Dünya Bankı ilə əməkdaşlıq genişlənir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşündə respublikamızın bu beynəlxalq maliyyə qurumu ilə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrini yüksək qiymətləndirib. 

Nazir ölkəmizin DB ilə əlaqələrində özəl sektorun diaq­nostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişa­fı, bərpaolunan enerji və digər sahələrdə əlaqələrin getdikcə möhkəmlənməsinə, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verdiyini bildirib.

Ştefani Ştalmeyster isə respublikamızın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində bankın Azərbaycan hökumə­ti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini vurğulayıb, tərəfdaşlığın yeni is­tiqamətləri barədə fikirlərini bölüşüb.

Xatırladaq ki, hələ bu ilin iyun ayında iqtisadiyyat naziri Mikayıl Cabbarov DB-nin Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Praysla görüşündə də Azərbay­canın bu maliyyə təşkilatı ilə uğurla əmək­daşlıq etdiyini, respublikamızda bankın göstərdiyi texniki yardım və maliyyə dəstə­yi layihələrinin yüksək qiymətləndirildiyi­ni diqqətə çatdırıb. Nazir ölkəmizin DB ilə əməkdaşlığında ölkə iqtisadiyyatının priori­tetləri, o cümlədən iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyala­rın təşviqi və biznes mühitinin davamlı ola­raq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə daha çox diqqət yetiril­diyini qeyd edib. 

Azərbaycanın DB ilə əməkdaşlığında xüsusi önəm verildiyi məsələlərdən biri iq­tisadiyyatın rəqəmsallaşması ilə bağlı la­yihələrin uğurla reallaşdırılmasıdır. Qeyd edək ki, rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyinə mühüm təsir göstərən amillərdən biri olduğu üçün inves­torlar tərəfindən bu sahəyə aid infrastruk­turun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzin­də saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına bö­yük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur. 

Bu iqtiqamətdə gerçəkləşdirilən tədbir­lər sayəsində Azərbaycan BMT-nin “Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda 2019-cu illə müqa­yisədə 2021-ci ildə şəffaflıq indikatoru üzrə 6,67 faiz, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 16,67 faiz artıma nail olub. Ümumilikdə isə respublikamız DB-nin hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək rəqəmsallaşma səviyyəsinə görə, ölkələrin daxil ola bildiyi birinci qrupda yer alıb.

Yeri gəlmişkən, DB-nin Azərbaycanda­kı əməliyyatlarının yeni mərhələsi 2015-ci ildə təsdiqlənən və 2016-2020-ci illəri əhatə edən Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənib. Lakin bu proqramın 2020-ci ildə səmərəliliyi nəzərə alınaraq onun uza­dılması qərara alınıb. Bu zaman iki prioritet istiqamət də təsdiq edilib. Belə ki, adıçəkilən proqramda dövlət sektorunda idarəetmə və xidmətlərin göstərilməsi, ölkənin neft-qaz asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura, həmçinin daha güclü institutlara investisiyalar yatırmaq yolu ilə iqtisadiyyatın xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verən iqtisadi rəqabətqabiliyyətliliyin böyük əhəmiyyəti önə çəkilib. 

Qeyd edək ki, 1992-ci ildən DB-nin üzvü olan Azərbaycana bu maliyyə qurumu tərə­findən ötən müddətdə 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayrılıb. 

DB indiyədək respublikamızda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliy­yat və su–kanalizasiya sisteminin təkmilləş­dirilməsi, kənd təsərrüfatının, enerji sektoru­nun inkişafı, ətraf mühitin, həmçinin mədəni irsin qorunması kimi bir sıra sahələrdə hə­yata keçirilən layihələrə dəstək verib, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilib. Bankın fəaliyyətində Azər­baycan üçün strateji layihələrə, o cümlədən Cənub Qaz Dəhlizi təşəbbüsünə verdiyi dəstək xüsusi yer tutub.

DB-nin Azərbaycan iqtisadiyyatının in­kişafını obyektiv qiymətləndirməsi də daim diqqət çəkib. Bu nüfuzlu beynəlxalq maliyyə qurumunun hesabatlarında ölkəmizdə stra­teji yol xəritələrinin ötən illər üçün nəzərdə tutulan müddəalarının uğurla icra olunduğu, o cümlədən, mikro, kiçik və orta sahibkarlığın meyarlarının müntəzəm yeniləndiyi, “yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başla­ma, lisenziya və icazələr, yoxlamalar, elekt­rik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə isla­hatlar aparıldığı, həmçinin yeni sənaye, aqro və texnoparklar, habelə sənaye məhəllələri­nin yaradıldığı xüsusi vurğulanıb. 

Bankın hesabatlarında respublikamızın vergi və gömrük strukturlarında mühüm yeniliklərə imza atılması, reallaşdırılan isla­hatlarda əsas məqsədin sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsal­laşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması kimi məsələlər də öz ifadəsini tapıb. 

DB ilə Azərbaycanın əlaqələri son illər xeyli genişlənib. “Azərbaycanda məşğul­luğa dəstək” layihəsi üzrə bu beynəlxalq maliyyə qurumu tərəfindən respublikamız­da özünüməşğulluq proqramının icrası ilə bağlı mühüm göstəricilər əldə edilib. Belə ki, 2020-2025-ci illəri əhatə edən həmin layihə 22 min işsiz şəxsin özünüməşğulluq proqra­mı çərçivəsində kiçik ailə təsərrüfatının ya­radılması, eləcə də məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsinə dəstək verilməsi məqsədi daşıyıb. 

“Xalq qəzeti”

İqtisadiyyat