsi ilə davam edir və gələcəkdə də davam edəcək”, – deyə komitə sədri əlavə edib.

Nizami QASIMOV, 
Əməkdar memar

Azərbaycan Respub­likası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə xarici şirkət tərə­findən hazırlanmış Bakı şəhərinin yeni Baş planı paytaxtımızın simasına əlavə yaraşıq gətirəcək. Qeyd etmək istəyirəm ki, paytaxtın yeni inkişaf kon­sepsiyasını özündə əks etdirən bu sənədin hazır­lanmasında bütün dövlət qurumlarının rəyi nəzərə alınıb. Bu baxımdan, deyə bilərəm ki, mənim və həm­karlarımın Memarlar İttifaqı və Dövlət Turizm Agentliyi tərəfindən keçirilən toplan­tılarda iştirak etdiyimiz za­man verdiyimiz təkliflərin də böyük əksəriyyəti Baş planda öz əksini tapıb. Bu da bizim üçün olduqca qü­rurvericidir.

Baş planda ən çox diqqətçəkən məsələlərdən biri paytaxtda bir neçə lo­kal mərkəzin yaradılması ilə bağlıdır. Yeni yaradı­lacaq mərkəzi rayondakı mövcud binaların bir çoxu tarixi memarlıq abidələri olduğundan onlar qoru­nub saxlanılacaq. Bun­dan əlavə, paytaxtın dəniz boyu əraziləri inkişaf et­diriləcək, mövcud bulvar 20-ci sahəyə və Zığa doğru genişləndiriləcək. 

Məlum olduğu kimi, son illər insanlar daha çox mərkəzdə yaşamağa, fəaliyyət göstərməyə can atırlar. Sevindirici haldır ki, Bakıda yaradılacaq 6 lokal mərkəz paytaxtın mərkəzi hissəsi ilə eynilik təşkil edəcək. Bundan da məqsəd odur ki, insanlar istədiklərini orada görsün­lər. 

Digər diqqətçəkən məqamlardan biri də Baş planda paytaxtın nəqliyyat infrastrukturuna xüsusi yer ayrılması ilə bağlıdır. Nəqliyyatın da ən vacib istiqamətlərindən biri met­rodur. Səhv etmirəmsə, Baş planda 23 yeni met­rostansiyanın yaradılması nəzərdə tutulur. Bu da onu göstərir ki, Bakının metro şəbəkəsi çoxşaxəli olacaq, paytaxtın ucqarlarına kimi genişləndiriləcək. Metro ilə yanaşı, tramvay və elektrik qatarlarının hərəkəti üçün yeni polad magistrallar ya­radılacaq ki, bu da şəhər əhalisinə göstərilən nəqliy­yat xidmətinin keyfiyyətcə yaxşılaşmasına səbəb ola­caq. 

Yeni Baş planda pay­taxtın şimal girişindən olan yola alternativ magistralın yaradılması nəzərdə tutu­lur ki, bu da Bakı–Sumqa­yıt istiqamətində müşahidə olunan tıxacların aradan qaldırılmasına imkan ya­radacaq. Yeri gəlmişkən, Baş planda nəzərdə tutul­muş tədbirlərin reallaş­dırılmasına, ümumilikdə, 93 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutu­lur ki, bunun da 17 milyard manatının məhz nəqliyyat infrastrukturunun yenilən qurulması istiqamətində xərclənməsi planlaşdırılır. Ümumi vəsaitə gəlincə isə, bu, dövlət və özəl sektor tərəfindən təmin olunacaq. 

Biz turizm marşrutları üzrə də müəyyən təkliflər vermişdik. Bu da onun­la bağlı idi ki, Bakı dəniz şəhəri olsa da, dənizi la­zımınca seyr edə bilmirik. Çünki dəniz üzrə turizm marşrutları çox zəif idi. O vaxt təklif vermişdik ki, sahil boyu bir neçə kiçik liman yaradılsın. Həmin limanlardan həm daşıma­larda, həm də turizm gə­zintilərində istifadə oluna bilər. Sevindirici haldır ki, Baş planda bu məsələ də nəzərə alınıb.

Əsas odur ki, gələcəkdə istər yeni yaşayış massiv­lərinin və parkların salın­masında Baş plandan kə­nara çıxılmasın. Əminəm ki, Baş planın reallaşdı­rılmasına başlanması ilə bütün xaotik tikintilər, in­şaat sahəsində çalışan iş adamlarının subyektiv ya­naşmaları aradan qaldırı­lacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işə ciddi nəzarət etməlidir. Bütün şəhər ictimaiyyəti kimi, memarların da istəyi odur ki, paytaxtımız daha da inkişaf etsin, gözəlləş­sin.

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat