Paytaxt Bakıda nəqliyyatın parkinqi ilə bağlı problemlər uzun illər həm sürücüləri, həm də sakinləri ciddi narahat edən məsələlərdən olub. Üstəlik, avtomobillərin park edilməsi üçün müvafiq yerlərin olmaması ucbatından sürücülər idarə etdikləri nəqliyyat vasitələrini, kobud qayda pozuntusu hesabına olsa da, haradasa saxlamaq məcburiyyəti qarşısında qalıblar. Bu isə inzibati xəta olmaqla yanaşı, həm də tıxacların yaranmasına rəvac verib.
Ölkə Prezidenti İlham Əliyev paytaxt əhalisini ən çox narahat edən məsələlərdən biri olan parkinq problemi ilə bağlı dəfələrlə narahatlığını ifadə edib. Dövlət başçısı bununla bağlı deyib: “Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir”.
Eyni zamanda, ölkəmizdə bu sahə uzun illər nəzarətsiz qaldığından bəzi mərkəzi küçə və prospektlərdə ayrı-ayrı şəxslərin qazanc mənbəyi kimi açdıqları qeyri-qanuni parklanma yerləri də tıxacların yaranmasına və vətəndaşların haqlı narazlığına səbəb olurdu. Çox təəssüf ki, bəzi dövlət qurumlarının əməkdaşları belə özbaşınalıqların qarşısını almaq əvəzinə, bu qanunsuz əməllərlə məşğul olan şəxsləri himayə edib, hətta müəyyən sövdələşmələrə gedərək onlara şərait də yaradıblar.
Elə bu yaxınlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Bakı Nəqliyyat Agentliyi”nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin üstünün açılması da bunu təsdiqləyir. İstintaqla müəyyən olunub ki, agentliyin yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan strukturun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən, ümumilikdə, 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Avtomobillərin parklanmasına görə vahid ödəniş sisteminin olmaması və yığılan vəsaitlərin büdcədən yayınması kimi problemlər də ciddi narahatlıq yaradırdı. Artıq Prezident İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda respublikada dövlət parklanma yerlərindən daxil olan vəsaitləri toplayan qurumlar müəyyənləşdirilib. Yeni qaydaya əsasən, Bakı şəhərində parklanma vəsaitləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, regionlarda isə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən yığılacaq.
Yeri gəlmişkən, iyul ayının 25-dən etibarən Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı qüvvəyə minib. Qərara əsasən, Bakı şəhəri üzrə 4 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. Belə ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq mərkəzdən kənar zonalara keçdikcə, 70, 40 və 30 qəpik müəyyənləşdirilib. Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçün isə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub. Xatırladaq ki, yeni qərar yalnız dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert
Məlum olduğu kimi, parklanma özü-özlüyündə əhalinin şəhərdə mobilliyinin təmin edən əsas amillərdən biridir. Nəhayət, ölkəmizdə bu məsələ öz həllini tapır.
Artıq parklanma tarifləri də məlumdur. Düşünürəm ki, fərqli qiymətlərin müəyyən edilməsi olduqca liberal bir addımdır. Özü də qiymətlər çox əlçatandır. Məndə olan məlumata görə, bir neçə il əvvəl müvafiq qurumların parklanmanın tarifləri ilə bağlı dövlətə verdikləri təklifdə qiymətlər indikindən, təqribən, iki dəfə baha olub. Eyni zamanda, Nazirlər Kabinetinin təklif etdiyi güzəştlər isə, demək olar ki, mövcud deyildi. Amma göründüyü kimi, dövlət özünün sosial yönümlü siyasətini nəzərə alaraq parklanma qiymətlərini çox ucuz edib, hətta güzəştlər də müəyyənləşdirib. Belə ki, həftənin şənbə və bazar günlərində, eləcə də gecənin müəyyən saatlarında dövlətin balansında olan parklanma yerləri pulsuz olacaq. Eyni zamanda, hökumətin yeni qərarında o qeyd edilir ki, istər özəl, istərsə dövlətin balansında olan bütün parklanma yerlərində avtomobillərin saxlanmasının ilk 15 dəqiqəsi pulsuz olacaq.
Parklanma tariflərinin müəyyən edilməsi həm də sahibkarlara imkan yaradır ki, onlar paytaxtın, eləcə də Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində pulsuz parklanma yerləri yaradaraq qazanc əldə etsinlər. Bu isə ölkəmizdə dövlət-biznes dialoqunun daha bir bariz nümunəsidir.
Vətəndaşların rahatlığını və maliyyə şəffaflığını təmin etmək üçün parklanma ödənişləri nağdsız həyata keçiriləcək. Burda sistem elədir ki, vətəndaş mobil tətbiq vasitəsilə ödəniş edə biləcək. Bundan əlavə, ödəmə terminallarının yaradılması təklif olunur. Düşünürəm ki, bunlar parklanmanın xarakterindən asılı olaraq tətbiq edilə bilər.
Yer gəlmişkən, vətəndaşlar maraqlanırlar ku, bəs, parklanma nəzarətçiləri necə olacaq. Düşünürəm ki, onlar müəyyən müddət öz işlərinə davam edəcəklər. Həm də əvvəlkindən fərqli olaraq onların fəaliyyəti leqallaşdırılacaq, sosial təminatları olacaq. Parklanma nəzarətçilərinin sayı azalsa da, bu fəaliyyət növü tam avtomatlaşdırılanadək onlara ehtiyac olacaq. Parklanma ilə bağlı mobil tətbiqinin müsbət cəhəti ondan ibarət olacaq ki, artıq vətəndaşlar dövlətin balansında olan parklanma yerlərinin ünvanlarını da biləcəklər.
Ölkə Prezidentinin bununla bağlı imzaladığı sərəncamda o da qeyd olunur ki, parklanmadan yığılan vəsaitlər infrastrukturun və bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldiləcək. Bu da əlavə bir resurs deməkdir. Yeri gəlmişkən, parkinq dövlət büdcəsi üçün çox yaxşı gəlir mənbəyidir. 2-3 il bundan əvvəl Bakı şəhəri üzrə parkinqlərlə bağlı araşdırma aparmışdıq. Həmin araşdırma nəticəsində hər il il avtomobil parkinqindən, təqribən, 50 milyon manatadək vəsaitin dövlət büdcəsindən yayındırıldığı aşkar olunmuşdu. Artıq dövlətin nəzarətində olan parklanma yerlərini zəbt edib orada müəyyən qazanc əldə etmək məsələsi keçmişdə qalacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”