Simonyan da Bakıda çay içmək istəyir?

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıda çay içməkdən danışıb. Yox, elə düşünməyin ki, Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərini yada salıb paytaxtımızın həbsxanalarının xiffətini çəkir. Belə deyil. Onun söylədikləri, nə qədər də qəribə səslənsə də, tarixin ibrət dərsləri kimi meydana çıxmaqdadır. Ancaq Simonyan dərs çıxarmağı təlqin edirmi? Əlbəttə ki, yox!

Əslində, erməni spiker son dərəcə vacib məqa­ma toxunmaqdadır. Onun bildirdiklərindən belə çıxır ki, hazırda Azərbaycan Ermənistana dərs verir. Nəyin dərsini? Əlbəttə, Si­monyan konkretləşdirmək istəmir. Görünür, xəstə erməni ictimai rəyindən qorxur. 

Məsələn, baş parla­mentari deyə bilərdi ki, Ermənistan Azərbaycanın torpaqlarının işğal edib və bu müddət 30 ilə yaxın sürüb. Bu zaman kəsiyində ölkənin bir milyona yaxın vətəndaşı öz dədə-baba yurdundan, doğma el-obasından məhrum durumda didərgin həyatı yaşa­mağa məcbur olub. Hələ bu siyahıya Xocalı faciəsini, üstə­lik, bu qətliamı törədən cəlladların xalq qəhrəmanı kimi qəbul olunmalarını, onların öz əməllərinə görə öyünmələrini və möv­cud xüsusda Azərbaycan xalqını aşağılamalarını da sala bilər­di. Bu barədə söhbət açmayan Simonyan birbaşa Bakıda çay içmək üzərində dayanır. Necə deyərlər, söhbəti kəsə edir... 

Ancaq A.Simonyan yalnız Bakıda çay içməkdən söz açmır. Yəni, bu onun vurğuladıqlarının, belə demək mümkünsə, kul­minasiya anıdır. Erməni spiker bildirir ki, Azərbaycanın gördü­yü işlər, bir növ, güzgü effekti verir və rəsmi Bakı Ermənistan rəhbərliyinin illər ərzində Azərbaycana qarşı etdiklərini təkrar­layır. Yəni, Simonyanın ölkəmizə qarşı ittihamı budur. Başlı­ca məqam isə ondadır ki, bu adam yarımçıq təfəkkürünə güc verib Ermənistanın sabiq iqtidarı ilə Azərbaycan rəhbərliyini eyniləşdirir... 

Bəli, Ermənistan parlamentinin spikerinin bildirdikləri qə­ribədir. Qəribəlik həm də onun öz ölkəsinin müstəqillik döv­ründə keçdiyi yolu inkar etməkdədir. Belə çıxır ki, illər ərzində Ermənistanda hakimiyyət kürsüsündə oturanlar vandallar imiş və hazırda Azərbaycan onların etdiklərini təkrarlamaqdadır. Halbuki, belə deyil. Ölkəmizin və xalqımızın istəyi ədalətdir. İlahi ədalət! 

Göründüyü kimi, A.Simonyanın məntiqi, kifayət qədər, qa­rışıqdır. O bildirir ki, güzgü ritorikasına üstünlük verən Azər­baycan hakimiyyəti Ermənistanın illərlə yaratdığı rəvayətlərə əks balans formalaşdırmaqla məşğuldur. Mövcud anlamda onu, müəyyən mənada, haqlı saymaq mümkündür. Çünki Azərbaycan dövləti və xalqı özündə erməni avantürizminə qar­şı müqavimət formalaşdırmağa köklənib. Ona görə köklənib ki, tarixin acı dərslərindən nəticə çıxarır və nəticə çıxarmağa məhkumdur. Başqa yol, sadəcə, yoxdur! 

A.Simonyanın bildirdikləri fonunda belə bir sual da yara­nır: İrəvanda indi hakimiyyətdə olanlar erməni deyil? Bəlkə, onlar öz keçmişlərini danırlar? Yoxsa, müasir dövlətçiliklərin­dən imtina edirlər, yeni Ermənistan qurmaq niyyətindədirlər? Görəsən, Simonyanın yadına yeni Ermənistan qurmaq nə üçün indi düşüb? Olmazdımı ki, həmin Ermənistan 2018-ci ildə qurulaydı? Söhbət heç bir ambisiyası olmayan, qonşuları ilə sağlam münasibətlərə üstünlük verən yeni Ermənistandan ge­dirsə. Axı, bunun üçün real şans yaranmışdı? Yaxşı, tutaq ki, Bakıda çay içmək barədə danışıb hədə-qorxu dilini işə salan­lar Qarabağdakı separatçılar olublar və onların əsas dəstəyi Ermənistanın keçmiş xunta rejimi idi. Axı “Qarabağ Ermənis­tandır və nöqtə” bəyanatını verən ekslər və onlara yaxın olan separatçılar deyildilər. Bu bəyanatı verənlər özünü demokratik şəkildə, ümumbəşəri dəyərlərə sadiqlik ruhunda yaşandığı bildirilən inqilabi proses nəticəsində hakimiyyətə yiyələnənlər idilər. 

Bəli, baş nazir Nikol Paşinyan idi Xankəndinin mərkəzi meydanında çıxış edərək “Qarabağ Ermənistandır və nöqtə” deyib bağıran. Şuşada, Cıdır düzündə şərab içib sərxoş və­ziyətdə yerə sərilərək Azərbaycan xalqının hissləri ilə oyna­yan da o olmuşdu. Üstəlik, “yeni ərazilər üçün yeni müharibə” məntiqini işə salanlar Simonyanın komandasında yer alanlar idilər. Yəni, erməni spiker heç cür deyə bilməz ki, o, həmin vaxt ölkəsinin ali qanunverici orqanın sədri vəzifəsində deyildi. Onun bu postda olub-olmamasının heç bir önəmi yoxdur. Axı, Simonyanın vacib post tutduğu demokratik adlandıran koman­danın üzvlərindən sayılan Armen Qriqoryan (Ermənistanın təhlükəsizlik şurasının katibi - red) 2020-ci ildə Tovuz istiqamə­tində yaşanmış hərbi insidentdən sonra xalqımızı qeyzlən­dirən məqalə yayımlamış və bildirmişdi ki, hazırkı Azərbaycan Ermənistanla bacara bilməz və sair ilaxır... Nəhayət, Cəbrayıla yol çəkən Paşinyan idi, Serj Sarkisyan və ondan əvvəlki Ermə­nistan prezidenti Robert Koçaryan yox! Paşinyan belə sərsəm fikirlər gündəmə gətirdiyi üçün, 44 günlük müharibə dövründə və ondan sonra Azərbaycanda dillərdə əzbər olmuş “Noldu, Paşinyan?” deyimi meydana çıxdı. 

A.Simonyan Ermənistanın paytaxtı İrəvanın qədim Azər­baycan şəhəri olduğuna dair ölkəmizin ictimai rəyində güclən­miş fikrə də münasibət bildirməkdədir. Yəni, o, belə bir fikrin yaranmasına görə dolayısı ilə ermənilərin özlərini günahlan­dırmaqdadır. Ola bilər, ürəyindən bunları da keçirməkdədir: 1918-ci ildə azərbaycanlılar bizə İrəvanı vermişdilər ki, özü­müzə paytaxt edək. Bəs nə üçün Zəngəzuru da ələ keçirdik? Nəyə görə Qarabağ iddiasına düşdük? Hansı səbəbdən Nax­çıvanın da Ermənistan ərazisi olduğunu bildirməyə başladıq? Nəhayət, bizə lazım idimi deyək ki, azərbaycanlıları Bakıya qədər qovacağıq?.. 

Bəli, A.Simonyan, əslində, Ermənistan cəmiyyətinə subli­minal mesaj verməkdədir. Bəlkə, özü nə dediyinin fərqində de­yil. Onun yuxarıda vurğuladığımız fikirləri gündəmə gətirmək­lə, ümumən, belə demək mümkünsə, siyasi fəlsəfəyə üstünlük verməklə, ölkəsinin əvvəlki iqtidarına qarşı yükləndiyindən də söz açdıq. Ancaq, hər bir halda, erməni spikerin dilə gətirdik­ləri ümumerməni avantürizmi kontekstində meydana çıxan məsələlərdir. 

Sonda onu da bildirək ki, Ermənistan parlamentinin spikeri haqqında söz açdığımız mətləbləri Bakı–İrəvan sülhü müstə­visində səsləndirməkdədir. O deyir ki, hər şeyi güzgü üsulu ilə həyata keçirən Azərbaycan sülh müqaviləsinin şərtlərinin də tərəflərə bərabər tətbiqini irəli sürməkdədir. Deyəsən, məsələ­nin mahiyyətini gerçək şəkildə dərk edən tək erməni elə onun özüdür.

Siyasət