Azərbaycan – Türkiyə münasibətləri çağdaş dünyaya örnəkdir

post-img

Bu il ticarət dövriyyəsi 6,7 milyard dollara çatıb

“Azərbaycanla Türkiyə arasında münasibətlər digər dövlətlərə örnəkdir, cox güclü siyasi münasibətlərimiz var. Biz istəyirik ki, “Bir millət, iki dövlət şüarı” ilə inkişaf edən bu münasibətlər iqtisadi sahədə də özünü göstərsin və biz iş adamları ilə bir­likdə daha da irəli gedəcəyik”. Bunu ölkəmizdə səfərdə olan Türkiyənin vitse-pre­zidenti Cevdet Yılmaz Bakıda Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının iştirakı ilə keçirilən “İş dünyasının görüşü” adlı tədbirdə deyib. 

Azərbaycanla Türkiyənin inkişaf et­dirdiyi bu münasibətlərin bütün Qafqaz üçün rifah olduğunu söyləyən qardaş ölkənin vitse-prezidenti bildirib ki, dostluq münasibətlərinə əsaslanan əlaqələrin di­gər qardaş ölkələri də əhatəsinə alaraq çoxtərəfli forma alması, bölgədə də rifah əldə edilməsi üçün birgə səy göstərilir. Hazırda dünya iqtisadiyyatının yaxşı və­ziyyətdə olmadığını vurğulayan Cevdet Yılmaz deyib ki, beynəlxalq iqtisadiy­yat, hələ ki, özünə gəlməyib. “Dünyada ticarət həcmi azalıb. Amma biz bunu bi­lirik ki, çətin şərtlər fürsətlər yaradır. Biz istəyirik ki, daha çox iş adamı Azərbay­cana gəlsin, daha çox iş adamı Türkiyəyə getsin və bu münasibətlər daha da güc­lənsin. 2022-ci ildə iki dövlət arasında ti­carət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları olub. Ticarət dövriyyəsi bu ilin on bir ayı ərzində 6,7 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu göstəricinin ilin so­nuna kimi daha da artacağına əminəm”, – deyə o əlavə edib.

Qeyd edilib ki, son illər ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatması qarşılıqlı investisi­ya qoyuluşlarının da artmasına səbəb olub. Azərbaycan şirkətlərinin Tür­kiyəyə yatırdığı investisiyaların həcmi artıq 19,5 milyard ABŞ dollarını ötüb. Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmiz­dən ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb. Hesabat döv­ründə Azərbaycandan qardaş ölkəyə yatırılan investisiyanın həcmi 1 milyard 760 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 20 dəfə çoxdur. Ötən müddətdə Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 12 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, Cevdet Yılmaz bu göstəricilə­rin daha da artmasına ümid etdiyini diqqətə çatdırıb. 

Məlum olduğu kimi, hazırda Türkiyə Cümhuriyyəti, həm də ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Türkiyənin həm idxalda, həm ixracda, həm də ikitərəfli dövriyyədə ölkəmizin ikinci əsas ticarət tərəfdaşı olması da bunu sübut edir. İki qardaş ölkə ara­sında ticarət əlaqələri isə davamlı ola­raq artmaqdadır. Belə ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 7,9 faiz artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-oktyabr aylarında isə bu göstərici 6,7 milyard dollara çatıb. Bu­nunla belə, ölkələrimiz arasında ticarət əlaqələrinin daha da artırılması üçün imkanlar olduqca genişdir. 

Son zamanlar bu məsələ dövlət başçıları səviyyəsində də ətraflı müza­kirə olunub, idxal-ixrac əməliyyatlarının artırılması üçün imkanlar nəzərdən ke­çirilib. Təsadüfi deyil ki, Bakıda keçirilən “İş dünyasının görüşü” adlı tədbirdə vitse-prezident Cevdet Yılmaz deyib: “Azərbaycan və Türkiyə prezidentləri bizim üçün hədəf qoyublar ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollarına çatdıraq. Biz hər ötən il bu hədəfə yaxınlaşırıq. Ümid edirəm ki, ən qısa zamanda bu hədəfə çatacağıq”. Bu baxımdan Preferensial Ticarət Sazişini xatırladan vitse-prezi­dent bunu ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün vacib sənəd kimi dəyərləndirib. 

Hazırda Türkiyədə Azərbaycan sər­mayəli 2 mindən artıq şirkət fəaliyyət göstərir. Ümumilikdə, Türkiyəyə inves­tisiya qoyan azərbaycanlı iş adamla­rı həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. Ölkəmizdə isə 5678 Türkiyə investisi­yalı kommersiya qurumu qeydiyyatda­dır. Onların da 4019-u enerji, sənaye, telekommunikasiya, kənd təsərrüfatı, qida, yüngül sənaye, nəqliyyat, ticarət və digər xidmət sektorlarında aktiv fəa­liyyət göstərir. Türkiyəni təmsil edən şirkətlərin ölkəmizin inşaat sahəsində­ki fəaliyyəti də diqqət çəkir. Təkcə onu qeyd etmək kifayətdir ki, qardaş ölkə­nin şirkətləri ötən müddətdə Azərbay­canın tikinti sahəsində 517 layihəyə imza atıblar. Türk şirkətləri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında da xüsusi fəal­lıq göstərirlər. Hazırda onların iştirakı ilə həmin ərazilərdə müxtəlif istiqamət­lər üzrə 107 layihə həyata keçirilir. 

Bütün bunları ölkələrimiz arasında münasibətlərin məntiqi nəticəsi kimi dəyərləndirən Türkiyənin vitse-prezi­denti C.Yılmazın sözlərinə görə, bu layihələrin dəyəri 18 milyard ABŞ dol­ları olub. Bununla belə, o bildirib ki, ölkələrimiz arasında tikinti sahəsində əməkdaşlıq gələcəkdə daha da inki­şaf etdiriləcək. O bildirib ki, gələn ilin fevralında Ankarada keçiriləcək birgə hökumətlərarası iqtisadi komissiyanın iclasında iş dünyası yenidən bir araya gələcək və həmin tədbirdə iki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlanacaq.

Yeri gəlmişkən, dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Res­publikasının vitse-prezidenti Cevdet Yılmaz arasında keçirilən görüşdə də münasibətlərin hazırkı səviyyəsindən, ölkələrimiz arasında ticarət dövriyyə­sinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da art­masından məmnunluq ifadə olunub. Eyni zamnada, gələn il Azərbaycan – Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələ­rimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müza­kirə edilib. Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, di­gər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bu gün isə Bakıda ulu öndər Hey­dər Əliyevin anadan olmasının və Tür­kiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş Azər­baycan–Türkiyə İnvestisiya Forumu öz işinə başlayacaq. İqtisadiyyat Nazirli­yindən bildirilib ki, tədbirdə hər iki ölkə­dən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək. Azərbaycan – Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzər­dən keçiriləcək, investisiya üzrə əmək­daşlıq sazişi və müqavilələri imzala­nacaq. Forum çərçivəsində, həmçinin investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji, sağ­lamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat