Fransa erməniləri yasa batıblar

post-img

Raşida Datinin mədəniyyət naziri təyin olunması hayları pəjmürdə edib

Fransa hökumətindəki ilk müsəlman qadın, 2007–2009-cu illərdə ədliyyə naziri vəzifəsində çalışmış Raşida Datinin yanvarın 11-də ölkənin mədəniyyət naziri təyin edilməsi dünya ermənilərinin hiddətinə səbəb olub. Ölkənin “Le Figaro” qəzetinin direktor müavini Jan-Kristof Byusson R.Datinin Fransanın mədəniyyət naziri təyin edilməsini şərh edərkən onun anti-erməni mövqeyini xatırladıb. Deyib ki, Fransa erməniləri bu gün kədər içərisindədirlər.

Byusson sosial şəbəkədə­ki paylaşımına Fransanın sabiq prezidenti Fransua Ollandın və Azərbaycan Prezidenti İlham Əliyevin təsvir olunduğu 2016-cı ilə aid bir fotoşəkili əlavə edib. Fotoşəkil 10 fransız deputat və senatorun Azərbaycan və Er­mənistan arasındakı münaqişə­də Azərbaycanın xeyrinə qərar qəbul etmək üçün prezident Ol­landı BMT-də vasitəçiliyə çağır­masından sonra çəkilib. 2016-cı ildə Raşida Dati “Le Figaro”nun əməkdaşı ilə söhbətində bildir­mişdi ki, yaxşı azərbaycanlılar pis ermənilərin qurbanı olub.

Qeyd edək ki, Mərakeş əsil­li, 1965-ci il təvəllüdlü R.Dati Fransada Azərbaycana müsbət münasibət bəsləyən, nazir tə­yin edildikdən sonra ermənilərin narazılığına səbəb olan azsay­lı siyasətçilərdən biridir. R.Dati ölkəmizin yaxın dostu olmaqdan qürur duyduğunu dəfələrlə bəyan edib. Bununla bağlı narahatlığını Fransanın Erməni Təşkilatları­nın Koordinasiya Şurasının sədri Murada Papazyan, “Nouvelles d'Armenie” jurnalının baş redak­toru Ara Toranyan və İl-de-Frans şəhər şurasının üzvü Patrik Ka­ram da bildiriblər.

Ötən ilin iyulunda Raşida Dati bildirmişdi ki, Azərbaycan dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünya üçün nümunə ola bilər.

“Mədəniyyətlərarası və sivi­lizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycanın rolu­nu xüsusilə qeyd etmək istər­dim. UNESCO bəyan edib ki, bu ölkədə təhsil səviyyəsi 95 faiz təşkil edir. Bu da əla göstə­ricidir. Azərbaycanın inkişafı çox böyük təəssürat yaradır”, – deyə əlavə etmişdi. R.Dati bildirmişdi ki, Azərbaycan dini və etnik qu­rumlar arasında əlaqələr, onların əsrlər boyu dinc yanaşı yaşama­sı baxımından bütün dünyaya nümunə ola bilər.

R.Dati qeyd etmişdi ki, o, hər il Bakıya gəlir və hər gəlişin­də yeni Azərbaycanı kəşf edir, gözəl adət-ənənələrlə tanış olur: “Azərbaycan, həqiqətən, zəngin mədəniyyətə malik ölkədir. Mən bunu siyasətçi kimi yox, bu ölkə­ni bütün qəlbi ilə sevən bir insan kimi deyirəm. Azərbaycan xalqı əsrlər boyu bu dəyərləri qoruyub saxlamış, öz mədəniyyəti ilə fəxr edir və dövlət siyasəti mədəniy­yətin milli qürur subyekti kimi yer­ləşdirilməsinə yönəlib”.

R.Dati Azərbaycanın Dostları Assosiasiyasının İdarə Heyətinin üzvüdür. O, ölkəmizdə və region­dakı vəziyyəti yaxşı bilir. Hər za­man Azərbaycana qarşı ədalətli mövqeyi ilə seçilib, buna görə tez-tez erməni lobbisinin tənqid və təxribat hədəfinə çevrilib.

Ermənistanın “Armenian re­port” saytı R.Datinin nazir tə­yin olunmasından narahatlığını “Fransa səhv edir: Paris onu düzəltməlidir” məqaləsi ilə ifadə edib. Yazıda qeyd olunub ki, er­mənilər bir çox yaxşılıqlara görə Fransaya minnətdardır, lakin bu Avropa ölkəsinin rəhbərliyi bəzən etməməli olduğu işlər görür: “Fransanın yeni təyin olunmuş xarici işlər naziri Stefan Sejurne bazar günü Almaniyaya, bazar ertəsi isə Polşaya səfər edəcək. Səfərdə məqsəd Ukraynanın problemlərini Avropa orqanların­da qaldırmaqdır. Sejurne Alma­niyada ölkənin xarici işlər naziri Annalena Berbok, Polşada isə ölkənin xarici işlər naziri Rados­lav Sikorski ilə görüşəcək. Bəli, biz Fransanın Rusiya–Ukrayna müharibəsində getdikcə daha fəal rol oynamağa necə can at­dığını görürük. Stefan Sejurne­nin XİN rəhbəri kimi ilk səfərini Kiyevə etməsi çox əlamətdardır. Bəli, Parisdə Böyük Britaniya ilə ayaqlaşmağa çalışırlar. London artıq Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Sənədə Ukray­na Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak imza atıblar. Böyük Britaniya dünyada Ukrayna ilə əməkdaşlığa dair belə bir sənəd imzalayan ilk ölkə oldu. Müqa­vilə Ukraynanın təhlükəsizliyinə dəstək məqsədilə Britaniya və Ukrayna arasında hərbi və qey­ri-hərbi əməkdaşlığı rəsmiləşdi­rir. Parisdə hamı bunu gördü və ildırım sürəti ilə cavab vermək qərarına gəldilər. Bəs Cənubi Qafqaz və niyə biz Fransadan Ermənistana eyni dərəcədə ildı­rım sürətli dəstək görmədik?!”

“Armenian report” yazır: “Ba­kıda Fransanın müttəfiqini onun ərazisinə hücumlarla hədələsələr də (?) Parisdən səs çıxmır. Sadə dillə desək, bizim Fransadan Ermənistana dəstək üçün güclü addımlar atacağını gözləməyə haqqımız var. Ancaq hələlik biz tamamilə fərqli mənzərə görürük. Raşida Datinin Fransanın yeni mədəniyyət naziri təyin edilməsi şokedici xəbərdir. Bu xanım çox bədnamdır”.

Sayt daha sonra qeyd edib ki, hər bir halda, Azərbaycanı, onun siyasətini açıq dəstəkləyən xanı­mın belə yüksək posta təyin olun­ması absurd və qəbuledilməz vəziyyətdir: “Bu, heç də Fransa rəhbərliyinin görməli olduğu iş deyil. Ancaq gördüyümüz kimi, bu, belədir. Raşida Datinin təyi­natı Azərbaycanı sevindirməyə xidmət edir. Fransa bu addımı ilə bizim gözümüzdə nüfuzunu itirir. Parisin etdiyi səhvi düzəltməsi la­zımdır. Və nə qədər tez düzəltsə, onun özü üçün bir o qədər yax­şıdır”.

Göründüyü kimi, ermənilər Fransa hökumətindəki yeni təyi­natla bağlı xeyli pəjmürdə olub­lar. Onların belə halla üzləşməsi isə ilk dəfə deyil. Artıq dünyanın bir çox yerlərində hayların xis­lətinə bələddirlər. Fransadakı təyinat isə onlar üçün aydın sə­mada çaxan şimşək effekti yara­dıb. Dünya ermənilərinin bundan sonra da oxşar hallarla üzləş­məyəcəyi istisna deyil. Çünki bu, haqq-ədalətin təntənəsidir. Haqq isə gec-tez öz yerini tapır.

Səxavət HƏMİD
XQ



Siyasət