Nifrət dağarcığı

post-img

Erməni antisemitizmi “miatsum”un dəfnindən sonra yaranmış qəzəbdir

Əgər tarixin qədim dövrlərinə baş vurmasaq, yəhudi və erməni tayfalarının qarşıdurması versiyasını həqiqət kimi nəzərdən keçirməsək, hayların arasında antisemitizmin yayılmasının bir neçə səbəbini göstərmək olar və bu səbəb­lər antik dövrün deyil, ən yeni tarixin yaddaşıdır. 

Erməni antisemitizminin ən sadə sə­bəbi ondan ibarətdir ki, İsrail son otuz ildə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini nəinki dəstəkləmədi, üstəlik, Bakı və Tel-Əviv öz aralarında strateji münasibətlər qurdu. Ermənilər üçün vəziyyəti “qəlizləşirdirən” həm də o idi ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunun darmadağın edil­məsində xaricdən, o cümlədən İsraildən aldığı silahlardan istifadə etdi. 

Təmayül

Bu həssas mövzu ilə bağlı İsrailin “Ynet” nəşrində analitik məqaləsi dərc olunan tarix elmləri doktoru, Ermənistan–Azərbaycan münasibətlərinin tədqiqatçı­sı Elina Bardaç-Yalova yazır ki, Ermənis­tanda antisemitizm mövcuddur və bu, nə Azərbaycanın, nə də İsrailin ixtirasıdır. Tanınmış alim son dövrlər haylar arasın­da antisemitizm meyillərinin artması ilə bağlı həyəcan təbili çalır və İsrail haki­miyyətini gələcəkdə başağrısına çevrilə biləcək problemi diqqətlə izləməyə çağı­rır: “Son illər biz Ermənistanda çoxsaylı antisemit insidentlərin şahidi olmuşuq. Belə hadisələrin bir çoxuna rəsmi İrə­van tamamilə laqeyd yanaşıb. Bundan başqa, son bir ildə, xüsusilə də Qəzza bölgəsində “Dəmir qalxan” müharibəsi başlayandan internetdə antiisrail və an­tiyəhudi çıxış və bəyanatların səviyyəsi əhəmiyyətli dərəcədə artıb”.

Xanım Bardaç-Yalova olduqca vacib bir məqama – Ermənistanda yəhudilərə qarşı nifrət təmayülünün niyə məhz son bir ildə, ələlxüsus da, Qəzzada hərbi əməliyyatlar başlayandan sonra geniş vüsət almasına toxunaraq, məsələ ilə əlaqədar öz versiyasını irəli sürür: “Düşünü­rük ki, son bir il ərzində erməni cəmiyyətində antisemit əhvalın güclənməsi (hələlik Qəzza­da mühаribəni nəzərdən keçirmirəm) sadəcə hayların, az qala, bütün dünyaya qarşı böyü­yən qıcığının, bir növ, əksidir. Bu isə onların “miatsum” adlı sərsəm ideyasının tam iflasa uğramasını dərk etmələri fonunda baş verir. Dəqiq bilmirəm, görəsən, Ermənistan ictimai fikrində antifransız əhvali-ruhiyyənin səbəbini və dərəcəsini ölçüblərmi? Əgər bunun səbəbi kimi Bakının Qarabağ iqtisadi rayonu üzərində suverenliyini tam bərpa etmək siyasətinə qarşı Fransanın nəsə qoymaq iqtidarında olmaması, onun bu məsələdə gücsüzlüyü fonunda yaran­ması üzə çıxarsa, qətiyyən təəccüblənmərəm. Qəzzada hərbi əməliyyatlara gəldikdə isə, kənardan elə görünə bilər ki, guya, ermənilər fələstinlilərin müdafiəsinə qalxıblar. Amma, bu, ilk baxışda belədir. Reallıqda isə məsələ bir qədər fərqlidir. 7 oktyabr terror aktına çox kəs­kin cavab tədbirləri görən İsrailin ünvanına bü­tün dünyada tənqid və ittihamların artmasından istifadə edən ermənilər yəhudilərə qarşı tama­milə fərqli xarakterli nifrətlərini yeni ampluada izhar etməyə başladılar”. 

Təqlid

Amma bu təmayülün ermənilərin yəhu­dilərə qarşı nifrətinin heç də yeganə səbəbi olmadığını vurğulayan müəllif yazır ki, sa­dalanan səbəblərin bəziləri təmiz psixoloji xarakter daşıyır: “Görünür, belə motivlər­dən biri ermənilərin qlobal miqyasda yəhudi funksionallığı modelini təqlid etmək cəhdində gizlənir. İntəhası, bu model onlarda o qədər də effektli alınmır. Əgər tam dəqiqliyi ilə desək, faydasız cəhdlərdir. Onların milli ideoloqları­nın fikrincə, müasir İsrail və Ermənistan xalqın sərgərdan oğul və qızlarını öz çətiri altına top­lamaq missiyasını daşıyır. Fəqət, səhrada cən­nət – oazis yaratmağı bacaran yəhudilərdən fərqli olaraq, ermənilərin quruculuq qabiliyyə­ti heyrətamiz formada yalnız sovet dönəmin­də nəyəsə nail olmağa çatdı. Bu da İrəvanın qədim müsəlman simasını “müzəffərcəsinə” dağıdaraq, onun yerində ermənilərin çəhrayı arzularının şəhərini ucaltmaqdan ibarət oldu. İttifaq büdcəsindən ayrılmış böyükhəcmli do­tasiyanın hesabına reallaşan “erməni arzusu” deportasiya edilmiş azərbaycanlıların hələ soyumamış ocaqlarına Suriyadan, Livandan, hətta Fransadan “sivil” repatriantların köçü­rülməsindən ibarət idi. Bəli, məhz SSRİ mər­hələsi məlum erməni ideyasının “çiçəklənən” dövrü sayılmalıdır. Sovet Ermənistanını isə tarixi dövr fərqi ilə şərti olaraq “müasir İsrail” adlandırmaq olar”. 

Məhz Moskvanın “atalıq dəstəyi” ilə Ermənistanın milli dövlətçilik atributuna yiyələndiyini xüsusu olaraq önə çəkən yəhu­di tarixçisi məqaləsində onu da qeyd edir ki, SSRİ dağılandan sonra və hərə öz başının çarəsinə baxmağa məcbur qalanda məlum oldu ki, ermənilər sadəcə nəyisə yaratmaq im­kanına malik deyillər: “Ermənilərin müstəqil­lik əldə etdikləri 1991-ci ildən 32 il keçib. Bu müddət ərzində onlar, misal üçün, yəhudilər kimi iqtisadi cəhətdən inkişaf etmiş, texnolo­ji tərəqqiyə nail olmuş və sosial yönümlü bir dövlət qura bilərdilər. Amma bunun əvəzində millətin bütün potensial enerjisi Qarabağın iş­ğalına, oradakı boz zonanın və separatçı reji­min saxlanmasına xərcləndi. Hələ bir özlərinin “pir qələbəsi”ndən boş qürrələnmə və hamıya acıq verməklə məşğul idilər. Müharibədə mə­lum oldu ki, onların fəxr etdikləri “keçilməz Ohanyan müdafiə xətti” özünün fransızsayağı bütün qüdrətinə baxmayaraq, geridə qalmış texniki düşüncənin məhsuludur. Azərbaycan Ordusu PUA-ların vasitəsi ilə həmin müda­fiə xəttini “asankeçilən” etdi. Bəli, keçmişdə qalmış müharibə taktikasına malik Ermənis­tan Azərbaycan Silahlı Qüvvələrinin yüksək texnoloji həmlələrinə müqavimət göstərməyə hazır olmadığını ortaya qoydu. Ordusunun darmadağın edilməsi ilə eyni zamanda, həm də “miatsum” tiryəkinin sıradan çıxması hələ də beyinlərinə hakim kəsilmiş xəstə erməni ideologiyasının yarıtmazlığını göstərdi”. 

Empatiya 

Məqaləsində İsrailin ermənilərin maraqla­rına lazımi səviyyədə empatiya göstərməmə­sindən şok keçirdiklərini qələmə alan Elina Bardaç-Yalovanın qənaətinə görə, hələ Sovet məkanında yəhudi intelligensiyasının azərbay­canlılarla müqayisədə daha çox erməni elitası ilə yaxından bağlılığı faktını belə izah edir: “Axı onlar bu yaxınlıqdan çox şey umurdular. Bunun da çox bəsit səbəbi var. Azərbaycan elitası say etibarı ilə Rusiyada daha az təmsil olunmuşdu. Onların ziyalı təbəqəsi daha çox Vətənlərində yaşamağa üstünlük verir. Buna görə ermənilər ümid edirdilər ki, İsrail dövləti Rusiyadan köçmüş nəhəng repetriant kütlə­sinin hesabına erməniyönlü olacaq. İntəhası, bu, baş vermədi. Çünki yəhudi siyasətçiləri praqmatik adamlardır və onlar yalnız milli maraqlara görə hərəkət etməyə üstünlük verir­lər. Bu maraqlar isə onlara ermənilərlə deyil, Azərbaycanla dostluq etməyi diktə edir. Praq­matizmdən danışarkən, iki ölkə arasındakı mənəvi bağları da qətiyyən unutmaq olmaz. Аzərbaycan on minlərlə yəhudinin yaşadığı (onlar əsasən dağlıq ərazidə, Quba rayonunda yaşayırlar), özlərinə Vətən saydıqları ölkədir. Ermənistanda isə ermənilərdən və bir neçə min yezidi kürdündən başqa kənar millətlərin nümayəndələri yaşamır”.

Tarixçi alim məqaləsinin sonunda yaz­dıqlarına onu da əlavə edir ki, böyük mənada yəhudilərin və müsəlmanların bölə bilmədik­ləri heç nə yoxdur: “Dünyada bir-birinə bunca yaxın və Yer üzündə həyatın mənasını bu qə­dər yaxın anlayan iki konfessiya mövcud de­yil. Gec və ya tez, İsraildə və ərəb dünyasında radikalizmin və barışmazlığın dərəcəsi aşağı düşəndə, indi yaşanan münaqişə də öz həlli­ni tapacaq. Əminəm ki, İsraillə dostluğu çox yüksək dəyərləndirən, eləcə də İslam dünyası ilə həmrəy olan Azərbaycan da tezliklə Cənu­bi Qafqaza və Yaxın Şərqə sülhün gəlməyini cani-dildən arzulayır. Biz həmçinin, ermənilə­ri qonşularına və digər xalqlara qarşı etnik və dini dözümlülüyə çağırırıq. Azərbaycanlılara nifrətin sizi hansı aqibətə düçar etdiyini gördü­nüz. Bundan sonra daha kimlərəsə qarşı içinizi nifrətlə doldurmağı özünüzə rəva görməyin”.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Siyasət