Oktyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Cənubi Qafqaz və Mərkəzi Asiyada Beynəlxalq Təhsilin Xəritələndirilməsi” adlı beynəlxalq konfrans keçirilib.
ADPU-nun mətbuat xidmətindən XQ-yə bildirilib ki, konfransda ümumilikdə 16 məruzə təqdim edilib. Sessiyalarda Cənubi Qafqaz və Mərkəzi Asiyada beynəlxalq təhsilin inkişafı, universitetlərarası əməkdaşlıq imkanları və tələbə-müəllim mobilliyinin genişləndirilməsi istiqamətində aktual məsələlər müzakirə olunub.
Konfrans çərçivəsində iştirakçılar həmçinin ADPU-nun beynəlxalq təhsil imkanları, ikili diplom proqramları, eləcə də Azərbaycanda fəaliyyət göstərən bir sıra təhsil və mədəniyyət qurumları ilə tanış olublar.
Konfransda Almaniyanın Fridrix-Aleksander Universitetinin (FAU) nümayəndələri əyani, Qazaxıstan Milli Pedaqoji Universiteti (KazNPU), Özbəkistan Fərqanə Dövlət Universiteti və Qırğız Milli Pedaqoji Universitetinin nümayəndələri isə onlayn formatda iştirak ediblər.
Pedaqoji Universitet beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini strateji prioritetlərdən biri olaraq dəyərləndirir və gələcəkdə bu istiqamətdə yeni tərəfdaş layihələrin həyata keçirilməsini planlaşdırır.