Beynəlxalq Maliyyə Korporasiyası ölkəmizin önəmli layihələrini dəstəkləyir

post-img

Dünya Bankı Qrupuna daxil olan, Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektora investisiyaların qoyulmasının maliyyələşdirilməsi, kapitalın beynəlxalq maliyyə bazarlarına istiqamətləndirilməsi və şirkətlərə, həmçinin hökumətlərə məsləhət xidmətlərinin göstərilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələrdə sabit iqtisadi artıma kömək edir. IFC, eyni zamanda, özəl qurumlara və maliyyə institutlarına yeni yaranan bazarlarda iş yerlərinin açılmasına, vergi gəlirlərinin yaradılmasına, korporativ idarəetmənin və ətraf mühitin qorunmasına , habelə yerli cəmiyyətlərə öz töhfəsini verir. 

Baş nazir Əli Əsədov IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qar­sia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də ölkəmizin Dün­ya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi bildirilib. Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önə­mi vurğulanıb. Ötən müddətdə adıçəkilən korporasiyanın respublikamızın müxtəlif sahələrində layihələrin həyata keçirilməsinə dəstək verdiyi qeyd edilib.

Hazırda Azərbaycan hökuməti üçün pri­oritet hesab edilən sahələrdə Dünya Bankı, o cümlədən IFC ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müza­kirə olunur. Bu layihələr işğaldan azad edil­miş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, “yaşıl şəhər”lərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin genişlən­dirilməsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri əhatə edir. 

Adıçəkilən beynəlxalq maliyyə quru­munun Azərbaycanla əməkdaşlığını şərtlən­dirən bir sıra amillər var. Bunlar sırasında son illər ərzində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin gerçəkləşdirilməsi, Azərbaycanın aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilməsi, 2021-ci il­dən etibarən respublikamızın Dünya Ban­kının donoru qismində iştirakı xüsusi yer tutur. 

Qeyd edək ki, bu gün respublikamızda işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkar­lıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Eyni zaman­da, qeyri-neft iqtisadiyyatının inkişafı əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılır. Aqrar sektorda müxtəlif növ güzəşt və kre­dit mexanizmləri tətbiq edilir. Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırıl­ması istiqamətində ardıcıl layihələr reallaş­dırılır. 

Onu da xatırladaq ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının inkişa­fı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi IFC-in Azərbaycan üzrə əsas fəaliyyət istiqamət­lərini təşkil edir və ölkəmiz həmin sahələrdə əməkdaşlığın davam etdirilməsinə maraq göstərir. 

Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni davamlı olaraq dəstək­ləyir, enerji səmərəliliyi istiqamətində sis­temli layihələr həyata keçirir. Azad edilən ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa işləri, o cümlədən “yaşıl enerji” zonasının, ekoloji təmiz nəqliyyatın, “ağıllı” şəhər və kəndlərin yaradılması ilə bağlı təşəbbüslərin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. BMT-nin 29-cu sessiyasının–COP29-un Azərbaycanda keçirilməsinin bir səbəbi də məhz bununla bağlıdır. Ümumiyyətlə, bər­paolunan enerji mənbələrinə investisiyala­rın cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin olunması Azərbaycanın enerji siyasə­tinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur. 

Yeri gəlmişkən, IFC-in Azərbaycanla bərpaolunan enerji sahəsində birgə fəaliyyət göstərmək və bu sahəyə özəl investisiya­lar yatırmaq üçün imkanları genişdir. Buna görə də beynəlxalq maliyyə qurumu dənizdə külək enerjisinin inkişafı, o cümlədən özəl investorların cəlbi ilə bağlı “yol xəritəsi”nin reallaşdırılması üzərində Azərbaycan hö­kuməti ilə birgə iş aparır. 

Müstəqillik dövründə neft və qaz hasi­latında artım Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayıb, enerjinin diversifikasiyası postpandemiya zamanı ölkənin gələcək dayanıqlılığının tə­min edilməsini şərtləndirib. Bu istiqamətdə davamlı uğurlar əldə edən Azərbaycan özü­nün 2030-cu ilədək milli inkişaf konsepsiya­sına uyğun olaraq, özəl sektorun innovativ təşəbbüsləri vasitəsilə qeyri-neft sektorunu optimallaşdırmağı planlaşdırıb. 

Ölkəmizdə neft və qazdan diversi­fikasiya dekarbonizasiya üzrə fəaliyyəti sürətləndirməyə kömək etməklə rəqabət qabiliyyətini artıracaq. Azərbaycan kifayət qədər bərpaolunan enerji resurslarına malik olduğundan xüsusən dənizdə mövcud külək enerjisi potensialı hərəkətə gətiriləcək. 

Dünya Bankının enerji sektorunun idarə olunmasına dəstək proqramı çərçivəsində aparılan qiymətləndirmələrə görə, hazırda dənizdə külək enerjisinin texniki potensialı 157 geqavatdır, cari quraşdırılmış ümumi güc isə 8 geqavata yaxındır. 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

IFC-in hesabatına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və adıçə­kilən korporasiya tərəfindən dərc olunan “yol xəritəsi” də ölkənin 2040-cı ilədək 7 qiqavat dənizdə külək enerjisi quraşdırma potensialına malik olduğunu göstərir.

Bu beynəlxalq maliyyə qurumunun Cənubi Qafqaz üzrə nümayəndəsi İvana Fernandes Duartenin sözlərinə görə, res­publikamızda külək enerjisindən istifadə yerli səviyyədə 7 milyard dollaradək ümu­mi əlavə dəyər gerçəkləşdirməyə kömək göstərəcək. Azərbaycan özəl sektorun rəhbərlik etdiyi artım modelinə riayət etdi­yindən, dənizdə külək enerjisinin inkişafı ölkənin enerji sektorunu daha rəqabətqabi­liyyətli etməyə imkan verəcək, eləcə də, bu sektorda tullantıların sıfır səviyyəsinə nail olmağa yardım edəcək. Nəticədə Azərbay­can bərpaolunan enerjini öz qonşularına və Avropaya ötürəcək və beləliklə, regional enerji mərkəzinə çevriləcək. 

Azərbaycan hazırda bərpaolunan enerji mənbələrinin inkişafına böyük bey­nəlxalq dəstəkdən yararlanır. Artıq xarici tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb. “ACWA Power” və “MASDAR” ilə sa­zişlər, həmçinin, Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavat enerji üzrə saziş Avropaya enerji resurs­larının tədarüklərini artırmaq baxımından strateji önəm daşıyır. 

Azərbaycandan “yaşıl enerji”nin əsas satış bazarı Avropadır və artıq bərpaolunan mənbələrdən enerjinin tədarükü üzrə konk­ret layihə mövcuddur. Belə ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya “enerji körpüsü”­nün çəkilməsi haqqında saziş imzalanıb. Əldə edilmiş razılaşma çərçivəsində 1000 meqavatadək gücə malik 1195 kilometr uzunluğunda “Black Sea Energy” elekt­rik kabelinin çəkilməsi nəzərdə tutulub. Bu kabel vasitəsilə Azərbaycanda isteh­sal olunan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz yolu ilə Rumıniyaya və oradan Macarıstan və Avropanın digər hissələrinə nəqli planlaşdırılıb.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat