“Qoca” avtomobillər yollardan yığışdırılır

post-img

Ötən 1 ildə 10 min köhnə maşın qara metala çevrilib

“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq ölkə ərazisində köhnəlmiş və istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.

2024-cü ilin oktyabr ayından başlayan utilizasiya prosesinə vətəndaşların böyük maraq göstərməsinin nəticəsində cəmi 11 ay ərzində çoxsaylı köhnə nəqliyyat vasitələri utilizatorlara təhvil verilib. Utilizasiyaya verilən 10 mininci nəqliyyat vasitəsinin sahibi isə Elşən Hümbətov olub. Bununla bağlı nəqliyyat vasitəsinin təsdiqedici sənədi vətəndaşa təqdim edilib.

Ümumilikdə, bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin təsdiqedici sənədləri əsasında vətəndaşlar 589 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsini güzəştlə əldə ediblər. Bununla yanaşı, 803 min manatadək birdəfəlik ödəniş ərizəçilərin bank hesabına köçürülüb.

Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar www.nvu.gov.az portalına daxil edilərək ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi utilizatora təhvil verilməlidir.

Xatırladaq ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunması könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Hazırda “Təmiz Şəhər” ASC tərəfindən reyestrdə qeydə alınmış 3 utilizator Bakı şəhəri, Abşeron rayonu və Gəncə şəhərində fəaliyyət göstərir.

XQ

İqtisadiyyat