2 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cumhurbaşqanlığı Millət Kitabxanası arasında ikitərəfli, həmçinin Azərbaycan Milli Kitabxanası, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
XQ xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın MEK-nın direktoru, dosent Hüseyn Hüseynov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi iştirak ediblər.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Azərbaycan Milli Kitabxanasının bu günədək dünyanın 54 ölkəsinin Milli Kitabxanaları ilə əməkdaşlıq haqqında memorandum imzaladığını qeyd edib. Bildirib ki, bu gün imzalanacaq memorandumlar həm Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanası ilə ikitərəfli, həm də Mərakeş Krallığının Milli Kitabxanası və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu ilə üçtərəfli fəal qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir. Əməkdaşlıq memorandumlarının kitab və informasiya mübadiləsinə, ədəbiyyat guşələrinin yaradılmasına, elektron nəşrlər və məlumat bazalarının istifadəsinə, mütəxəssislərin təcrübə mübadiləsinə, qarşılıqlı kitab sərgilərinin və konfransların təşkilinə, eləcə də oxuculara onlayn xidmətlərin göstərilməsi sahəsində geniş imkanlar açdığını söyləyib.
Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu çıxışında imzalanan əməkdaşlıq memorandumu haqqında danışaraq, onun hər iki ölkənin kitabxanaları arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Kitab Sərgisi çərçivəsində imzalanma mərasimlərinin keçirilməsinin dünyanın müxtəlif ölkələri ilə mədəniyyət, elm və təhsil sahələrində beynəlxalq əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, sivilizasiyaların əsas mərkəzlərindən biri olan Mərakeşin zəngin kitabxana ənənələri ilə Azərbaycan Milli Kitabxanası və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanacağını qeyd edib. Bildirib ki, əlyazmaların qarşılıqlı mübadiləsi və tədqiqatçılar üçün istifadəyə açılması hər iki ölkənin alimləri üçün geniş elmi imkanlar yaradacaq, eyni zamanda qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.
Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi çıxışında Azərbaycan Milli Kitabxanasına və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərlərinə, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşa təşəkkürünü bildirib. Kitabxanaların xalqlar arasında körpü rolunu oynadığını, bu üçtərəfli əməklaşlıq memorandumunun gələcəkdə birgə lahiyələrə, sərgilərə, elmi araşdırmalara yeni imkanlar açacağını söyləyib.
Sonra Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının arasında ikitərəfli, Azərbaycan Milli Kitabxanası, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında isə üçtərəfli əməkdaşlıq haqqında memorandumu imzalanıb.
Xatirə şəkilləri çəkilib.