Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir

post-img

Bu nəhəng obyektin istismara verilməsi ilə il ərzində 1 milyard kubmetr qaza qənaət ediləcək

Son 20 il ərzində respublikamızın energetika sistemində genişmiqyaslı layihələr gerçəkləşdirilib, bu sahədə böyük həcmdə yenidənqurma, tikinti layihələri icra olunub. 

Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçi­vəsində energetika sistemi əsaslı şəkildə müasirləşdirilib, “itirilmiş” generasiya güc­ləri bərpa edilib. Dövlətimizin başçısının 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təmi­natının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamı da ölkəmizin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da gücləndir­mək, təhlükəsizliyin maksimal səviyyədə reallaşdırılmasına nail olmaq baxımından daim diqqət mərkəzində saxlanılıb.

Yuxarıda adıçəkilən sənəddə “Azərbaycan” İstilik Elektrik Stansi­yasının (İES) modernləşdirilməsi res­publikanın enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşı­lanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik ener­jisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiy­yətə malik olduğu bir daha öz ifadəsini tapıb. 

Prezident İlham Əliyev vurğula­nan bu mühüm məsələlər barədə cari il fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimin­dəki çıxışında ətraflı bəhs edib. Dövlə­timizin başçısı nitqində belə bir nəhəng infrastrukturun – Mingəçevir Elektrik Stansiyasının gələcəkdə – 2025-ci ildə istifadəyə veriləcəyini, bununla da ölkəmizin enerji potensialının bö­yük dərəcədə güclənəcəyini, şəhərin isə Azərbaycanın elektroenergetika mərkəzi kimi önəminin daha da arta­cağını bildirib. “Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, – deyə ölkə rəhbəri vurğulayıb. 

Hazırda Mingəçevir şəhərində cari ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük yeni İstilik Elektrik Stansiyasında işlər “AzərEnerji” ASC tərəfindən sürətlə davam etdirilir. ASC-dən redaksiya­mıza verilən məlumatda bildirilir ki, “Azərbaycan” İstilik Elektrik Stansi­yasının ərazisində inşa olunan 1280 meqavatlıq bu stansiyanın tikinti işləri Azərbaycanın ixtisaslaşmış yerli şirkət­ləri tərəfindən həyata keçirilir. Stansi­yanın tikintisinə isə İtaliyanın “AFRY” məsləhətçi və İspaniyanın “İDOM” la­yihələndirmə şirkətləri nəzarət edir.

“AFRY” məsləhətçi şirkətinin nü­mayəndəsi Salih Turanın verdiyi mə­lumata əsasən, hazırda işlər sürətlə davam edir və qrafiki 2 ay qabaqlayır. Yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorların gəmiyə yüklənərək Azərbaycana göndəriləcəyi gözlənilir.

İndiyədək 4 ədəd qaz turbininin, generatorların və qazanların bünövrə, betonlanma işləri yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların inşası, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri isə da­vam edir.

Soyutma su sistemlərinin dövran nasoslarının, o cümlədən soyutma borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişlən­dirilməsi işləri sürətlə aparılır. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinləri­nin zəmanətli əsaslarla modernləşdiril­məsi işləri həyata keçirilir. 

Yüz tondan artıq çəkisi olan turbin, generator və başqa avadanlıqların çıxardılaraq əsaslı təmir olunması və yeni tikilən elektrik stansiyasına inteq­rasiya edilməsi üçün işlər yekunlaşdırı­lıb və hazırda köməkçi avadanlıqların yenisi ilə əvəzlənməsinə başlanılıb.

ASC-dən redaksiyamıza verilən məlumatda da vurğulanır ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsin­də ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq. Daha dəqiqi 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar tur­binlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.

Yeni stansiyanın tikilməsi əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpao­lunan enerji mənbələrinin enerji siste­minə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malik­dir.

Nihat ƏLİYEV,
iqtisadçı-ekspert


Sovet dönəmində olduğu kimi, hazırda da Mingəçevir Azərbaycanın, eləcə də Qafqazın enerji mərkəzi kimi tanınır. Şübhəsiz ki, bu şəhərin belə bir adla tanınması, eləcə də respublikamızın enerji təhlükəsizliyinin gerçəkləşməsində müstəsna rol oynaması Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətinin nəticəsidir. Ulu öndərin uzaqgörənliyi, təşəbbüsü və rəhbərliyi sayəsində Mingəçevirdə 1981-ci ildə istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası ölkəmizin ən ağır dövründə səmərəli fəaliyyəti ilə xatırlanır. Mən bu sözləri deyəndə, ilk növbədə, göz önünə, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlləri gəlir. Başqa sözlə, Sovet İttifaqının süqutu ilə baş verən hadisələr zamanı “Azərbaycan” İstilik Elektrik Stansiyasının Azərbaycanı işıqsız qoymaması xatırlanır.
Ötən illər ərzində sözügedən stansiyada yenidənqurma işləri görülüb. Dövlətimizin başçısının göstərişi ilə 2018-ci ildə onun tamamilə yenidən qurulması prosesi həyata keçirilib, qısa müddətdə–iki il ərzində 8 blok tamamilə təzələnərək istismara buraxılıb. Nəticədə stansiya ilkin gücü ilə fəaliyyətə başlayıb və generasiya gücü 2400 meqavata çatdırılıb. Beləliklə, Mingəçevir Elektrik Stansiyasının bərpa–yenidənqurma layihəsinin uğurla icrası nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güc “geri qaytarılıb”. Prezident İlham Əliyev tərəfindən belə bir fəaliyyət böyük bir stansiyanın yenidən tikilməsi kimi dəyərləndirilib.
Yeri gəlmişkən, bu məqamda diqqətçəkən bir məsələni də xatırlatmaq istərdim. Hamımız yaxşı xatırlayırıq ki, ikinci Qarabağ müharibəsində erməni faşizminin hədəfində olan obyektlərdən biri də “Azərbaycan” İstilik Elektrik Stansiyası idi. Düşmən Vətən savaşında uduzduğuna görə, bu nəhəng stansiyanı dağıtmaqla qisas almağa cəhd göstərdi, bu son dərəcə əhəmiyyətli infrastrukturu uzaqmənzilli raketlərlə atəşə tutdu. Həmin raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.
Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa olunan 1280 meqavatlıq yeni elektrik stansiyasının tikilməsi ilə Azərbaycanın enerji potensialı böyük dərəcədə güclənəcək. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə vurğulandığı kimi, bu, respublikamızın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yeri yaranacaq və beləliklə, ölkəmiz öz imkanlarından tam yararlanaraq həm daxili tələbatı ödəyəcək, həmçinin elektroenergetikanın inkişafını yeni inkişaf mərhələsinə qaldıracaq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat