Şamaxıda dolu vuran üzüm bağına dəymiş zərər ödəniləcək

post-img

1400 belə təsərrüfatın müraciətinə də baxılır

Azərbaycanda qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi zərər vurmaqdadır. Cari ilin may ayında dolu yağması nəticəsində Şamaxıda yerləşən böyük üzüm sahəsinə ciddi ziyan dəyib. 

Aqrar Sığorta Fondundan verilən məlumata görə, təbiət hadisəsi nəticəsində zərər çəkən üzüm bağı sığortalı olduğu üçün dəymiş ziyan fond tərəfindən ödəniləcək. Bu məqsədlə hadisə barədə fonda məlumat daxil olan kimi mütəxəssislər və müstəqil aq­rar sığorta ekspertləri sahəyə gələrək ilkin araşdırma apa­rıb, dəymiş zərərin məbləği­nin hesablanmasını həyata keçiriblər.

Qeyd olunub ki, iyul ayın­da isə Aqrar Sığorta Fon­dunun mütəxəssisləri və müstəqil aqrar sığorta eks­perləri sahəyə gələrək yekun ekspertiza keçiriblər. Fond­dan verilən məlumatda, həm­çinin bildirilir ki, araşdırma prosesinə yerli və Türkiyədən gələn ekspetlər cəlb olunub. Zərərin məbləği dəqiqləşən­dən sonra təsərrüfata dəyən zərərin ödənilməsinə başla­nılacaq. 

Xatırladaq ki, sözügedən təsərrüfat bundan əvvəl də – 2018-ci ildə dolunun təsirinə məruz qaldığından böyük zərərlə üzləşib. Bunu nəzərə alaraq ölkədə aqrar sığorta­nın tətbiqindən sonra təsər­rüfat mütəmadi olaraq sığor­talanıb. Yeri gəlmişkən, dolu Azərbaycanda əkin sahələ­rinə ən çox zərər yetirən tə­biət hadisələrindəndir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin ilk 6 ayında Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlər­lə bağlı 7 min müraciət daxil olub ki, bunun da 1400-ü və ya hər 5 müraciətdən 1-i dolu hadisəsi ilə əlaqədardır. Ümumilikdə isə, son 3 ayda qeyri-sabit hava şəraiti ilə bağlı fonda edilən müraciətlə­rin sayı 1000-i keçib. Hazırda həmin təsərrüfatlara dəymiş zərər qiymətləndirilir və bu proses başa çatdıqdan sonra kompensasiya ödənişlərinə başlanılacaq. Bütün bunlar isə ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha təsdiq edir.

Xatırladaq ki, hazırda aq­rar sığorta 41 bitki növü üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri–fırtına, qasır­ğa, sel, subasmalar, daşqın­lar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan ami­lindən asılı olmayan müxtəlif hadisələr aiddir. Fonddan bil­dirilib ki, aqrar sığorta güzəştli şərtlərlə təqdim edilir. Belə ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi döv­lət tərəfindən ödənilir.

Yeri gəlmişkən, bu ilin ötən 7 ayında ölkəmizdə kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 11 milyon 85 min manat təşkil edib. Azər­baycan Mərkəzi Bankının məlumatına görə, bu göstə­rici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə və ya 6 milyon 692 min manat çox­dur. Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında kənd təsərrüfatı bitkiləri üzrə sığor­ta yığımları 4 milyon 392,5 min manat təşkil edib. 

“Xalq qəzeti”

İqtisadiyyat