Formula 1 pilotları Bakıda qutab bişirdilər

post-img

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində Paddock ərazisində yerləşən Chill Zone-da maraqlı və rəngarəng anlar yaşanıb. Dünyanın ən sürətli pilotları bu dəfə sükan arxasında yox, mətbəxdə bacarıqlarını sınayıblar. Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların yeməyi necə bişirdiklərini izləmək və onların hazırladıqları qutabları dadmaq imkanı əldə ediblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşaraq xəmiri incə açıb, içliyi səliqə ilə yerləşdirib və nəticədən sonra sevincini gizlətməyib. Pyer Qasli isə yumor dolu anlarla diqqət çəkib – hazırladığı qutab ənənəvi formadan fərqli olsa da, zarafatla: “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?” – deyə gülüş doğurub. Yuki Tsunoda isə Azərbaycan mətbəxinin bu təamına böyük maraq göstərib və “ilk dəfə belə dadlı yeməyi özüm hazırlayıram” sözləri ilə təəssüratını bölüşüb.

Sonda pilotlar həmkarlarını və tədbirdə iştirak edən qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin bişirdiyi təam gözləniləndən daha dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğuraraq minlərlə baxış toplayıb.

Bu tədbir yalnız əyləncəli anlarla yadda qalmayıb, həm də Azərbaycanın zəngin mətbəxinin və mədəniyyətinin tanıdılması üçün gözəl bir fürsətə çevrilib. Dünyaca məşhur idmançıların qutab bişirməsi ölkəmizin kulinariya ənənələrinin təqdimatında xüsusi rol oynayıb. Beləliklə, həm yerli azarkeşlər, həm də Bakıya dünyanın dörd bir yanından gələn turistlər Azərbaycan mədəniyyətinin bir parçasını yaxından görmək və dadmaq imkanı əldə ediblər.

Səbuhi MƏMMƏDOV

XQ









İdman