Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə çıxış edib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxış edib. 

Bildirilib ki, qadınların liderliyini artırmaq və gender bərabərsizliyini aradan qaldırmaq üçün gələcəkdə də bir sıra addımlar atılmalıdır. İlk növbədə, qadınların iqlim siyasəti üzrə qərar qəbuletmə səviyyəsində iştirakını gücləndirmək lazımdır. Daha sonra kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxışları yaxşılaşdırılmalıdır. Uşaqlar üçün də iqlimə dair maarifləndirmə tədbirləri gücləndirilməlidir.

Komitədən XQ-yə verilən məlumata görə, B.Muradova iqlim dəyişmələrindən ən çox qadınlar və uşaqlarln əziyyət çəkdiyini vurğulayaraq, qeyd edib ki, iqlim dəyişmələri səbəbindən qadın və uşaqların 80 faizi evlərini tərk edib. Lakin buna baxmayaraq, iqlim dəyişmələri ilə ən çox mübarizə aparmağa can atanlar da qadınlardır. Kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxış imkanları artırılmalıdır. 

B.Muradova çıxışında qeyd edib ki, narkomaniyanın qarşısının alınmasına həsr olunmuş kampaniyanın ekoloji mövzularla birləşdirilməsi, müxtəlif regionlarda yaşıllaşdırma və yaşıllığa qulluq kampaniyalarının keçirilməsi, eləcə də “#yaşıldünyanaminə həmrəyolaq” həştəqi ilə aparılan sosial çağırışlar mühüm rol oynayıb: Bu tədbirlərin hamısı qadınların, uşaqların və ailələrin iqlim fəaliyyətinə aktiv qoşulmasını təmin etmək, ekoloji şüuru gücləndirmək və gender bərabərliyini davamlı inkişaf gündəliyinin ayrılmaz hissəsinə çevirmək məqsədinə xidmət edib” - deyə o əlavə edib. 

B.Muradovanın sözlərinə görə, son beş ildə minlərlə qadın maliyyə savadlılığına və məşğulluğa cəlb olunub: “Son 5 ildə dövlət, özəl və ictimai sektor nümayəndələrinin yaratdığı sinerji nəticəsində yalnız iqtisadi sahədə 10 minlərlə qadın sahibkarlıq təşəbbüslərinə dəstək alıb, onların bir qismi yaşıl iqtisadiyyat və ekoloji layihələrdə fəaliyyət göstərib. Regional mərkəzlər şəbəkəsi vasitəsilə ölkənin əksər bölgələrində minlərlə qadın peşə hazırlığına, maliyyə savadlılığına və məşğulluq imkanlarına yiyələnib”. 

Bahar Muradova vurğulayıb ki, gələcəkdə qadınların iqlim siyasəti üzrə qərar qəbuletmədə iştirakının artırılması, kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxış imkanlarının genişləndirilməsi, uşaqlar üçün maarifləndirmə proqramlarının gücləndirilməsi və qlobal tərəfdaşlarla regional əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi prioritet olacaq.

O, həmçinin uşaqların hüquqlarının müdafiəsi sahəsində Dövlət Komitəsinin digər tərəfdaşlarla birlikdə uşaq müdafiə mexanizmləri şəbəkəsini genişləndirdiyini, iqlim dəyişikliyi və ekoloji maarifləndirmə mövzularını məktəbyaşlı uşaqlar arasında təbliğ edən layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ailə institutunun gücləndirilməsi məqsədilə həyata keçirilən proqramlar minlərlə ailənin sosial rifahının yüksəldilməsinə və icmaların dayanıqlılığının artırılmasına töhfə verib.

B.Muradova sonda bildirib ki, Azərbaycanın COVID-19 və iqlim dəyişikliklərinə qarşı mübarizədə əldə etdiyi uğurlar həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti arasında əməkdaşlıq imkanları yaradıb. İkinci dəfə təşkil edilən Bakı İqlim Fəaliyyət Həftəsi hökumət, özəl sektor və ictimaiyyət arasında konstruktiv dialoq platforması kimi özünü təsdiqləyib.

Bütün bu tədbirlər qadınların liderliyinin artırılmasına, gender boşluqlarının aradan qaldırılmasına və davamlı, ədalətli gələcəyin qurulmasına xidmət edir.







Sosial həyat