“Polietilen bəlası” – ekoloji epidemiya

post-img

60-dan çox ölkə plastik qablardan istifadəni məhdudlaşdırıb

Təqribən, yarım əsr əvvəl dünyada plastik qabların və polietilen torbaların istehsalına başlandıqda insanlar bunu rahatlıq kimi qarşılayaraq ondan istifadəyə getdikcə daha çox üstünlük verməyə başladılar. Bu isə maya dəyəri daha ucuz olan, hazırlanmasında saf xammaldan yox, məişət tullantılarından istifadə edilən və daha sərfəli qiymətə başa gələn polietilen torbaların istehsalının ilbəil artmasına səbəb oldu. Bununla da, ətraf mühiti zərərli tullantılarla çirkləndirən daha bir ekoloji terror mənbəyinin əsası qoyuldu.

Statistik məlumatlara görə, hazırda dünyada hər dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Hətta bəzi hal­larda həmin torbalar hara və necə gəl­di, atılır. Çoxları isə bunun ətraf mühitə vurduğu ziyanın fərqində deyil. Belə ki, ekoloqların araşdırmalarına görə, polie­tilenin çürüməsi torpaqda 800 ilə, dəniz­də isə 400 ilə başa gəlir. Bütövlükdə isə, polietilen torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən azı min il lazım gəlir. Mütəxəssislərin hesabla­malarına görə, okean sularında hərəkət edən gəmilərdən ildə 4 milyon kiloqrama qədər polietilen torba dənizə atılır. Bunlar da dənizin dibinə çökərək su mənbələri­nin çirklənməsinə səbəb olmaqla yana­şı, canlı aləmin tədricən məhvinə gətirib çıxarır. 

Artıq bir neçə ildir ki, dünya plastik və polietilen məhsullardan istifadənin azaldılmasına start verib. Hələlik isə bir sıra dünya ölkələrində çıxış yolu kimi plastik torbalarla alış-verişə davam edən obyektlərin vergiyə cəlb olunmasına, bəzilərində isə pulla təklifinə başlanılıb. Məsələn, Danimarka, Bolqarıstan, İspa­niya və digər Avropa ölkələrində polieti­len torbalardan istifadə vergiyə cəlb edilir, Hollandiya, İsveç Xorvatiya, Sloveniya, Latviya, Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada pulla təklif edilir. İtali­ya, Fransa, Rumıniya və Litvada isə plas­tik qablardan və polietilen torbalardan is­tifadə tamamilə qadağan edilib. 

Bütövlükdə isə, hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan isti­fadə ilə bağlı qaydalar müəyyənləşdirilib. Bundan da məqsəd ilk baxışdan istifadə­si rahat görünən, amma ətraf mühitə və insan sağlamlığına zərəri bundan qat-qat narahatlıq doğuran belə məhsullardan istifadəni azaltmaqdan və ya buna tama­milə son qoymaqdan ibarətdir. Amma gö­rünən budur ki, plastik və polietilenlərin törətdiyi ekoloji terrorla mübarizə, heç də, asan başa gəlməyəcək, bundan tam xi­las olmaq üçün uzun vaxt lazım gələcək. 

Ölkəmizdə də polietilen torbaların is­tifadənin azaldılması ilə bağlı bir neçə il əvvəl qərar verilsə də, prosesə başlamaq xeyli vaxt aparıb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti polietinlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə 2021-ci il fevralın 2-də mağaza kassalarında məh­sulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torba­lar, ayrıca məhsul növü kimi pulla satışı ilə bağlı qərar qəbul edib. Cari ilin fevral ayının 15-dən etibarən isə ölkəmizdəki iri ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başla­nılıb. Hazırda bu torbaların qiyməti öl­çüsünə görə 3-5 qəpik arasında dəyişir. Ekoloji təmiz xüsusi torbalar isə daha yüksək qiymətə təklif edilir. 

Hökumətin qərarına əsasən ölkəmi­zin irili-xırdalı ticarət şəbəkələrində satı­lan polietilen torbalar ayrıca məhsul növü kimi kassa çekində öz əksini tapmalıdır. Buna əməl etməyən ticarət obyektlərini isə 6 min manata qədər cərimə gözləyir. Müşahidələr göstərir ki, hazırda market­lərdə bu qaydaya riayət edilsə də, bir çox təsərrüfat mağazalarında, geyim dükan­larında və digər ticarət mərkəzlərində polietilen paketlərin kütləvi, özü də heç bir ödəniş həyata keçirilmədən istifadəsi davam edir. Ötən 6 ay ərzində ölkəmizdə polietilen torbaların istifadəsi bir qədər azalsa da, ətraf mühitin bu cür zərərli tullantılardan xilası ilə bağlı görülən işləri qənatbəxş hesab etmək qətiyyən müm­kün deyil. 

Bu da başadüşüləndir. Çünki qada­ğan edilmiş belə malları əvəz edəcək alternativlər, demək olar ki, yoxdur. Yəni ölkəmizdə plastik qabların və polietilen torbaların alternativlərinin kütləvi istehsa­lına, hələlik, başlanılmayıb. Düzdür, son zamanlar marketlərdə çörək və bulka məmulatlarının satışı zamanı kağız tor­balardan geniş istifadə olunsa da (həm də onlar üçün heç bir məbləğ tələb olun­mur), bu, heç də polietilen torbalardan istifadəni azaltmağa yetərli deyil. 

Deməli, yeganə, həm də düzgün çıxış yolu ekoloji cəhətdən daha təmiz kağız və parçadan olan torbaların istehsalına nail olmaqdan ibarətdir. Bunun üçün isə bir sıra stimullaşdırıcı tədbirlərdən isti­fadə edilməklə özəl sektorda bu sahəyə marağı artırmaq lazımdır. Yəni ölkəmizdə alternativ məhsulların istehsalının təşkili hökumət və biznes qurumlarının birgə fəaliyyətindən asılıdır. Əks təqdirdə, 3-5 qəpiyin müqabilində təbiəti və insanları­mızı bu zərərli tullantıların mənfi təsirlə­rindən qorumaq mümkün olmayacaq. 

Eyyub KƏRİMLİ,
iqtisadçı ekspert

Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik məhsulların sırasında xüsusi çə­kiyə malik olan polietilen torbaların isə dünyada çox böyük dövriyyəsi var. Hətta bu dövriyyə 100 milyard dollarla ölçülür. Polietilen torbaların istifadəsi praktiki olsa da, bu böyük ekologi və iqtisadi fəsadlar yaradır. Hər il dünyada, təqribən, 4 trilyon paket istifadə olunur, hər dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atı­lır. Onlar isə ətraf mühitdə uzun müddət qalır və çürümür.

Araşdırmalar nəticəsində məlum olub ki, plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Bu da ondan irəli gəlir ki, hazırda dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Ən yaxşı halda isə, bir sıra ölkələrdə plastik tullantılarının 60-70 fai­zi təkrar emala yönəldilir. Eyni zamanda, okeana atılan tullantıların da 90 faizi məhz plastik məhsulların payına düşür. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il okean­lara 150 ton plastik tullantılar atılır. Bunun nəticəsidir ki, hazırda plastik və polietilen qablaşdırılmaların dünya okeanında böyük adaların yaranmasına səbəb olub. 

Bu məhsulların utilizasiyası da bö­yük maliyyə xərcləri tələb edir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq bir müddətdir ki, bu cür torbaların və plastik qabların dövriyyəsinə qadağa qoyulub. Ümumilikdə isə, 40 ölkədə plastik məh­sulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin özləri ilə polie­tilen məhsullar gətirilməsinə belə, icazə verilmir. 

2022-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə, təqribən, 5 dəfə artıb. Eyni zamanda plastik qabla­rın idxalı da dəfələrlə çoxalıb. Ölkəmizdə hər il adambaşına orta hesabla 24 kiloqram plastik tullantı yaranır ki, bu da kifayət qə­dər yüksək rəqəmdir. Məlum olduğu kimi, bu ilin fevral ayından etibarən Azərbay­canda polietilen torbaların satılmasına baş­lanılıb. Bu da ötən müddətdə onların döv­riyyəsinin 3 faiz azalmasına səbəb olub. Belə ki, istehlakçılar və satıcılar həmin torbaların istifadəsinə daha qənaətlə yana­şırlar. Bu isə onların ümumi istifadəsinin azalmasına gətirib çıxarır. 

Yeri gəlmişkən, Azərbaycanda əvvəllər bu cür paketlərin ekologi cəhətdən alterna­tivləri mövcüd olmuşdur. Bunlara kağız və parçadan olan paketləri, tor formasında çantaları, eləcə də həsirdən toxunmuş zən­billəri misal götərmək olar. Düşünürəm ki, hazırda bu cür torbaların istehsalını təşkil etməklə yeni sahibkarlıq fəaliyyətinin in­kişafına töhfə vermək olar. Bu, həm milli brendlərin yaranmasına, həm də regionlar­da məşğulluğun təmin edilməsinə əhəmiy­yətli dərəcədə təsir edə bilər. 

Elə polietilen torbaların və plastik qabların istifadəsinin məhdudlaşdırılması da yeni alternativ məhsulların istifadəsini zəruri edir. Bu isə istehlak bazarında eko­loji təmiz məhsula tələbat formalaşdırmaq­la yanaşı, yerli sahibkarlara yeni istehsal sahələri açmağa imkan yaradar. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat