Sahibə Qafarova CAR-da G20 Parlament Sədrlərinin 11-ci Sammitində çıxış edib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusu üzrə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, çıxışı zamanı dünyada iqlim dəyişikliyinin daha da kəskinləşdiyini və onun təsirlərinin hər gün daha çox hiss olunduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən sığortalanmayıb. Onun sözlərinə görə, təbii fəlakətlər hər bir ölkəyə və regiona zərbə vurur. Ona görə də bu məsələ bütün səviyyələrdə təcili tədbirlər tələb edən qlobal əhəmiyyətli bir mövzuya çevrilib. Spiker deyib ki, bu isə, öz növbəsində, beynəlxalq çərçivə və öhdəliklərin müəyyənləşdirilməsini, onların konkret milli fəaliyyətlərə və planlara çevrilməsini, eyni zamanda, həyata keçirilməsində qlobal əməkdaşlığın və kollektiv dəstəyin təmin olunmasını nəzərdə tutur.

Azərbaycan parlamentinin sədri, çıxışında fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin roluna toxunaraq, deyib ki, bu çərçivədə qanunvericilik prosesləri reaktiv deyil, proaktiv xarakter daşımalı, iqlim dəyişikliyinə qarşı adaptasiyanı və risklərin azaldılmasını ümumi yanaşma kimi əks etdirməlidir. O, bildirib ki, bu, həm də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək.

Sahibə Qafarova Milli Məclisin artıq ətraf mühit, torpaq, su, meşə, kənd təsərrüfatı, mülki müdafiə və digər sahələr üzrə iqlim dəyişikliyinin mənfi təsirlərinə hazırlıq üçün əsas yaradan çoxsaylı qanunlar qəbul etdiyini söyləyib. Həmçinin, qeyd olunub ki, ötən il Azərbaycan Milli Adaptasiya Planını da təqdim edib və bu plan Qlobal Adaptasiya Məqsədi, Dayanıqlı İnkişaf Məqsədləri və Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Fəaliyyət Çərçivəsi sənədi ilə uzlaşdırılıb. Planda, həmçinin dəyişən şəraitə uyğun addımların atılması, bəzi qanunvericilik sənədlərində adaptasiya tədbirlərinin daha da dəqiqləşdirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

Spiker Sahibə Qafarova ötən ilin noyabrında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə – COP29-a ev sahibliyi etdiyini xatırladaraq, deyib ki, ölkəmiz ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı. O, BMT tərəfindən rəsmi olaraq “Bakı İqlim Həmrəyliyi Paktı” adlandırılan COP29-un mühüm nəticələri haqqında da məlumat verərək deyib ki, bu sıraya Yeni Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi kimi tanınan) qəbul edilməsi, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək hala gətirilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli Dialoqunun təsis edilməsi kimi mühüm məsələlər daxildir.

Spiker Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da evsahibliyi edib.

Çıxışının sonunda Milli Məclisin sədri bildirib ki, COP29-un uğurla başa çatdırılması ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, ümumi çağırışlar qarşısında həmrəylik, kompromislər və kollektiv tədbirlər arzu olunan nəticələrin əldə olunması üçün əvəzolunmazdır.







Siyasət