Regionun ilk nəhəng “yaşıl enerji” obyektinin gücü 230 MVt-dir
Yaxın günlərdə mediada “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) istismara veriləcəyini bildirən energetika naziri Pərviz Şahbazov 230 MVt gücə malik regionun bu ən böyük energetika obyektinin ölkəmizdə 225 milyon dollarlıq xarici investisiya hesabına inşa edildiyini vurğulayıb. Nazir “Qaradağ” GES sayəsində respublikamızın enerji balansına 500 milyon kVt•saat “yaşıl enerji” daxil olacağını da qeyd edib.
Pərviz Şahbazovun sözlərinə görə, bununla yanaşı, “Masdar” ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə isə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələrinə uyğun olaraq torpaq sahələri, habelə dənizdə potensial ərazilər müəyyənləşdirilir.
Xatırladaq ki, 110 mindən çox evin tələbatını qarşılayacağı, karbon qazı tullantılarını isə il ərzində 200 min tondan çox azaldacağı imkanına malik olan “Qaradağ” GES-in tikilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala sahibliyinin göstəricisidir. Quruda 27 giqavatt (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialının mövcudluğu bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, ötən il mart ayının 15-də “Qaradağ” GES-in tikintisinə başlayan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa dövlətlər də daxil olmaqla 40-dan çox ölkədə səmərəli fəaliyyət göstərir.
Şirkəti 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan və təmiz enerji sahəsində də bir neçə layihə həyata keçirəcək, bu bölgədə ilk layihəsini Kəlbəcər–Laçın zonasında, gücü 100 MVt-dan çox olan KES-in tikintisi ilə başlayacaq, sonrakı layihələrin gücü isə Qarabağda 200 MVt gücündə günəş stansiyasının tikintisi olacaq.
Prezident İlham Əliyev çıxışlarının birində ölkəmizdə bərpaolunan enerji ilə bağlı məsələyə münasibət bildirərək deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq qeyd etdiyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun, təxminən, 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.
Onu da qeyd edək ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalanıb. Həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkiləcəyi təsdiqlənib. Bu ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə gedəcəyi qərara alınıb. Bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinə başlanılıb.
Xatırladaq ki, Azərbaycanda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün güclü bərpaolunan enerji mənbələri hesabına yeni elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7954 meqavata çatıb. Bununla da ötən illə müqayisədə 393 meqavat və ya 4,9 faiz artım yaranıb.
Hazırda respublikamızda elektroenergetika sistemində ümumi gücü 6 min 642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63 meqavat gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46 meqavat olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1312 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir.
Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.
XQ