7 ayda Çinlə ticarətin həcmi 1,6 milyard dolları ötüb

post-img

Asiya nəhəngi respublikamızın dördüncü ən böyük iqtisadi tərəfdaşıdır

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Min mediaya müsahibəsində ölkəsinin Azərbaycanda həyata keçirilən “yaşıl” islahatlara göstərdiyi səylərə diqqət yetirərək bərpaolunan enerji istehsalı layihələrində iştirak edən ilk dövlətlərdən biri olduqlarını bildirib. O, Çin şirkətləri tərəfindən respublikamızda reallaşdırılan irimiqyaslı yeni enerji layihələrinin ilk partiyasına 230 MVt gücündə fotoelektrik və 240 MVt gücündə külək elektrik stansiyalarının daxil olduğunu vurğulayıb. 

Qeyd edək ki, adıçəkilən önəmli la­yihələrdən olan fotoelektrik stansiyasının tikintisi cəmi altı aydır ki, davam edir və tezliklə bu infrastruktur 5,5 kvadratki­lometrlik bir ərazinin enerji təminatını ödəyəcək. Yaxın gələcəkdə həmin stan­siyanın enerji şəbəkəsinə qoşulması da gözlənilir ki, bu da Azərbaycanın enerji strukturunun transformasiyasında müsbət rol oynayacaq. 

Quo Minin sözlərinə görə, bu gün bir çox Çin şirkəti təmiz enerji sahəsində investisiya layihələrini fəal şəkildə təş­viq edir ki, bu da Azərbaycana birbaşa investisiyalar və qabaqcıl texnologiyalar gətirməklə yanaşı, məşğulluğun artırılma­sını və sənayenin inkişafını sürətləndirir. Bununla yanaşı, hazırda respublikamız­da yeni enerji mənbələrindən yararlanan daha çox Çin, eləcə də digər xarici ölkə avtomobillərinin yerli sakinlər tərəfindən məmnunluqla istifadə edilməsi müşahidə olunur. Bütün bunlar isə nəzərə alınaraq Çin Azərbaycanla əməkdaşlığı davam et­dirməyə, “yaşıl enerji” və elektrik enerjisi sahələrində qarşılıqlı fəaliyyət potensialı­nı araşdırmağa daim maraq göstərir. 

Səfirin sözlərinə görə, ölkəsi gələcək­də də Azərbaycanla “yaşıl enerji”nin inki­şafı, enerjinin saxlanması və bu sahədə yükün azaldılması, enerjinin ötürülməsi və çevrilməsi, enerjiyə qənaət və emissi­yaların aşağı salınması, yeni enerji daşı­yıcılarının populyarlaşdırılması, yardımçı obyektlərin tikintisi və digər sahələrdə sıx əməkdaşlıq etmək niyyətindədir. Məqsəd isə daha çox layihələrin həyata keçiril­məsini asanlaşdırmaq və “Bir kəmər, bir yol”un Çin–Azərbaycan birgə tikintisinə yeni təkan verməkdir. 

Onu da deyək ki, hazırda Çin şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarının bərpasında da fəal iştirak edir­lər. Bu müəssisələr işğaldan azad edilən ərazilərimizdə yerli “yaşıl iqtisadiyyat”ın inkişafını daha da sürətləndirmək məqsə­dilə fotovoltaik elektrik stansiyalarının in­vestisiya və tikinti layihələrini səylə təşviq edirlər. 

Vətən müharibəsindən ötən müd­dətdə Çin şirkətləri tərəfindən erməni faşizminin dağıdıb xarabalığa çevirdiyi yaşayış sahələrində dərin araşdırmalar aparılaraq “ağıllı kənd”lər və hava liman­ları üçün sınaq avadanlıqlarının tədarükü kimi layihələr reallaşdırılıb. Eyni zaman­da, Qarabağda “yaşıl iqtisadiyyat”ın inki­şafının gerçəkləşdirməsi üçün fotovoltaik elektrik stansiyalarının investisiya və ti­kinti layihələrini fəal şəkildə təşviqi diqqət mərkəzində saxlanılıb. 

Çin hökuməti “Bir kəmər, bir yol”un bir­gə tikintisini Orta Dəhliz konsepsiyasına uyğun həyata keçirməyə də xüsusi həs­saslıqla yanaşır. Dost ölkə bunun üçün həmin birgə layihə çərçivəsində Azərbay­canla nəqliyyat əməkdaşlığını dərinləş­dirməyə və iki ölkənin müvafiq idarə və müəssisələri arasında sənaye mübadilə­sini təşviq etməyə böyük önəm verir. 

Çin gömrük rəsmiləşdirilməsinin və malların həddən artıq yüklənməsinin səmərəliliyinin artırılması yollarını, həmçi­nin tranzit daşımaları prosedurlarının sa­dələşdirilməsi və unifikasiyası, logistika və nəqliyyatın informasiyalaşdırılması, nəq­liyyat xərclərinin azaldılması, Çin–Avropa qatarlarının istismar sabitliyinin artırılması ilə bağlı müxtəlif məsələlərin araşdırılma­sını da daim diqqət mərkəzində saxlayır. 

Çin bu gün Avropa ilə Asiyanı bir­ləşdirən Orta Dəhlizin əlverişli coğrafi mövqeyinə böyük əhəmiyyət verir və in­frastrukturun regional əlaqələrin güclən­dirilməsində, regional iqtisadi inkişafın təşviqində, qlobal sənaye və logistika zəncirlərinin sabitliyinin təmin edilməsin­də önəmini yüksək dəyərləndirir. Çünki yuxarıda vurğulandığı kimi, “Bir kəmər, bir yol”un birgə layihəsi Orta Dəhliz konsep­siyasına tam uyğundur. Nəqliyyat kommu­nikasiyaları sahəsində Çin və “Bir kəmər, bir yol” boyunca yerləşən ölkələrin, o cüm­lədən, Azərbaycanın ümumi maraqları da var. Ümumiyyətlə, dost ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi–Orta Dəh­liz boyunca əlaqələrin sürətləndirilməsi, infrastrukturun və xidmətlərin müasirləş­dirilməsinə hər zaman xüsusi həssaslıqla yanaşır. 

Hazırda iki ölkə arasında münasi­bətlər yeni inkişaf mərhələsindədir. Çin Azərbaycanla strateji qarşılıqlı etimadı dərinləşdirmək, siyasət sinerjisini artır­maq və Azərbaycan–Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiya­sı kimi əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə etmək kimi məsələyə pri­oritet istiqamət olaraq dəyər verir. 

Məhz bütün bunların nəticəsidir ki, cari ilin 7 ayında respublikamızın Çin ilə ikitərəfli ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz artaraq, 1,62 milyard ABŞ dolları təşkil edib. Elə bu göstəriciyə əsaslanılaraq dost ölkə respublikamızın dördüncü ən böyük ti­carət tərəfdaşı kimi qeydə alınıb. 

Hazırda Çinin Azərbaycana əsas ixra­cı yüksək texnologiyalı məhsullar, o cüm­lədən mexaniki qurğular, elektron avadan­lıqlar və avtomobillərdir. Onların ixrac payı 50 faizi ötür.

Onu da qeyd edək ki, sadalanan göstəricilərin daha da yüksək rəqəmlərlə ifadə olunması üçün Çin Transxəzər Bey­nəlxalq Nəqliyyat Dəhlizi boyunca əlaqəni sürətləndirmək, infrastruktur və xidmətləri təkmilləşdirmək, Çin–Avropa dəmir yolu yükdaşımalarının həcmini artırmaq və regional, habelə beynəlxalq təchizat zən­cirləri qarşısında maneələri aradan qaldır­maq kimi mühüm vəzifələri uğurla həyata keçirir. Çin tərəfi, həmçinin, mədəni və hu­manitar əlaqələri gücləndirmək, iki ölkə­nin biznes, akademik və qeyri-hökumət sektorları arasında əlaqələri təşviq etmək, ikitərəfli əməkdaşlığı dərinləşdirmək is­tiqamətində layihələr hazırlayır. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Azərbaycan tərəfi də, şübhəsiz ki, öz növbəsində yerli infrastrukturu in­kişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyur, qonşular­la bağlantı körpülərinin qurulmasını diqqətdə saxlayır. Bununla da “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkə­daxili infrastruktur sistemini yüksək sə­viyyədə gerçəkləşdirir. Bu fikrin təsdiqi olaraq qeyd edək ki, hazırda Yeni Bakı Ticarət Limanı genişləndirilir. Çünki bu­nunla Şərqdən-Qərbə daşınan yüklərin həcminin artacağı təqdirdə yükaşırma problemlərinin qarşısı alınır. Başqa sözlə, Azərbaycanın mövcud ticarət in­frastrukturu bir neçə il əvvəl fəaliyyətə başlayanda onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. 

Bu gün isə sözügedən limanın im­kanlarını 25 milyon tona qədər çatdır­maq qarşıya mühüm vəzifə kimi qoyu­lur. Bundan başqa, Xəzər dənizində daha çox gəmi tikintisi diqqətdə saxla­nılır. İndi gəmiqayırma zavodunun ildə 20-dək gəmi inşa edəcəyi planlaşdırılır. Bu, həm Azərbaycanda, həm də Xəzər dənizində yükdaşımaya tələbat artma­sı ilə bağlıdır. Ümumiyyətlə, hazırda Azərbaycan Xəzəryanı dövlətlər ara­sında Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir. Bu, ölkəmizin daha çox yük daşımaq imkanından xə­bər verir. 

Ticarət sahəsinə gəldikdə isə, deyə bilərəm ki, dost ölkədə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbay­can Ticarət Evi “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox ta­nıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərir, bu sahədə əlaqələndir­məni uğurla həyata keçirir. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmin Ticarət Evinin açılışında vurğuladığı kimi, dost ölkədə sayca 4-cü ticarət evi fəaliyyətə başlayır ki, bu da ölkələrimiz arasında iqtisadi-ticari mübadilə üçün dinamik platforma rolunu oynayır.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat