Trans-Adriatik Boru Kəməri “qoca qitə”yə 27 milyard kubmetr qaz nəql edib
“Trans-Adriatik Boru Kəməri (TAP) Xəzərdən Avropaya birbaşa nəqlin etibarlılığına zəmanət verəcək. TAP kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 27 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun da 23 milyard kubmetrdən çoxu İtaliyaya ixrac edilib”.
Bu fikirləri TAP-ın icraçı direktoru Luka Skieppati İtaliyada keçirilən Enerji Sammitində çıxışı zamanı səsləndirib. “Buna görə biz, mahiyyət etibarı ilə, tədarükün təhlükəsizliyinə və bazar likvidliyinə töhfə vermiş olduq. Bu, uzunmüddətli müqavilələrin istismara verilməsi ilə bağlı görülən işlər nəticəsində baş verdi. Bu müqavilələrə əsasən, ildə 10 milyard kubmetr qaz nəql edilir və onun da 8 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub”,–deyə L.Skieppati bildirib. İcraçı direktor onu da bildirib ki, TAP 2022-ci ildə İtaliyanın qaz tələbatının 15 faizini təmin etdiyi üçün tamamilə strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən qazın Avropaya nəqli üçün nəzərdə tutulub. 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Avropaya isə 11,4 milyard kubmetr (39 faiz artım) mavi yanacaq nəql edilib. Ötən il TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 faiz artım) təşkil edib.
Yeri gəlmişkən, 2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.
XQ