Azərbaycanın “yaşıl prioriteti”

post-img

Su və iqlim üzrə Bakı dialoqu işə başlayıb

Dünən Bakı İqlim Həftəsi öz işini davam etdirib. İqlim məsələlərinin müzakirəsinə həsr olunmuş toplantının 3-cü günündə də çoxsaylı çıxışlar dinlənilib, bir sıra təklif və mülahizələr səsləndirilib.

Toplantıda çıxış edən COP29 prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ölkəmizin iqlim gündəliyinin prioritetlərini açıqlayıb. Nazir qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişiklikləri qarşısında ən həssas sahələrdən biridir və su ehtiyatları ilə Xəzərin ekoloji problemləri təcili diqqət tələb edir. Onun sözlərinə görə, Azərbaycan tərəfindən irəli sürülmüş su və iqlim fəaliyyətlərinə dair COP29 Bəyannaməsinə artıq 60-dan çox ölkə qoşulub. Bu təşəbbüs çərçivəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş Su və İqlim üzrə Bakı Dialoqu işə başlayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov çıxış edərək bildirib ki, hazırda iqlim dəyişikliyi dünyada ərzaq təhlükəsizliyi, enerji, səhiyyə və sosial rifahla sıx bağlı olan ən böyük çağırışlardan biridir. Azərbaycanın 2024-cü ildə “Qida resurslarından səmərəli istifadə üzrə Milli Strategiya”nı qəbul etdiyini xatırladan ADSEA sədrinin sözlərinə görə, bu sənəd növbəti 16 il üçün ölkənin idarəetmə və infrastrukturunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmağı, innovasiyaların miqyaslandırılmasını və su ehtiyatlarının davamlı istifadəsini təmin etməyi nəzərdə tutur.

Qeyd olunub ki, 1980-ci ildən bəri ölkəmizin şirin su ehtiyatları, təxminən, 3 dəfə azalıb. Bununla yanaşı, əhalinin yalnız üçdəbiri müasir tullantı suları təmizləmə xidmətlərinə çıxış imkanına malikdir. Yeni strategiyanın bu problemlərə hərtərəfli cavab verdiyini vurğulayan Z.Mikayılov bildirib ki, bura real vaxt rejimində monitorinq, şəffaflığı və hesabatlılığı təmin edən müasir su-informasiya sisteminin qurulması, şəhərlərdə tullantı sularının azaldılması, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması və təmizlənmiş tullantı sularının istifadəsinin genişləndirilməsi daxildir.

ADSEA sədrinin sözlərinə görə, yeni strategiya çərçivəsində su idarəçiliyində rəqəmsal islahatlar aparılacaq. Diqqətə çatdırılıb ki, sənəd real vaxt rejimində monitorinq sistemlərinin qurulmasını, hövzə səviyyəsində idarəetməni və Elektron Su İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur ki, bunlar da həm şəffaflığı və hesabatlılığı, həm də səmərəliliyi artıracaq.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, hazırda innovasiya, elm və texnologiya davamlı və inklüziv aqrar sektorun əsas hərəkətverici qüvvələridir. O, Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü gününün kənd təsərrüfatı, su, nəqliyyat və ağıllı şəhərlər üzrə sektoral iqlim dayanıqlılığını müdafiə etməyə, eləcə də iqlim fəaliyyətində qadınların liderliyinin vacib rolunu önə çıxarmağa həsr olunmasını təqdir edib.

Yaxın illərdə ölkəmizdə aqrar sahədə süni intellektin tətbiqinə başlanılacağını diqqətə çatdıran nazir deyib ki, bu məqsədlə beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanan ikiillik rəqəmsal və süni intellekt yol xəritəsi məhsul müxtəlifliyinin xəritələşdirilməsindən və torpağın monitorinqindən tutmuş məhsuldarlığın proqnozlaşdırılmasına və suya qənaət edən suvarmaya qədər sahələri əhatə edir. Qeyd olunub ki, artıq bu sahədə pilot layihələr həyata keçirilir ki, bu da süni intellektin yaxın zamanlarda bütün ölkə üzrə tətbiq olunmasına gətirib çıxaracaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, baş direktorun köməkçisi Viorel Gutu çıxış edərək bildirib ki, su və ərzaq təhlükəsizliyi iqlim fəaliyyətinin əsas hədəfi olaraq qalmalıdır. Hazırda səhiyyə, su və qida məsələlərinin iqlim layihələrində mühüm yer tutduğunu diqqətə çatdıran FAO rəsmisi ölkəmizlə əməkdaşlığın bu sahədə mühüm rol oynadığını vurğulayıb.

Asiya İnkişaf Bankının Azərbaycan və Türkmənistan üzrə əməliyyat rəhbəri Marina Rouz Best çıxışında təmsil etdiyi qurumun kənd təsərrüfatını da iqlim planlarına daxil etdiyini bildirib: “Bu il 2030-cu ilə qədər qida sistemlərinin transformasiyası üçün 40 milyard dollarlıq investisiya proqramını elan etdik ki, bu da həm dövlət, həm də özəl sektoru əhatə edir. Bu proqramın bir hissəsi Azərbaycanla tərəfdaşlıq strategiyamızda da öz əksini tapıb və onun həyata keçirilməsinə bu yay başlanılıb”.

Asiya İnkişaf Bankının Azərbaycanın özəl sektoruna investisiyaların həcmini artırmaq niyyətində olduğunu vurğulayan Marina Rouz Best deyib ki, qurum 2021-ci ildə kiçik fermerlərin mikromaliyyələşdirilməsi üçün “Bank Respublika” ASC-yə 20 milyon, aqrar təchizat zəncirləri və logistikanın dəstəklənməsinə isə 5,9 milyon ABŞ dolları ayırıb. Ötən il təchizat zəncirləri və nəqliyyat logistikasının inkişafı üçün “Veyseloğlu” şirkətinə 10 milyon, yerli fermerlərin təchizat zəncirlərinə inteqrasiyasına kömək məqsədilə isə 500 min dollar vəsait verilib.

Dünya Bankının Azərbaycan üzrə meneceri Ştefani Ştallmayater isə qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri regionda daha çox hiss olunduqca sərhədyanı sular üzrə əməkdaşlıq və hövzə əsaslı idarəetmə getdikcə əhəmiyyətli olur. Ölkəmizin artıq bu istiqamətdə müəyyən addımlar atdığını bildirən bank meneceri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin suvarma sisteminin modernləşdirilməsi istiqamətində gördükləri işlərin suyun itkisiz istifadəsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda “ağıllı kənd təsərrüfatı”nın yaradılması istiqamətində də təqdirəlayiq işlərin görüldüyünü diqqətə çatdırıb.

Bakı İqlim Həftəsinin 3-cü iş günü daha sonra öz işini panel müzakirələri və “dəyirmi masa” ətrafında söhbətlərlə davam etdirib.

Mirbağır YAQUBZADƏ,
Rauf İBRAHİMOV (foto)
XQ

İqtisadiyyat