Şərqi Zəngəzurun iqtisadi potensialı hərəkətə gətirilir

post-img

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infrastrukturun yaradılması sürətlə davam etdirilir.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təqdirəlayiq işlər görülür, bölgədə iqtisa­di fəallığın təməli qoyulur. Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Par­kı Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Prezident fərmanın­da qeyd olunduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cə­nub istiqamətində giriş qapısı mövqeyinə malik olması adıçəkilən sənaye zonası­nın fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. 

Eyni zamanda, parkın logistik imkan­lar baxımından əlverişli ərazidə yaradıl­ması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edil­məsi Zəngəzur dəhlizi vasitəsilə Azər­baycandan Türkiyəyə və əks istiqamətə, eləcə də, Rusiyaya yüklərin daşınmasına imkan verəcək.

200 hektar ərazini əhatə edən par­kın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamlarının marağına səbəb olub. Bu­nun nəticəsidir ki, ötən müddətdə burada iş görmək arzusunda olan 5 sahibkarlıq subyekti rezident, 1-i isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək sə­naye parkının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən investisiya dəyəri 32,7 milyon manatdan çox olan layihələr təqdim olunub. Bu layihələrin reallaşdırıl­ması ilə “Araz Vadisi İqtisadi Zonası” Sə­naye Parkında 420 nəfərdən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Bu il iyunun 17-də “Araz Vadisi İqtisa­di Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı olub. Açı­lış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respub­likasının Rəisi Rüstəm Minnixanov iştirak edərək parkın ərazisində yaradılmış şə­raitlə tanış olublar. 

Qeyd edək ki, Rusiya və Azərbay­can birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Va­disi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oy­nayacaq. Burada işğaldan azad edilmiş ərazilərimizdə istifadə olunan 1500-dək nəqliyyat vasitəsinə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit av­tomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək. 

Servis mərkəzində texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühər­riklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxiliyanma mühərriklərinin yuyulması məntəqəsi fəa­liyyət göstərəcək. Bütövlükdə isə ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox vəsait xərclənib.

Hazırda ölkəmizdəki digər sənaye parklarında olduğu kimi, “Araz Vadisi İq­tisadi Zonası” Sənaye Parkında da sa­hibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, parkın rezidentləri dövlət vəsaiti hesabına qaz, işıq, su, ka­nalizasiya, daxili avtomobil və dəmir yol­ları, fiber-optik və s. hazır infrastrukturla təmin edilir. Bununla yanaşı, parkın re­zidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra vergilər­dən, o cümlədən istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıq­ların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rü­sumlarından azad olunurlar. 

Yeri gəlmişkən, bu il mayın 4-də Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sə­naye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olmaqla yanaşı, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sə­naye Kompleksi” MMC-nin də təməllərini qoyub. 

Xatırladaq ki, sənaye parkının 5 hek­tar ərazisində “Holcim Azərbaycan” ASC tərəfindən müasir texnologiyalar əsasın­da əmtəə beton və quru yapışdırıcı isteh­salı üzrə zavod inşa olunacaq. Bununla yanaşı, ərazidə sement satışı üçün ter­minal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisə­də Avropanın qabaqcıl texnologiyaların­dan istifadə ediləcək. 

Parkın digər rezidenti “Az-Tex-Im­port” MMC tərəfindən 2 hektar ərazidə in­vestisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yük av­tomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avto­mobillərinin yığımı nəzərdə tutulur. İta­liya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. 

“İmprotex Qarabağ Sənaye Komplek­si” MMC tərəfindən isə “Araz Vadisi İqti­sadi Zonası” Sənaye Parkının 5 hektarlıq ərazisində dəyəri 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xü­susi təyinatlı texnika və metal məmulatla­rın istehsalı nəzərdə tutulur. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. İs­tehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. 

Göründüyü kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırıla­caq layihələr bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına və yerli istehsalın inkişafına böyük təkan verə­cək. Eyni zamanda, parkın ərazisində çoxsaylı iş yerləri açılacaq ki, bu da ölkə üzrə məşğulluq səviyyəsinin yüksəlmə­sinə əlavə imkanlar yaradacaq.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat